Bakıda taksilərə avtobus zolaqlarından istifadə hüququ veriləcək?

Bakıda taksilərin avtobuslar üçün ayrılmış xüsusi hərəkət zolaqlarından istifadə etməsi gündəmə gətirilib.
Avtosfer.az xəbər verir ki, Milli Məclisin bugünkü iclasında çıxış edən deputat Vasif Qafarov bu təşəbbüsün nəqliyyat sisteminin səmərəliliyini artıracağını bildirib. Onun sözlərinə görə, mövcud qanunvericiliyə əsasən taksilər ictimai nəqliyyat vasitəsi hesab olunur və bir çox ölkələrdə bu təcrübə uğurla tətbiq edilir.
Millət vəkili qeyd edib ki, Bakı şəhərində rəsmi platformalarda qeydiyyatdan keçmiş taksilərə avtobus zolaqlarında hərəkətə icazə verilməsi yol hərəkətinin daha ağıllı şəkildə idarə olunmasına imkan yaradar. Deputatın fikrincə, bu yanaşma tıxacların azalmasına, nəqliyyat axınının sürətlənməsinə və sərnişinlərin məmnunluğunun yüksəlməsinə müsbət təsir göstərə bilər.













