Bakıda tank yolları

Xəbərlər 7 Fevral 2015 22:53 Oxunub 2362
Bakıda tank yolları
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Azərbaycan paytaxtının magistral yollarının əsas təhlükəsi

Dekabrın sonlarından başlayaraq Bakının Badamdar qəsəbəsinin sakinləri yeni problemlərlə üzləşiblər. Anspress-ə şikayət edən sakinlər qəsəbədən keçərək "20-ci sahə"yə enən yolun təmirinə başlamasından şikayət edirlər. “Qış vaxtıdır, yağışdan-qardan günlərlə iş getmir, amma yol bağlı olur. Tıxaclardan evə saatlarla gec gedirik”, - deyə Badamdar sakinləri gileylənirlər. Hazırda bu problemlə təkcə Badamdar sakinləri deyil, şəhərin bir çox məhəllələrinin sakinləri qarşılaşır. Metronun “İçərişəhər” və “20 yanvar” stansiyaları yaxınlığında, Keşlədə, Tbilisi prospektində, Günəşli massivində və s. yerlərdə sərnişinlər çox ləng gedən yol-təmiri üzündən tıxaclarda qalırlar. “Görmüşdük, yolu yayda, özü də gecə vaxtı təmir edərlər. Yəni anlamırlar ki, camaat yollarda vaxt itirir?”, - deyə redaksiyaya daxil olan zənglərdə bildirilir. 

Nəqliyyat üzrə ekspert Məzahir Rüstəmovun fikrincə, yolların çəkilişinə qış vaxtı başlanması ayrılmış büdcə vəsaitlərini ilin sonuna kimi işlətmək naminə edilir. "Amma bu yolun keyfiyyətsiz çəkilişinə səbəb olur. Yol nəm və soyuq olur, asfalt yaxşı bərkimir",- deyə ekspert bildirib. 

Araşdırmalar göstərir ki, əsas problem asfaltın qruntun üzərinə soyuq tökülməsi ilə bağlıdır. Keyfiyyətli yol əldə etmək üçün asfalt yola 120-130 dərəcə altında tökülməli və həmin temperatur altında preslənməlidir. Bunun üçünsə asfalt zavoddan 160 dərəcə altında çıxmalıdır. Bu, yolun gələcəkdə həm yüksək yüklənməyə, həm də yüksək şaxtalara dözümünü təmin edir. Hazırda bəzi ölkələrdə 180 dərəcə altında tökülən asfalt texnologiyası tətbiq edilir ki, bunun şaxtaya və ağırlığa dözümü daha artıqdır. Belə yol 10 dərəcə şaxtaya dözür və istismar müddəti 30 ilə qədərdir. Azərbaycanda hələ ki, bu texnologiyadan körpülərin üzərinə asfalt tökərkən istifadə edilir. Bahalı olduğundan yollarda tətbiq edilmir. 

Amma son illərin təcrübəsi göstərir ki, Fəhlə prospekti, Zığ - Hava limanı yolu, Atatürk prospekti, Azadlıq prospekti, Bakı - Ələt yolu kimi yeni çəkilmiş yollar istifadəyə verildikdən bir neçə ay sonra yenidən dağılır və yenidən təmirə ehtiyac yaranır. Halbuki, sovet illərində çəkilən yollar on illərlə istimardan sonra belə vəziyyətə düşürdü. 

Bakıda şəhər daxili yollar çəkilərkən şirkətlərin ucuz asfalta qaçması da aşkar edilib. Belə asfaltda parafinin səviyyəsi yüksək olur. Sovet illərində tərkibində parafin yüksək olan bitum asfalt üçün yararsız sayılırdı və Bakının Balaxanı kəndinin yaxınlığında çalaya tökülürdü. Çünki təbii bitumu parafindən təmizləmək xüsusi texnologiya tələb edən bir prosesdir və bitumun qiymətini artırır. SSRİ-də belə texnologiya yox idi və asfalt parafinsiz bitumdan hazırlanırdı. Amma Azərbaycan müstəqillik qazandıqdan sonra məsələyə fikir verən olmadı və şirkətlər Balaxanı yaxınlığındakı çökəklikdən tullantı bitumu daşıyaraq asfalt düzəltdilər. Nəticədə, bu şirkətlərin ucuz asfaltla çəkdiyi yollar şaxtalara dözmür və dağılır. 

Məzahir Rüstəmov Azərbaycanda yol tikintsinin əsas problemləri sırasında qruntun yaxşı preslənməməsini də göstərir: “Məsələn, hər hansı kommunikasiya xəttini çəkmək üçün xəndək çəkilir və ya çala qazılır, sonra onun üstü torpaqlanır, malalanır və yaş-yaş üstü asfaltlanır. Belə asfalt nə şaxtaya, nə də istiyə duruş gətirə bilmir”. Ekspert Almaniyanın təcrübəsindən yararlanmağı məsləhət görür: “Bu ölkədə hələ Hitlerin vaxtında çəkilmiş yollar istifadə edilir. Çünki yolları çox əsaslı tikirlər”. 

Təsadüfi deyil ki, bir-iki il qabaq Dünya Bankı tərəfindən Almaniya yolları dünyanın ən yaxşı yolları sayılıb. Həmçinin, Dünya İqtisadi Forumu tərəfindən dünyanın 144 ölkəsi arasında yolların keyfiyyəti üzrə tutulmuş reytinq siyahısında Almaniya ilk onluğa daxil olub. Bu ölkədə yollarda çuxur yaranmısını, asfalta yamaq vurulmasını anlaya bilmirlər. Hələ Hitlerin zamanında tikilmiş yolların əksəriyyəti hələ də təmirsiz işləyir. Məsələ bundadır ki, Hitler yolları tankların hərəkəti üçün tikdirirdi və hətta iri yük avtomobilləri belə həmin yolları dağıda bilmir. Almaniyada indi də yolları həmin əsaslarla tikirləri və bildirirlər ki, yollar əsrlərlə xidmət etməlidir. Yolun çəkilməsindən əvvəl onun altında xüsusi olaraq iki metr qalınlığında altlıq çəkilir. Altlıq dörd laydan - əsas, drenaj, dəstəkləyici və dempfer laylarından ibarətdir. 

Azərbaycanda isə yol tikintisində yalnız qruntun preslənməsi tətbiq edilir. Bəzi şirkətlər qruntu 9 lay, bəziləri isə 6 lay presləməkdən danışırlar. Yəni yollarımızın alman yollarına çatmasına çox var. Təsadüfi deyil ki, Dünya İqtisadi Forumunun sözügedən reytinq siyahısında Azərbaycan 67-ci yerdədir. Ölkəmiz hətta siyahıda 56-ci yer tutmuş Gürcüstandan da geridədir. Bunu yol tikintisi ilə məşğul olan başbilənlər nəzərə almalıdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh