Reklam

Bakıda yol polisi özü qayda pozdu, cəriməni sürücüyə yazdı - Şikayət

Xəbərlər 26 Dekabr 2016 01:39 Oxunub 13692
Bakıda yol polisi özü qayda pozdu, cəriməni sürücüyə yazdı - Şikayət
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol polisi əməkdaşı sürücünü saxlayandan sonra qeyri-adı üsullara əl atıb

Dekabrın 25-də saat 15:10 radələrində yol polisinin özünün yol hərəkəti qaydalarını pozması, məsuliyyəti sürücünün üzərinə ataraq cərimə yazması barədə Avtosfer.az-a məlumat daxil olub. Bu barədə Fuad Məmmədov adlı jurnalist öz Facebook səhifəsində yazı paylaşıb. Yazını olduğu kimi dərc edirik:

“Bu gün (dekabrın 25-də - red.) Tbilisi prospektində yerləşən “IST Petrol” yanacaqdoldurma məntəqəsindən Tbilisi prospektinə çıxırdıq. “Mazda-3” markalı 10-UP-034 dövlət nömrə nişanlı minik maşınını həyat yoldaşım idarə edirdi, mən isə sərnişin qismində avtomobildəydim. Nəqliyyat Nazirliyindən üzü mərkəzə doğru gələn axının tam dayanmasını gözlədik. İşıqforun qırmızı işığı onlar üçün yananda Tbilisi prospektindən Şəfaət Mehdiyev küçəsinin kəsişməsindəki işıqforun (prospektdən «20 Yanvar» metrostansiyası istiqamətinə gedənlər üçün “U” dönüşündəki işıqforun) yaşıl işığı yandı, nəqliyyat vasitələrinin keçməsini gözlədik, sonra ehmalca yola çıxarkən, 99-YP-327 dövlət nömrə nişanlı yol patrul ekipajı sürəti artırıb “U” dönüşünə daxil oldu və sayrışan işıqları yandırdı. Yoldaşım yeni sürücüdür deyə, məsələni tam başa düşmədi və bunu yol polisinin yol istədiyi kimi qəbul etdi. Polis “saxla” əmri verdi. Saxladıq. Avtomobilə yaxınlaşan polis sıravisi Əliyev Nüsrət Zirəddin oğlu əvvəlcə iddia etdi ki, biz YDM-dən çıxarkən “U” dönüşündəki işıqforun qırmızı işığında çıxmalıymışıq. İzah etdim, köməyinə ekipajdakı digər yol patrul xidməti inspektoru gəldi, dedi ki, siz düz deyirsiz, işıqforun işığının fərqi yoxdur, siz yol boş olanda çıxmalıydız. Bildirdim ki, biz çıxanda yol boş idi, siz yolda təhlükəsiz hərəkəti təşkil etmək əvəzinə, sürəti artırırsınız, gəlib avtomobilə çatırsınız və sizdən başqa solda heç bir nəqliyyat vasitəsi yox idi. Dedi, onda mən yenə də yazım cəriməni, “qərarsız vurum”, 10 gün ərzində şikayət edə biləsiniz. İzah etdim ki, siz hətta qərarlı vursanız belə mən 10 gün ərzində şikayət edə bilərəm və idarəyə getməyə ehtiyac yoxdur – elektron qaydada şikayət edəcəm (Bunu özləri bilmirdi). Protokolda şikayət yazmaq üçün yeri göstərdi, yoldaşıma dedilər özün yazmalısan. Belə bir dialoq oldu aramızda:

Mən: - Yaz ki, protokolla razı deyiləm...

Polis: -Vətəndaş, özü yazmalıdır protokolu, siz kömək etməli deyilsiniz.

M: -Bunu sizə kim deyir? Təcrübəsi yoxdur, kömək edirəm.

P: -Bunun özü qanuna ziddir (?-red.). Özü yazmalıdır. Təcrübəsi yoxdursa, şəhərin içində niyə maşın sürür?

M: -Sürücülük vəsiqəsini Yol Polisi verib, mən verməmişəm. Sürə bilir ki, veriblər. Demədim sürə bilmir, deyirəm ki, protokola fikrini yaza bilməyəcək.

Xülasə, imkan vermədi yazmağa, biz də orada yazmadıq, sadəcə bircə onu yaza bildik ki: “Protokolla razı deyiləm”.

Həmin yol polisinə, bu məsələyə uzun-uzadı reaksiya verəcək rəsmilərə üzümü tutub deyirəm ki, cənablar;

1) yol polislərinə təlim keçməmiş yollara buraxmayın, sürücünü niyə saxladıqlarını intuisiya ilə bilə bilərlər, amma izah edə bilmirlər, iki ayrı saxlanma səbəbi dedilər. 2) Ayıbdır, «Təhlükəsiz şəhər» kameralarından baxın, görün orada xam sürücüləri təlaşa salan yol polisinizdən başqa hərəkət iştirakçısı varmı?

3) Təcrübəsiz yol polislərini qanunla tanış etmək lazımdır – xüsusilə də «Yol hərəkəti haqqında» Qanunun 5-ci fəslinin 76-cı maddəsi ilə, görsünlər ki, belə hallarda qaydanı pozan kimdir?

4) TŞ kamerasını açmışkən, 10 dəqiqə əvvələ də baxın, digər yol patrul xidməti ekipajının həmin YDM-a dönər almaq üçün çıxışdan girdiyini də görəcəksiniz.

5) Mümkünsə, ora baş çəkin, həqiqətən də oradan əsas yola çıxan sürücülər əziyyət çəkir, nişan yoxdur, manevr qaydaları istər-istəməz pozulur – sürücü Tbilisi prospektinə çıxmaq üçün 2 zolaq dəyişməlidir. Ehtiyac olarsa, bordürü bir az geriyə çəkmək olar, bəlkə də işıqfor qoymaq zərurəti var. Axı yol polisinin bir nömrəli vəzifəsi yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinin təşkilidir, cərimə yazmaq üçün bəhanə axtarmaq yox”.

Fuad Məmmədovun yazdıqlarından belə aydın olur ki, onun olduğu avtomobil yolayrıcına daxil olarkən yol boş olub, DYP əməkdaşları sonradan onlara qəfil yaxınlaşıblar. Bu halda, DYP əməkdaşları unudublar ki, yolayrıcına daxil olan nəqliyyat vasitələrinin hərəkəti başa çatdırmasına imkan verməli idilər. Bəlkə də, qaydanı onlar pozub, amma protokolu səhvən sürücüyə yazıblar…

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh