Bakıətrafı qəsəbələrin ictimai nəqliyyat problemi - Hansı addımlar atılmalıdır? - FOTO
Yeni tədris ilinin başlamasına günlər qalır.
Beynəlxalq tədbirlərə və yeni tədris ilinə hazırlıq fonunda paytaxt yollarında tıxaclar, ictimai nəqliyyatda sıxlıq hərgün daha da artır.
Yollara məsul olan dövlət qurumları da bu sıxlığın, tıxacların aradan qaldırılması istiqamətində müəyyən işlər görür. Eyni zamanda paytaxt sakinlərinə tövsiyə olunur ki, ictimai nəqliyyata üstünlük versinlər.
Ancaq müşahidələr göstərir ki, ictimai nəqliyyat hələ də istənilən səviyyədə deyil. Xüsusən də Bakıətrafı kənd və qəsəbələrdə hələ də ictimai nəqliyyətin vəziyyəti yaxşı deyil.
İndiyəqədər ictimai nəqliyyatın inkişaf etdirilməsi istiqamətində işlər görülsə də bu kifayət deyil.
Məsələ ilə bağlı nəqliyyat məsələ nəqliyyat məsələləri üzrə ekspertlərin fikirlərini öyrənməyə çalışdıq.
Məsələ ilə bağlı danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib ki, Bakı şəhərində ictimi nəqliyyatla bağlı vəziyyət heç də yaxşı deyil.
“Çünki hələ say məsələsində geridə qalmışıq, Bakı şəhərində 2600 avtobus zəruridirsə, cəmi 2000 min avtobus xəttə çıxır. Bildiyim qədərilə bu il əlavə 100 avtobusun da xəttə buraxılması nəzərdə tutulur. Ümumi avtobusların sayı ilə götürsək, 2100 avtobus olacaq, həmin avtobusların da demək olar ki, yarısı pis vəziyyətdədir, kondisionerləri yoxdur, istilik sistemləri düzgün deyil”.
E. Muradlı qeyd edib ki, şəhərin mərkəzində infrastruktur müəyyən qədər qurulsa da ətraf kənd və qəsəbələrlə bağlı bunu deyə bilmirik.
“Mən bu yaxınlarda Qala, Binə qəsəbələrində sakinlərdə görüşmüşəm, onlar avtobus əlindən qan ağlayırlar. Eyni məsələ Masazır qəsəbəsinə də aiddir. Orada 525 nömrəli bir avtobus var, istədikləri vaxt gəlirlər, istədikləri vaxt gəlmirlər, texniki baxımdan pis vəziyyədirlər. Ancaq təəssüf ki, illərlə davam edən problem hələ də həllini tapmır. Bu yanaşmalar dəyişməlidir, insanlara xidmət təşkil olunmalıdır. İnsanara “fərdi nəqliyyat vasitənizdən istifadə etməyin, ictimai nəqliyyatdan istifafə edin” demək söz xatirinə olmamalıdır. Əgər yaxşı ictimai nəqliyyat olsa, əhali özü fərdi nəqliyyat vasitəsindən imtina edib ictimai nəqliyyata üz tutacaq. Onlar üçün normal şəraitli ictimai nəqliyyat təşkil olunmalıdır. Belə olmasa bu problem həllini tapmayacaq. Hərbir halda bu məsələlər sistemlii şəkildə həll olmalıdır”.
Nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, hal-hazırda şəhərdə iki beynəlxalq tədbirin keçirilməsi ilə əlaqədar bəzi məhdudiyyətlər tətbiq olunur və əsaslı təmir, tikinti işləri aparılır.
“Bu da fəsadsız ötüşmür. Yəni adi, hələ məktəbə qədər şəhər yollarında müəyyən sıxlıq var. Müəyyən gecikmələr var, bu da COP29 tədbiri ilə əlaqədardır.
Düşünürəm ki, yeni görülən işləri səfər təşkilinin alternativləri kimi qiymətləndirə bilərik. Yəni eyni küçədə keçən illə bu il arasında fərq odur ki, hər hansı bir sıxlıq müşahidə olunanda alternativ vasitələr formalaşır, yəni piyada infrastrukturu, velosiped zolağı şəbəkəsi, avtobusun zolağı şəbəkəsi və sair həllər sürətli hərəkəti təmin etmək üçün imkan yaradır. Bütün bunlarla yanaşı elan olunmuş, amma hələ ki, təsdiqini gözləyən bir qərar var. Daşıyıcıların maliyyə dayanıqlığını təmin etməkdən ötrü brutto müqavilələrin, biznes modelinə keçidi, bu da daşıyıcılara hər kilometrə görə subsidiyanın verilməsi kimi həlləri özündə ehtiva edir. Həmçinin bu işə düşdüyü təqdirdə biz tələblərimizdə daha sərt ola bilərik. Çünki daşıyıcılara subsidiya veriləndən sonra xidmət keyfiyyətinin yüksəldilməsi, sürücülərin maaşlarının artırılması, bilet paketləri çeşidlərinin yaranması, bir nəqliyyat növündən digərinə pulsuz keçidlər kimi həlləri bu keçiddən sonra təmin etmək olar. Şəhərətrafı kənd və qəsəbələrə avtobusların vəziyyəti o qədər də ürəkaçan deyil, Amma bu tendensiya dəyişir. Bu istiqamətdə də işlər görülüb, bəzi şəhərətrafı qəsəbələrə də müasir avtobuslar hərəkət edir. Amma qeyd etdiyim o biznes modeli dəyişəndən sonra artıq daşıyıcılar bu sahəni daha da cəlbedici edə bilərlər və dövlətin də, cəmiyyətin də tələblərində daha sərt olması doğru olar. İndiki vəziyyətdə şəhərə bacardıqca ictimai nəqliyyatla gəlmək və yaşadığı məntəqədə yaxın olan məktəblərə getmək daha məqsədəuyğun olar".
Bəzi qəsəbələrə işləyən "Bakubus" avtobuslarının siyahısı
“Düşünürəm ki, dəmir yolunun inkişafı şəhərətrafı kənd və qəsəbələrdən şəhər mərkəzinə hərəkət və şəhərin daxilində də bəzi stansiyaların inşası ümumi şəhər mobilliyinə müsbət təsir edər – deyə R.Ağamirzəyev əlavə edib:
“Baş planda qeyd olunmuş bəzi istiqamətlər var. Onlardan biri də Binəqədi istiqamətidir. Mövcud şəbəkə yaxında yerləşir, oradan üzü şimala sənaye yolları var və onları təkmilləşdirib, stansiyaların əlçatanlığını təmin edib Binəqədidən şəhər mərkəzinə daha sürətli, daha komfortlu əlaqəni təmin etmək olar. Həmçinin mövcud şəbəkədə əlavə dəmiryol dayanacaqlarının qurulmasına ehtiyac var. Dərnəgül, Keşlə, Nərimanov, Böyükşor və s.bu dayanacaqlar da şəhərdə sərnişin axınının parçalanmasına gətirib çıxaracaq və digər istiqamətlərin də eynilə yenidən qurulmasına ehtiyac var. Bəzi işlər görülür, amma bəzilərinə investisiya tələb olunur, düşünürəm bu, daha tez nəticə verə biləcək bir investisiya olacaq”.
R.Ağamirzəyev əlavə edib ki metro şəbəkəsinin də qurulması vacibdir.
"Amma metro daha baha başa gələn bir növdür və orada da fərqli istiqamətlər olmasa olmazdır. Amma dəmir yolu ilə bağlı bizim mövcud infrastrukturumuz var. Yol örtüyünün uzun illər sonra yenilənməsi, hərəkət tərkibi var və əlavə də sifariş olunub. Onlar da bu ilin sonuna kimi gələcək və yeni tələblərə uyğun sifarişlərin verilməsinə də ehtiyac var. Amma bunlar daha qısa müddətdə ola biləcək. Yəni üç-beş il ərzində bu məsələni çox sürətlə icra etmək olar. Yetər ki, investisiya cəlb olunsun və bu istiqamətdə real işlər görülsün. İnsanların da rahat mobilliyi təmin olunsun”.
(1news.az)