“Bəzən deyirlər ki, ordu filan kəndə nəzarət edirsə, niyə daxil olmur?” - Aprel döyüşçüsü

Xəbərlər 31 Oktyabr 2020 18:20 Oxunub 1172
“Bəzən deyirlər ki, ordu filan kəndə nəzarət edirsə, niyə daxil olmur?” - Aprel döyüşçüsü
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Dünəndən sosial şəbəkələrdə yayılan videoda işğaldan azad etdiyimiz Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində düşmənin bu illər ərzində qurduğu istehkamlar, beton laylarla örtülmüş səngərlər müzakirələrə səbəb olub və  bu kadrlar döyüşlərin necə çətin şəraitdə aparıldığını bir daha sübut edir. 

Prezident İlham Əliyev də bir neçə dəfə bu mövzuya toxunub və qeyd edib ki, Füzuli uğrunda ağır döyüşlər olub: ”Vaxt keçəcək, bu döyüşlər haqqında kitablar yazılacaq, əsərlər yazılacaq. Doğrudan da, çox böyük peşəkarlıq, məharət, şücaət, fədakarlıq tələb edən döyüşlər idi. Çünki bu 30 il ərzində düşmən təmas xəttində o qədər möhkəm istehkam qurmuşdur ki, bəziləri hesab edirdi ki, Füzuli şəhərini işğaldan azad etmək mümkün deyil. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini götürmək, onu işğaldan azad etmək üçün aylarla vaxt lazım olacaq, bu əməliyyat uğurla nəticələnəcək ya nəticələnməyəcək, hələ böyük sual altında idi. Ancaq müzəffər Azərbaycan Ordusu bu şərəfli missiyanın öhdəsindən gələ bildi və qısa müddət ərzində Füzuli rayonunun əksər kəndləri və Füzuli şəhəri düşmənin tapdağından azad edildi”.

Bu gün Azərbaycan Ordusu yalnız bir şəhər uğrunda yox, işğal altında qalan torpaqların hər bir qarışı uğrunda döyüşür. Ali Baş Komandan da “Mən heç vaxt Ordu qarşısında “bu tarixdə filan yeri alacaqsan” tapşırığı qoymamışam” deyə açıqlayıb.

Avtosfer.az-ın məlumatına görə peşəkar hərbçi, ehtiyatda olan polkovnik Şair Ramaldanov “Qafqazinfo”ya  açıqlamasında bildirib ki, ermənilər 30 il ancaq müdafiə üçün istehkam qurmaqla məşğul olublar: “Ermənilər 30 il müdafiədə elə-belə oturmayıblar ki. Bu illər ərzində onlar müdafiə ilə bağlı bütün tədbirləri görüblər. Bütün müdafiə zolağında betondan, dəmirdən güclü müdafiə-istehkam işləri aparıblar. Yəni bunlar 30 il ancaq bununla məşğul olublar. Burada təəccüblü bir şey yoxdur. Çünki onlar da bilirdilər ki, Azərbaycan Ordusu gec-tez öz torpaqlarını işğaldan azad etmək üçün əks-hücum əməliyyatlarına başlayacaq. Azərbaycan da heç vaxt bu barədə mövqeyini gizlətməyib. Ermənilər də müdafiə üçün bütün tədbirləri görüblər. 

Dağlıq Qarabağda olan yaşayış məntəqələrinə doğru getdikcə ərazilərin daha da çox möhkəmlənməsini görürük. Müdafiə Nazirliyi mütəmadi olaraq döyüşlər haqda məlumat verir, Ali Baş Komandan, cənab Prezident İlham Əliyev Tvitterdə azad edilən yerləri açıqlayır. Azərbaycan Ordusunun bölmələri harda olur-olsun, döyüşlər xaotik şəkildə getmir, döyüşlərin özünün planı var. Cənab Prezidentin dediyi kimi planlar ona məruzə olunur, o təsdiqlədikdən sonra icra edilir. Döyüşlər necə aparılır, hansı məntəqələrin azad olunduğu planlı şəkildə açıqlanır. Azərbaycan Ordusu qarşısına qoyulan tapşırığı yerinə yetirməkdə davam edir. Gəlin onlara uğurlar arzulayaq və gözləyək”.

Aprel döyüşləri iştirakçısı, Qarabağ qazisi Hikmət Məmmədov açıqlamasında qeyd edib ki, döyüşlər əvvəlcədən müəyyən olunmuş plan üzrə gedir: “Bu gün Azərbaycan Ordusu döyüş meydanında öz gücünü göstərir. Onların 30 il ərzində qurduğu beton istehkam qurğularını dağıtdıq. Təbii ki, çox çətin idi, buna baxmayaraq biz onları məhv etdik. Onlar elə düşünürdü ki, birinci Qarabağ müharibəsində qarşılaşdıqları ordu ilə üzləşəcəklər. Çünki biz nə qədər çox sürətli irəliləsək, itkimiz də o qədər çox ola bilər. Biz çalışırıq ki, itkiləri minimuma endirə bilək. Hər kəs istəyir ki, sevinək və sevincimizi qeyd edək. Amma həqiqətən tələsmək lazım deyil. Hər şey plana və taktikaya uyğun gedir, Azərbaycan Ordusu öz gücünü göstərir və düşmən qaçır, bunu da hər kəs görür”. 

Ehtiyatda olan kapitan H.Məmmədov iştirak etdiyi “Aprel döyüşləri” zamanı Azərbaycan Ordusunun dağıtdığı “Ohanyan xətti”nin necə qurulmasını təsvir edib:

“Mühəndis cəhətdən hazırlanmış bir xətt idi. Orada çoxlu səngərlər qazılıb, üstünə “setka”lar çəkilmişdi. “Dod”ların üstü betonlanmışdı ki, hər hansı mərmi düşəndə dağılmasın. Lezva tipli tikanlı məftillər çəkilmişdi, toxunanda lezva kimi kəsirdi. Onlar 30 il fikirləşiblər ki, biz necə hərəkət edə bilərik və bunun qarşısını necə ala bilərlər. Buna uyğun da istehkamlar qurublar. Tankların hərəkətinə maneə olmaq üçün səngərlər qazılmışdı, tanklar keçə bilmirdi, aşırdı. Bunlar məhv edildi. İndi isə onlar ilk Qarabağ döyüşlərində yüksəklikləri ələ keçirdiyi üçün bu gün biz aşağıdan yuxarıya doğru hücum edirik. Ona görə də biz ehtiyatlı olmalıyıq. Biz Qubadlını işğaldan azad etdikdən sonra oradakı yüksəkliklər imkan verir ki, Laçın dəhlizinə nəzarət edək. Bəzən insanlar deyir ki, Ordu filan kəndə nəzarət edirsə, niyə daxil olmur. Nəzarət odur ki, biz kəndi görürük, oradakı düşmən hərbi birliklərini vururuq. Amma kəndə daxil olmaq üçün öncə kəndin ətrafındakı bütün yüksəklikləri də azad etməliyik”. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh