Bir zamanların fenomen hakimi idi, indi “parkovşik” işləyir... – Akif Adıgözəlovla MÜSAHİBƏ

Bir zamanlar fenomen idi... Adı tribunalardan, səsi teleekranlardan gəlirdi. Ölkəmizin ən tanınan futbol hakimlərindən biri idi...
İndisə Sumqayıt şəhərinin Nəriman Nərimanov küçəsində “parkovşik”lik edir. Yaşadığı acılı-şirinli xatirələrin kölgəsində ayaqda qalmağa, qazandığı qəpik-quruşla ailəsinə dəstək olmağa çalışır...
Söhbət futbol üzrə Respublika dərəcəli hakim Akif Adıgözəlovdan gedir.
Bir zamanlar Premyer Liqanın əsas hakimlərindən biri olan bu şəxs prinsipial qarşılaşmalarda ədalət təmsilçisi olub. Amma bir çox hallarda ədaləti sona qədər müdafiə edə bilməyib.
Səbəbsə yuxarıdan gələn təzyiqlər, tapşırıqlar olub. Prinsipiallıq nümayiş etdirəndə isə sevdiyi peşəsindən qovulub.
Olanları-keçənləri bir daha vərəqləmək üçün Akif bəyin çalışdığı əraziyə yaxınlaşdım. Məni də “kliyent” bilib avtomobilimə yer göstərdi. Yaxınlaşıb özümü təqdim etdim. Gülümsədi.
“Hə, arada jurnalistlər gəlir, söhbətləşirik. Sağ olun”deyib razılığını bildirdi. Söhbət üçün onu yaxınlıqdakı kafeyə dəvət elədim. İmtina etdi - “iş başındayam, olmaz” dedi.

Bu dəfə soyuq olduğu üçün onu avtomobildə oturub söhbət eləməyə dəvət etdim. Ancaq çox nəzakətlə bu təklifimdən də boyun qaçırdı:
“Yox, çox otura bilmirəm. Ayaqlarım ağrıyır. Oturub-duranda ayaqlarım məni çox incidir”.
Məni qolumdan tutub, külək tutmayan yerə çəkdi. Həm də dayandığımız yerdən Akif bəyin “uçaskası” çox aydın görünürdü. Qulağı məndə olsa da gözü ərazidə idi.
- Akif bəy, hakimliyə gedən yolunuzdan danışa bilərsinizmi?
- Bilirsiniz, mən futbolu çox sevirəm. Uşaq vaxtlarından futbol məşqlərinə gedirdim. Hətta Sovetlər dönəmində Sumqayıtın uşaq futbol məktəbinin xətti ilə tez-tez Ukraynaya getmişəm. Orada yaxşı təlim keçirdilər... Böyüyəndə isə Sumqayıtın o zamankı komandasında -“Xəzər”də oynamışam. Futbol karyeramı başa vurandan sonra hakimliyə başladım. Əsasən yan xətti hakimi kimi çıxış edirdim.
- Bəs necə oldu ki, hakimlikdən uzaqlaşdınız?
- (Gülür) Səbəb kimi yaşımı göstərdilər. Amma əsl səbəb başqa idi. Mən gənc yaşlarımdan namaz qılanam. Namaza başlayanda da özümə söz verdim ki, evimə haram tikə gətirməyəcəm. Hakimlik dönəmində pis dolanmırdım. Yan xətt hakimi kimi ayda üç oyuna çıxırdım. Hər oyuna görə də 350 manat qonorar alırdım.
Amma bir hadisə hər şeyi korladı. İndi çox populyar olan bir komanda ölkə çempionu olmaq istəyirdi. O zaman da oyunlar çox zaman satılırdı. Həmin komanda “MKT-Araz”la qarşılaşırdı. Oyundan əvvəl baş hakim mənə dedi ki, “tapşırıqdı, “MKT-Araz” uduzmalıdır”. Dedim ki, “mənlik deyil, qoy güclü olan qalib gəlsin”.
Qarşılaşmanın birinci hissəsi heç-heçə başa çatmışdı. Soyunub-geyinmə otağında çay içirdim. Birdən qapı açıldı. O biri komandanın prezidenti yanında iki nəfərlə mənə yaxınlaşdır. “Baş hakimi niyə eşitmirsən? Sənə pul lazım deyil?”-dedi. Mən isə cavab verməyib, bayrağımı götürüb meydançaya getdim. Oyundan sonra məni Hakimlər Kollegiyasına çağırdılar. Dedilər ki, “hakimlər səndən şikayətçidir. Heç kim sənlə işləmək istəmir”. Beləcə sevdiyim peşəmdən məni çıxartdılar.
Bir ay işsiz qaldım. Bir dostum vardı, “əliuzun” adam idi. İşdən çıxmağımı eşidib, mənimlə görüşdü. Dedi ki, “narahat olma, dostlardan xahiş edərəm” . Həqiqətən də onun dediyi kimi oldu. Məni yenidən işə dəvət etdilər. Amma bəzi “tövsiyələr” də verdilər. Lakin məni daha əvvəlki kimi prinsipial oyunlara yazmırdılar. Beləcə, 2014-cü ildə yaşımla əlaqədar hakimlikdən uzaqlaşdım. İndi də görürsünüz də...
- Ötən illərdə heç sizinlə maraqlanan olubmu? Axı siz həm futbolçu, həm də hakim kimi yaxşı təcrübəyə sahibsiniz...
- Xeyr, heç kim maraqlanmayıb... Amma, futbol üçün çox darıxıram.
- İndi futbolla maraqlanırsınız?
- Vaxtım olanda baxıram. Açığı çox yoruluram. Hər gün 12 saat burda ayaq üstə dayanıram. Evə gedəndə halım qalmır.
- Gündə nə qədər qazanırsınız?
- Gündə 5 manat “plan” verirəm. Özümə də qalır də... 5-6 manat.
Akif bəyin fikri ərazidə qaldığı üçün söhbəti çox uzatmadım. Əlimi cibimə salıb, duracağa görə ödəniş etmək istədim. Güldü, “müəllim ayıbdır, qonağım olun” deyib gülə-gülə uzaqlaşdı. Və “gəldim, gəldim” deyib arxada dayanan avtomobil sahibinə tərəf qaçdı...

Kənardan dayanıb baxıram...
Bir zamanlar əlində bayraq meydan boyu qaçıb futbolumuzda ədaləti qorumağa çalışan Akif Adıgözəlov 62 yaşında hər gün Nəriman Nərimanov küçəsində sürücüləri nizama dəvət edir, hər kəsdən qaydalar çərçivəsində maşın saxlamağı tələb edir.../bizim.media
Sürücülərin DİQQƏTİNƏ: Bakının əsas yollarından birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - FOTO
Bakıda daha bir ərazidə söküntü başlayır - Tunel tikiləcək - VİDEO
Londondan Dehliyə uçan təyyarə Bakıda məcburi eniş etdi
Yollarda görmə məsafəsi məhdudlaşacaq
Yolda məhdudiyyət tətbiq edildi; bu küçələrdə sıxlıq yarandı
Müğənni Dəniz Əsədova hakim qarşısında - FOTO
Aqşin Fatehin restoranında saxta viski satılırmış - FOTOLAR
İlham Əliyev Əbu-Dabidəki mərasimdən görüntülər paylaşdı - VİDEO
Əliyevlə Paşinyanın geniş tərkibdə görüşü keçirilir - FOTO - VİDEO - YENİLƏNİB
İlham Əliyev müraciət ünvanladı
Onlar Bakıya buraxılmayacaq - QƏRAR










