Brakonyerlər Ağstafada balıqları məhv edir - Vətəndaşdan nazirə ŞİKAYƏT - VİDEO

Ağstafa rayonunda qanunsuz balıq ovu ilə məşğul olan şəxslər təbiəti məhv edirlər. Bu barədə oxuculardan biri qeydə aldığı videonu Avtosfer.az-ın qaynar xəttinə göndərərək şikayət ünvanlayıb. Onun sözlərinə görə, hadisə Ağstafa rayonu, Poylu qəsəbəsində baş verir. Belə ki, Kür çayının əsas qoluna hava qayığı ilə düşən bir neçə qrup şəxslər elektrik cərəyanı ilə balıqları ovlayırlar. Nəticədə ovladıqları iri balıqlarla yanaşı xırda balıqlar da məhv edilir. Təəssüf ki, bu cür hallara qarşı daimi və ciddi nəzarət yoxdur. Oxucu iddia edir ki, anoloji hal hər gün 2-3 qrup tərəfindən həyata keçirilir: "Mən Ağstafa rayonuna səfər edərkən yolum Poylu qəsəbəsindən də keçdi. Kür çayının kənarında olarkən qanunsuz balıq ovu ilə məşğul olan şəxsləri gördüm və dərhal bu barədə Ekologiya nazirliyinin 168 qaynar xəttinə şikayət etdim. Şikayətimlə əlaqədar Ekologiya nazirliyinin Tovuz rayon İdarəsindən mənə zəng edib bildirdilər ki, sənin iştirakınla əraziyə baxış keçirmək lazımdır. Mən isə xarici ölkədə olduğumu bildirdim. Bir neçə gündən sonra yenidən mənimlə əlaqə saxlayıb bildirdilər ki, həmin əraziyə baxış keçirildi, lakin qanunsuz balıq ovu ilə məşğul olan şəxs və ya şəxslər aşkar edilmədi. Təbii ki, bu cavab məni qane etmədi. Ona görə Ekologiya və Təbii Sərvətlər Naziri cənab Muxtar Babayevdən xahiş edirəm ki, qeyd etdiyim ərazi daimi nəzarətdə saxlanılsın və elektrik cərəyanı ilə qanunsuz balıq ovlayan, təbiəti məhv edən həmin şəxslər ciddi şəkildə cəzalandırılsın".
Ümid edirik vətəndaşın bu müraciəti ciddi şəkildə araşdırılacaq və sözügedən ərazi daimi olaraq nəzarətdə saxlanılacaq.
Nərminə Əli













