Borc və kredit müqaviləsi ilə bağlı Mülki Məcəlləyə hansı dəyişiklilər ediləcək? - AÇIQLAMA
Xəbərlər 24 Yanvar 2023 20:09 Oxunub 1858
Borc və kredit müqaviləsi ilə bağlı Mülki Məcəlləyə hansı dəyişiklilər ediləcək? - AÇIQLAMA

"Bildiyiniz kimi, Hüquq siyasəti və dövlət quruculuğu komitəsi "Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında" Qanun layihəsini müzakirə edərək ilk oxunuş üçün plenar iclasa tövsiyə edib. Ən iri qanunvericilik aktımız olan Mülki Məcəlləyə təklif edilən dəyişiklik layihəsinə əsasən, normativ hüquqi aktın 13 maddəsinə dəyişiklik edilir, 37-ci fəsil üzrə 14 maddə isə tam yeni redaksiyada verilir. Texniki cəhətdən yanaşsaq, bu, son illər Mülki Məcəlləyə əsas dəyişiklik layihələrindən biridir".

Bunu e-huquq.az-a açıqlamasında deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, mahiyyət üzrə bu dəyişikliklər iki ciddi istiqaməti əhatələyir: birincisi, borcalan və istehlakçının hüquqlarının daha effektiv qorunması; ikincisi, yeni qlobal çağırışlar, ələxsus informasiyalı cəmiyyətin inkişafı fonunda əqdlər, müqavilələr və öhdəliklərlə bağlı bəzi normaların təkmilləşdirilməsi.

"Hər iki məqsədin də əhatələnməsi üçün qanun layihəsində borc və kredit müqaviləsi üzrə münasibətlərin mülki qanunvericilik çərçivəsində tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi təklif olunur. Vacib təkliflərdən biri budur ki, borcun ödənilməsinin gecikdirilməsinə görə kreditorun tələb edə biləcəyi məbləğ məhdudlaşdırılsın. Yəni əgər əvvəllər borc verən bütövlükdə gecikdirilmiş vaxta görə illik beş faizdən çox olmamaqla əlavə məbləğ tələb edə bilirdisə, indi təklif olunur ki, Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, həmin faiz gecikdirilmiş məbləğ üçün hesablansın. Bu, əlbəttə, vətəndaşı çox ciddi əlavə faiz -borc yükündən qurtarır. İkincisi, layihə üzrə borc verən ayrı-ayrı fərdlərin də borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququ tanınır və müəyyən olunur ki, faizlər yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə aid olunsun. Amma bu o demək deyil ki, vətəndaş qazanc məqsədi ilə faizə borc verib sələmçilik fəaliyyəti göstərə bilər. Dəyişiklik paketində nəzərdə tutulur ki, gəlir əldə etmək məqsədilə müntəzəm olaraq, habelə qeyri-məhdud subyektlərə pul vəsaitlərinin borc verilməsi ancaq bank və digər kredit təşkilatı tərəfindən həyata keçirilə bilər. Yəni bankın və digər kredit təşkilatının kredit verməsi ilə digər şəxslərin borc verməsi diferensiasiya olunur", - deyə deputat qeyd edib.

B.Məhərrəmovun sözlərinə görə, layihədə digər vacib məqam, borc və kredit müqavilələri üzrə münasibətlərin konseptual olaraq təkmilləşdirilməsi ilə bağlıdır. Belə ki, dəyişiklik qəbul olunarsa, artıq borc müqaviləsinin predmeti pul məbləği olduğu halda, o heç də həmişə kredit müqaviləsi hesab olunmayacaq ki, bu da mümkün mübahisələr zamanı hüquqi qiymət vermənin səmərəliyinin artmasına, son nəticədə hüquqların daha etibarlı qorunmasına imkan verəcəkdir.

"Dəyişiklik paketində ən mühüm istiqamətlərdən biri istehlakçıların hüquqları ilə bağlıdır və istehlak kreditləri üzrə müqaviləyə Məcəllədə ayrıca paraqraf əlavə edilməsi nəzərdə tutulur. Sirr deyil ki, bütövlükdə kredit portfelində əsas yerlərdən birini istehlak krediti tutur və ən çox məhkəmə mübahisələri də məhz bu məsələ ilə bağlıdır. Dəyişiklik paketinə əsasən, bu problemləri minimuma endirmək üçün, istehlakçının ilkin məlumatlandırılması sistemi tətbiq olunacaq, yarana biləcək bütün zəruri məqamlar aydın və başa düşülən şəkildə Mərkəzi Bank tərəfindən təsdiq edilən standart məlumatlandırma siyahısı üzrə bildiriləcək ki, bununla da ödəniş öhdəliyi barədə dəqiq məlumata malik olan istehlakçı məsuliyyətini öncədən daha aydın anlayacaq və onun aldadılması və çaşdırılmasının qarşısı alınacaq. Həmçinin layihədə istehlak krediti müqaviləsi üzrə dəyişən faiz dərəcəsinin tətbiq edilməsi və faizlərin və digər ödənişlərin artırıla bilməsi imkanının şərtləndirilməsi, habelə müqavilədə göstərilməyən hər hansı xərclər və digər ödənişlərin tələb edilməsi yolverilməz hesab olunur. Ümumiyyətlə, dəyişikliklər imperativ formada müəyyən edir ki, istehlak krediti müqaviləsinin bütün ziddiyyətləri və qeyri-müəyyənlikləri istehlakçının xeyrinə şərh edilməlidir", - deputat əlavə edib.

O bildirib ki, dəyişikliklərin digər hədəfi isə informasiyalı cəmiyyətin inkişafı fonunda yeni çağırışlara cavab olaraq əqdlərin elektron resurslardan istifadə etməklə bağlanması imkanını artırılması nəzərdə tutur: "Elektron əqdlər isə digər müsbət cəhətləri ilə yanaşı, həm də sübutetmənin asanlaşması baxımından mübahisələrin daha çevik həllinə, tərəflərin hüquqlarının daha etibarlı qorunmasına imkan yaradır. Məhz bu məqsədlə, dəyişiklik layihəsində ilk nümunəsi elektron informasiya sistemlərinin köməyi ilə bağlanan əqdin yazılı əqd hesab edilməsi, istehlak krediti müqaviləsinin isə kağızla yanaşı digər davamlı daşıyıcıda tərtib edilməsi təsbit olunur".

Sonda B.Məhərrəmov layihəyə əsasən, Mülki Məcəlləyə təklif edilən dəyişiklikləri belə ümumiləşdirib: "Borc və kredit müqaviləsi üzrə mexanizmlər təkmilləşdiriləcək;

Artıq faizlər gecikdirilmiş vaxta görə yox, yalnız gecikdirilmiş məbləğ üçün hesablanacaq;

Bank və digər kredit təşkilatının kredit verməsi ilə digər şəxslərin borc verməsi diferensiasiya olunacaq. Yəni vətəndaş borc verdiyi şəxsdən gecikməyə görə faiz ala biləcək, lakin gəlir əldə etmək məqsədilə ancaq bank və digər kredit təşkilatı borc verə bilər;

Borc və kredit müqavilələri üzrə münasibətlər konseptual olaraq təkmilləşdirilir. Artıq borc müqaviləsinin predmeti pul məbləği olduğu halda o heç də həmişə kredit müqaviləsi hesab olunmayacaq və bu da mübahisələr zamanı hüquqi qiymət vermənin səmərəliliyini artıracaq;

İstehlak krediti götürən istehlakçının aldadılması və çaşdırılmasının qarşısını almaq üçün ilkin məlumatlandırılma sistemi tətbiq olunacaq;

İstehlak krediti müqaviləsi üzrə dəyişən faiz dərəcəsi tətbiq edilə və faizlərin sonradan artırıla bilməsi barədə şərt qadağan edilir;

İstehlak kreditləri üzrə müqavilədə göstərilməyən hər hansı xərclər və digər ödənişlərin tələb edilməsi yolverilməz hesab olunur;

İstehlak krediti müqaviləsinin bütün ziddiyyətləri və qeyri-müəyyənlikləri istehlakçının xeyrinə şərh edilir;

Əqdlərin elektron resurslardan istifadə etməklə bağlanması imkanını artırılır;

Elektron informasiya sistemlərinin köməyi ilə bağlanan əqd yazılı əqd hesab olunur;

İstehlak krediti müqaviləsi kağızla yanaşı, digər davamlı daşıyıcıda tərtib edilə biləcək".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh