Diqqət: Təhlükəli zonaya daxil olursunuz!

Xəbərlər 18 Fevral 2021 20:25 Oxunub 1722
Diqqət:  Təhlükəli zonaya daxil olursunuz!
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ekspert: “Piyadalar və sürücülər arasında qarşılıqlı anlaşma olmalıdır”

“Səhər, üçüncü sinifdə oxuyan qızımı dərsə aparır, günorta onu götürməyə gedir və evə gəlib oğlumu məktəbəqədər hazırlığa aparıram. Evdən məktəbə 15-20 dəqiqəlik yol var. Biz hər dəfə gedəndə də, evə geri dönəndə də iki piyada keçidindən keçirik. Biri küçəmizdə, evimizə yaxındır. Burada piyada vurulması da olub. Keçid zolaqları solğun, piyada keçidi nişanı isə görünmür. Maşınların sürətlə şütüdüyü bu yoldan gün ərzində 5-6 dəfə keçməli oluram. Uşaqlarla bu yoldan qorxa-qorxa, həyəcan içində keçmək başa düşərsiniz ki, çətindir”, - deyir AYNA-nın həmsöhbəti Elnurə Vəliyeva (ad-soyad şərtidir).

Bəli, rəngi solmuş piyada zolaqları, görünməyən piyada keçidi nişanları Bakı küçələrində çox rast gəlinən və kiminsə təəccüblənmədiyi vəziyyətdir. Real vəziyyətdən əziyyət çəkən, şikayətlənənlər isə kifayət qədər çoxdur, elə qəhrəmanımız kimi.

Piyada keçidləri, sürücü-piyada anlaşılmazlığı ölkəmizdə aktuallığını qoruyan problemlərdəndir. Mövcud problemi AYNA-ya şərh edən yol-nəqliyyat eksperti Elməddin Muradlı da təsdiq edir ki, vu cür problemlər, həqiqətən var: “Nişanlar görünən yerlərdə deyil, sürücülər sağa-sola dönəndə nizamlanmayan keçidlərdən keçən piyadaları nəzərə almır, onlara yol vermirlər. Bu məsələdə piyadaların və sürücülərin qarşılıqlı məsuliyyəti nəzərdə tutulur və bu məsuliyyət hər iki tərəf üçün keçərlidir. Təəssüf ki, bəzən hər iki tərəfdən də qaydaların pozulması, məsuliyyətsiz yanaşma müşahidə edirik”.

“Piyadalar yol hərəkətində ən müdafiəsiz iştirakçılardır və onların hüquqlarının qorunması sürücülərə nisbətən bəzi hallarda daha üstün tutulur, lakin bu, o demək deyil ki, piyadalar bu vəziyyətdən sui-istifadə etməlidirlər. Bir şeyi də etiraf etmək lazımdır ki, Bakı şəhərində gündəlik müşahidə edilən tıxacın, təxminən 20%-i elə piyadaların günahı ucbatından baş verir, çünki piyadalar xaotik şəkildə hərəkət edirlər. Təsəvvür edin ki, bir keçiddə eyni vaxtda onlarla piyada hərəkət edir və onların hərəkəti maşınların dayanıb dəqiqələrlə gözləməsi ilə nəticələnir. Bu da yolda tıxaca səbəb olur”, - müsahibimiz bildirir.

Onun sözlərinə görə, dünya təcrübəsində bütün bunların öhdəsindən gəlmək üçün müəyyən metodlardan, əsasən idarə olunan işıqforlardan istifadə edilir: “Lakin burada da nəzərə almaq lazımdır ki, kim necə gəldi, düyməni basıb işıforu qırmızıya keçirərək yolun əks tərəfinə keçmir. Burada da müəyyən qaydalar var, məsələn, vətəndaş tək yaxınlaşırsa, arxadan yaxınlaşan digər insanlar olduğu halda, onları da gözləməlidir və bundan sonra işıqforda düyməyə basıb keçməlidirlər. Bizdə isə bu cür tənzimlənən işıqforlarla piyadaların münasibətini müşahidə etdikdə görürəm ki, piyadalar həmin işıqforlardan necə gəldi, istifadə edirlər. Biri gəlir, düyməni basır keçir, daha sonra ardınca digər piyada yaxınlaşır, o da yaxınlaşan kimi işıqforun düyməsinə basır, işıqfor qırmızı işığa keçir və maşınlar dayanır, piyada yolu keçir. Bu zaman isə həmin ərazidə müşahidə edilən mənzərə heç də ürəkaçan olmur. Buna görə də həmin işıqforlar piyadaların əlində bir alətə çerilməməlidir. Mən düşünürəm ki, bununla bağlı qanunvericilik aktları qəbul olunmalıdır, vətəndaşlar bilməlidirlər ki, onlar istədikləri vaxt işıqforun düyməsini basıb keçməməlidirlər, arxadan yolu keçmək üçün gələnləri gözləməli, bir neçə nəfər yığıldıqdan sonra işıqforun düyməsi basılmalı və piyadalar keçməlidirlər”.

Ekspert, həmçinin piyada keçidlərində vurulma hallarına diqqət çəkir: “Ən dəhşətlisi budur ki, piyada keçidində adam vurulur, çünki piyadalar da diqqətsizlik edilər. Qanun deyir ki, əgər siz yolun hərəkət hissəsində dayanmış nəqliyyat vasitəsi görürsünüzsə, onun bərabərinə çatdıqda dayanmalısınız və sağı-solu müşahidə etdikdən sonra hərəkət edə bilərsiniz. Ola bilsin ki, həmin maşınlar təsadüfən dayanıb. Eyni zamanda da sürücülər çox diqqətli olmalıdırlar, piyada keçidinə yaxınlaşanda sürəti aşağı salmalıdırlar. Sürət ən azı 40-50 km/saat olmalıdır ki, maşını vaxtında saxlaya bilsinlər”.

“Bu, dünya təcrübəsində də, bizim qanunvericilikdə də belədir. Pik saatlarda piyada keçidlərinin ətraflarında yol polisləri olur. Onlar piyada hərəkətini tənzimləmək üçün dururlar, çünki piyadalar eyni vaxtda xaotik şəkildə hərəkət edirlər. Biri sağdan, biri soldan yola daxil olur, bir də görürsən ki, kimsə yolun ortasında dayanır və ya kimsə yarıyacan yolu keçir, qəfildən geri qayıdır. Belə hallar, istər-istəməz nizamsızlıq yaradır”, - Muradlı vurğulayır.

Həmsöhbətimiz, qarşılıqlı anlaşma olmasının vacibliyinə diqqət çəkərək piyadaları da, sürücüləri də diqqətli olmağa çağırır: “Necə ki sürücülər piyadalara yol verirlər, piyadalar da eyni vəziyyətdə qaydalara riayət etməlidirlər. Piyadaların da vəzifələri var, yəni nəqliyyat vasitəsinin qarşısına qəflətən çıxmamalıdırlar, yolun hərəkət hissəsinə çıxarkən diqqətli olmaldırlar, maşınların dayanıb yol verdiyinə əmin olduqdan sonra yolu keçməlidirlər. Piyadalar operativ nəqliyyat vasitələrinə yol verməli, keçid olmayan yerdən, həmçinin qırmızı işıqda yolu keçməməlidirlər. Piyadalar bunları nəzərə almalıdırlar”.

Ekspert əlavə edir ki, rəngi solmuş piyada keçidi zolaqları ilə bağlı vətəndaşlar Bakı şəhərində Bakı Nəqliyyat Agentliyinə, Respublikanın digər ərazilərində isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət edə bilərlər, lakin zolaqları rəngləmək üçün istifadə olunan boyalar keyfiyyətsiz olduğundan 3-4 ay sonra  həmin yollarda zolaqlar yenidən pozulmuş olur.
 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh