DYP-dən yolun ortasında biabırçı səhv - Sürücülərə tələ - FOTO+VİDEO

Xəbərlər 16 Oktyabr 2015 10:01 Oxunub 3477
DYP-dən yolun ortasında biabırçı səhv - Sürücülərə tələ - FOTO+VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nişan da səhvdir, qoyulduğu yer də, qarşıda isə kamera çəkir

Saytımızın fəal oxucularından olan Təbriz Yusubov Avtosfer.az-a müraciət edərək ölkəmizdə yol hərəkətinin təşkilindəki problemlə bağlı maraqlı bir məqama toxunub. Onun qaldırdığı məsələ aktual olmaqla yanaşı, həm də təhlükəli məqamları özündə əks etdirir və dərhal aradan qaldırılmalıdır. Həmin məsələni olduğu kimi təqdim edirik: «Bakı-Ələt yolunun 487-ci kilometrində (üzü Bakı istiqamətində) rayon avtomobilləri üçün yaradılmış dayanacağa çatmamış, üçzolaqlı yolun sol zolağını o biri zolaqlardan ayırmaq üçün sarı xətt (1.4 xətti) çəkib və həmin zolağa ümumi istifadədə olan nəqliyyat vasitələrinin zolağını bildirmək məqsədi ilə «BUS» sözü (1.23 nişanlanması) yazıblar. İşıq dirəyinə isə 5.12 (avtobus dayanacağı) nişanı qoyublar və 1 kilometrdən sonra 5.12 nişanı təkrar qoyulub. Hərəkətin təşkilində edilmiş bu dəyişiklikdə 2 nöqsan var:

1) Həmin zolağa 1.4 xətti yox, 1.1 xətti çəkilməli idi;

2) 5.12 əvəzinə isə 5.9 nişanı qoyulmalı idi.

Bu nişandan sonra təhlükəsiz şəhər kamerası var. Bu problem sürücülərə bir tələ ola bilər. Xahiş edirəm “Azəryolservis”in bu səhvini saytda işıqlandırın ki, belə kobud səhvləri bir daha etməsinlər...».

Oxucumuzun bu müraciətinə əvvəlcə inanmaq istəmədik, lakin onun göndərdiyi fotoya da baxanda hər şeyin yazıda deyildiyi kimi olduğuna əmin olduq. Belə səhvi necə etmək olar? Bunu kimlər edir?

Məsələyə aydınlıq gətirilməsi üçün hüquqşünas Ərşad Hüseynova müraciət etdik. O, həmin fotoya baxarkən çox təəccübləndiyini qeyd etdi. “Bu, sadəcə olaraq biabırçılıqdır. Şəxsən mən anlamıram: bu, hansısa özfəaliyyət dərnəyinin yaradıcılığının məhsuludur, yoxsa ölkəmizdə yol hərəkətinin təşkili ilə məşğul olan rəsmi qurumun işidir? Bunu necə etmək olar? Görəsən, bu işi edənlər hansı ölkənin qanunvericiliyini rəhbər tuturlar? Axı bunu normal etmək çətin deyil. Sadəcə olaraq, “Yol hərəkəti haqqında” Qanuna, yol nişanlarının və nişanlanma xətlərinin tətbiqinə dair qanunvericiliyə baxmaq yetərlidir. Bunu edənlərin nə demək istədikləri də bəlli deyil. Çünki Təbriz bəyin dediyi kimi, həmin yolda dirəyə bərkidilən 5.12 “Avtobusun və ya trolleybusun dayanacaq yeri” nişanıdır. Həmin nişan o deməkdir ki, burada avtobus dayanacağı var. Yolun ən soldakı zolağında avtobus dayanacağı düzəltmək isə sərnişinlərə sui-qəsd demək olardı, çünki avtobusdan düşən sərnişini sağdakı zolaqda hərəkət edən avtomobil tapdalayacaq. Bəlkə bunu edənlər ölkəmizdə sağtərəfli hərəkətin olduğunu da unudublar?”.

Belə düşünə bilərik ki, bunu edənlər hərəkət hissəsinin ən sol zolağını avtobuslar üçün ayrılan xüsusi zolaq etmək istəyiblər. Amma bu halda birincisi, oxucumuzun dediyi kimi həmin zolaq 1.4 sarı xətlə deyil, 1.1. ağ xətlə fərqləndirilə bilər. Ən başlıcası isə başlanğıcında 5.9 nişanı qoyulmaqla həmin zolaq yalnız ən sağdakı zolaq ola bilər».

Beləliklə, oxucumuzun təəccüblənməsi tamamilə haqlıdır. Yolun sol zolağında tətbiq olunan bu nişan, nişanlanma xətti və bütünlükdə həmin zolağın belə fərqləndirilməsi başa düşülən deyil. Ona görə də biz də yol hərəkətinin təşkili ilə məşğul olanlardan xahiş edirik ki, bu anlaşılmazlığı aradan qaldırsınlar.

Bu fakt həm də onu göstərir ki, ölkəmizin yollarında Yol Hərəkəti Təhlükəsizliyi komissiyasından xəbərsiz, özfəaliyyət xarakterli işlər görülür. Belə yanaşma kifayət qədər təhlükəlidir və sürücüləri çaşdırır.

Məsələ ilə bağlı apardığımız qısa araşdırmadan sonra məlum oldu ki, bu eybəcər mənzərəni «Azəryolservis» ASC yox, Baş Dövlət Yol Polisi idarəsindəki Hərəkətin Təşkili Şöbəsi «Siqnal» İdarəsi ilə birgə qoyub.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh