"Ədalət mövcuddur, ancaq ayaqları yoxdur, onu biz gedib çiyinlərimizdə gətirməliyik"
“Azad və demokratik” Media...
Əlində ov tüfəngi olan qoca bir kişi öz köhnə evinin qabağında dayanıb, çox qəddar düşməndən öz evini qoruyurmuş kimi qərarlı bir duruş nümayiş etdirilir. Sanki onlara hücum edən işğalçı bir düşmən var və bu “çarəsiz” qoca da özünün son vəzifəsini yerinə yetirir, ailəsini qoruyur. Bu görüntülər öz dogma yurduna təcavüz olunmuş birinin görüntüsü deyil, 27 il öncə silah yolu ilə, beynəlxalq hüquqa zidd ələ keçirilmiş Azərbaycan torpaqlarında zorla məskunlaşmış işğalçı bir xalqın nümayəndəsinin bir sıra büynəlxalq media qurumları tərəfindən “məsum”, “yazıq”, “haqsızlığa məruz qalmış” kimi göstərilməsidir. Həmin media qurumları ki, gecə saat 1 də 350 000 sivil əhalinin yaşadığı Gəncə şəhərinə 2 ballistik raket atılmasına, 21-dən çox ev dağıdılmasına, 3-ü uşaq olamaqla 13 nəfər dünyasını dəyişməsinə 40-dan çox dinc sakinin yaralanmasına ya yer ayırmır, ya da sanki həmin şəhərin döyüş bölgəsində yerləşirmiş kimi Xankəndinin görüntüləri ilə birlikdə səthi formada göstərir. Bununla yanaşı bir sıra beynəlxalq media kanalları sivil əhalinin boşaldıldığı Azərbaycan şəhəri Xankəndində uçuq binaları göstərərək guya Azərbaycan sivil əhalini bombalayırmış kimi təqdim edir, Paşinyandan müsahibə götürür, “romantik özünümüdafiə” səhnələri hazırlayırlar. Döyüşlər yenicə başlayanda bu media orqanları Azərbaycanın qarşısına müsəlman, Ermənistanın qarşısına isə xristian sözünü əlavə etdilər, sanki dini bir savaşmiş kimi təssürat yaratmağa çalışdılar. Daha sonra erməni tərəfinin ağılasığmaz ittihamlarını, Paşinyanın boş-boş nağıllarını, münaqişəyə dair özlərinin alt şüurlarında yatan fikirlərini doğru xəbərmiş kimi tirajlamağa başladılar. Normalda bir-birinə qarşı xəbər yayımlayan, bir-birinə qarşı olan Qərb, Rusiya və hətta İran mediaları bu məsələdə birləşdilər, haqsızlığı, doğrunu görmədilər, yalan və özbaşnalığın yanında durdular. Bir dəfə də olsa araşdırmadılar ki, bu kasıb ermənilərə bahalı silah-sursatı kim niyə bağışlayır, erməniləri kim dəstəkləyir, bu savaş gedən torpaqlar kimə məxsusdur, bu torpaqların azərbaycanlı sakinləri indi haradadır, beynəlxalq hüquq kimin yanındadı və bu problem 27 ildə niyə həll olunmur. Baxmayaraq ki, problemin həllini üzərlərinə götürmüş ATƏT-in Minsk Qrupu dövlətlərinin istənilən bir güc nazirinin Ermənistan prezidentinə yüksək tonla əmr etməsi ermənilərin güzəştə getməsinə səbəb ola bilərdi. Guya müharibə əleyhdarı kimi görünən bu media qurumları bir dəfə də olsa Minsk Qrupundan soruşmadılar ki, niyə siz bu məsələni beynəlxalq hüquqa, BMT qətnamələrinə uyğun həll edə bilmədiniz ki, indi də bu savaş başlayıb, insanlar ölür. Əlbəttə soruşmazlar, çünki bu media orqanları elə bu münaqişəni ortaya çıxaran, qızışdıran, ermənilərə silah bağışlayan, problemi həll etmək istəməyən dövlətlərin əmrlərində fəaliyyət göstərirlər, onların sifarişlərini yerinə yetirirlər. Qərbdə azad medianın olmadığını, ancaq azad jurnalistlərin olduğunu bilirdik, baxmayaraq ki, bu problemdə həmin azad jurnalistlərə nadirən rast gəlmək, səsini duymaq mümkün olur.
Bu əslində elə də təəccüblü durum deyil. İraqda 1 milyondan çox, Suriyada 2 milyona yaxın insanın qırılmasına, milyonların qaçqın düşməsinə, Əfqanıstanın, Liviyanın bombalanmasına, dağıdılmasına, günahsız insanların qırılmasına yol elə bu “azad və demokratik” qərb mediasının əli ilə mümkün olmuşdur. Onlar idi hələ Şərqi Avropaya belə çatmamış demokratiyanı, demokratik düşüncəni yüzilliklər boyu despotik və aşirət kültürü ilə idarə olunan İraqa, Suriyaya, Liviyaya, Əfqanıstana gətirəcəyik yalanları ilə həmin ölkələrin başçılarını “şeytanlaşdıran”, onların hakimiyyətini illegallaşdıran. Həmin medianın yaydığı xəbərlər idi başqa ölkənin ərazisinə müdaxiləyə, onların daxili işlərinə qarışmağa “qanuni” bir don geydirən. Bu media qurumları indi də bizim Türkiyə ilə birlikdə guya azlıq xristian xalqını qırdığımızı, kilsələri bombaladığımızı iddia etməyə çalışır və bununla da xarici müdaxiləyə yol açır. Amma onlar yanılırlar ki, Azərbaycan yaxın şərq deyil və Azərbaycan xalqı da dini, etnik, irqi cəhətdən parçalanmış, hər an xarici müdaxiləyə açıq bir yaxın şərq xalqı deyil. Bizlər bəlkə də öz içimizdə bir-birimizi tənqid edirik, siyasi mübarizə aparırıq, müxtəlif etnik kimliklərə sahibik, ancaq ölkəmizə olan xarici bir təhlükəyə qarşı yumruq kimi birləşirik, çünki biz bir xalqıq və bu bizim genimizdə, kültürümüzdə var.
Əslində bu bizə bir gerçəyi göstərir, müasir dövrdə media və ictimai qurumların, mədəniyyət, idman və digər icmaların, hətta bəzi elm adamlarının belə əsas qayəsi gerçəyi üzə çıxarmaq, haqqı demək, ədaləti müdafiə etmək, zəifi, haqsızlığa məruz qalanı qorumaq deyil, öz marağına uyğun olanı, özünə sərf edən mövqeyi müxtəlif yollarla qəbul etdirməkdir. Bunu dövlətlərdən gözləmək olardı, ancaq yuxarıda saydığım qurumlardan hər kəs haqqın və ədalətin yanında olmağı gözləyir. Bu müasir dövrün acı bir gerçəkliyidir. Bu gerçəklik yalan, səhih məlumat yayan, haqqın qarşısında, haqsızın yanında olan, insanların ah-naləsini eşitməyən və müəyyən dairələrə xidmət edən media və bu medianın zəhərlədiyi kütlələrin məhsuludur. Ancaq onu da qeyd edim ki, bu media orqanlarının artıq iç üzü açılmaqdadlr.
Uzun illərdir Avropada yaşayan biri kimi deyə bilərəm ki, dünyanın mərkəz mediası kimi qələmə verilən bu media orqanları bir sıra çevrələr, elm adamları, sadə insanlar tərəfindən artıq qəbul olunmur, onları fakenews yayan qurumlar olaraq görürlər. Hətta doğru bir xəbəri işıqlandırsalar belə o xəbər artıq əhali arasında şübhə doğurmağa başlayır. Sadəcə biz bu media orqanlarına qarşı olan, onları beynəlxalq müdaxilələrdə günahkar görən çevrələrin səsini eşidə bilmirik, çünki bu çevrələr, elm adamları həmin media orqanlarında deyil, alternativ media orqanlarında öz sözlərini deyə bilirlər. Bu media orqanlarının ikiüzlülüyünü, yalan informasiya yaydıqlarını bəyan edən ictimai xadimlər, elm adamları həmin media tərəfindən konspriloq kimi etibarsızlaşdırılmağa çalışılır. Odur ki, bizə təqdim edilən Qərb, Qərb ədaləti heç də bu media orqanlarından, onların ikiüzlü rəftarından ibarət deyildir. Unutmaq lazım deyil ki, bugünə qədər bəşəriyyətin nail olduğu ən ali hüquqlar, ən mütərəqqi ideyalar, prinsiplər da məhz Qərbdə formalaşmışdır. Əlbəttə ki, bu media qurumlarının da öz trol kütlələri, xidmət etdiyi bir aiditoriyası var və bu qurumlar azad media olduğunu yalnız bu kütlələrə inandıra bilərlər.
Qısası, dünya mediası bu sınağı keçə bilmədi. Ona görə bu media orqanlarından, onların qidalandırdıqları kütlələrdən bizim üçün ədalət, ədalətli mövqe gözləmək əbəsdir. Biz artıq heç bir problemimizdə dünya birliyinin ədalətli mövqeyini, bizə köməyini, bizi təcavüzdən və haqsızlıqdan xilas edə biləcəyini gözləməməliyik. Unutmamalıyıq ki, sabah erməni təcavüzünə yenidən məruz qalsaq, bu media orqanları bu təcavüzə gözlərini yumacaq, bizə olan haqsızlığı görməyəcək, təcavüz edən tərəfdə romantik, sülhpərvər və məsum kadrlar hazırlamaqda davam edəcəklər. Odur ki, biz artıq zəif ola, dünyanın ədalətinə, köməyinə ümid bəsləməməliyik. Ədalət mövcuddur, ancaq ayaqları yoxdur, onu biz gedib çiyinlərimizdə gətirməliyik.
Mustafayev Asif,
Köln Universitetinin Hüquq fakültəsinin doktorantı,
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü