Erməniləri vəlvələyə salan “israilli qəhrəman” – “Harop” haqda bilmədiklərimiz… - FOTO
İkinci Qarabağ müharibəsi dünya hərb aləminin yaxşı bələd olduğu bir çox silah və pilotsuz uçan aparatlarını yenidən məşhurlaşdırdı. Bu cür silahlardan biri də Vətən Müharibəsinin “israilli qəhrəmanı” “Harop”dur.
Reportyor.info xəbər verir ki, İsrail istehsalı olan bu pilotsuz silah azərbaycanlılara Aprel döyüşlərindən tanışdır. “Israel Aerospace Industries” korporasiyasının aerokosmik bölməsi “Harop”un daha kiçik ölçülü əməliyyatlar üçün bir qədər də yığcam versiyasını hazırlayıb. “Harop” 1/5 həcmindədir və daha kiçik 3-4 kiloqramlıq əsas döyüş başlığını daşıyır. Bu sursatlar daha ucuz olmaqla yanaşı, tez-tez nəzərdən itən hədəflərə qarşı effektlidir
Uzunluğu 2,5 metr, qanad ölçüsü 3 metr, çəkisi 135 kq, döyüş başlığı 23 kq olan “Harop” saatda 185 kilometr/saat sürətlə irəliləyərək havada 6 saat qala bilir. Maksimum 1000 km məsafəyə qədər yol qət edir. “Harop”-u “gəzən sursat adlandırırlar.
“Harop” radiodalğa kateqoriyalıdır, yəni PUA hədəfin radarlarının yaydığı radiodalğalara kilidlənir. Sonra isə özünü həmin hədəflərə çırpmaqla hədəfi və özünü məhv edir. Əsas döyüş başlığı daşıyan aparatlardan fərqli olaraq bu dron özü bütövlükdə döyüş başlığı sayılır, yəni hədəfi özünü hədəfə çırpmaqla məhv edir.
Ermənistanın hava hücumundan müdafiə (HHM) qüvvələri əsasən nisbətən iri hədəflərə – döyüş təyyarələrinə və idarəolunmaz raketlərə qarşı hesablandığına görə, “Harop” kimi kiçik hədəflərə qarşı tədbirlər görməkdə çətinlik çəkir. Hətta düşmən “Harop” hücumunu aşkarlayıb radarlarının siqnal yaymaması üçün onları söndürsə belə, sursatın elektron optik sensorları sayəsində PUA hədəfi vizual olaraq izləyir və məhv edir. Əgər hədəf müəyyən olunmazsa, “Harop” avtomatik olaraq bazaya qayıdır.
Hazırda dünyanın cəmi 3 ölkəsinin – İsrail, Hindistan və Azərbaycan ordusunun bazasına “Harop” daxildir.
2007-ci ilin avqust ayında Hindistan Hava Qüvvələri 100 milyon dollar müqabilində “Harop” sistemləri əldə edib. Bu silah ilk dəfə açıq ictimaiyyətə Hindistanda heçirilən “Aero India 2009” şousunda göstərilib.
İlk dəfə hərbi əməliyyatlara isə “4 günlük müharibə” adlanan Aprel döyüşləri zamanı Azərbaycan tərəfindən istifadə olunmaqla girib. Bu hadisə dünya hərb tarixində ilk dəfə “gəzən sursatdan” istifadə kimi düşüb.
Bu döyüşlərdə “Harop”la endirilən bütün zərbələr uğurlu alınıb. Hazırda Azərbaycan ordusu dünyada ən uzaq mənzilə malik “gəzən sursat” olan “Harop”un postsovet məkanında yeganə istifadəçisidir.
Həmçinin bu sursatlar “Israel Aerospace Industries” korporasiyasının lisenziyası ilə Azərbaycan Müdafiə Sənayesinin müəssisələri tərəfindən istehsal edilir.