Banner

Ermənistan siyasi və iqtisadi böhran məngənəsində

Xəbərlər 5 Noyabr 2020 17:50 Oxunub 1062
Ermənistan siyasi və iqtisadi böhran məngənəsində
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Nikol Paşinyanın Ermənistana rəhbərlik etdiyi müddətdə onsuz da tənəzzül içərisində çabalayan işğalçı ölkədə vəziyyət getdikcə daha da ağırlaşdı. Artıq yerli əhaliyə də məlumdur ki, xalqı yaxşı heç nə gözləmir. Narazılıqlar dalğasının rezonans doğurduğu da artıq sirr deyil. Paşinyanın öz kadrlarını bir-birinin ardınca vəzifədən uzaqlaşdırmasının səbəbi onunla əlaqələndirilir ki, son vaxtlar həm diplomatiyada, həm də cəbhədəki məğlubiyyətlərin günahkarı guya baş nazir yox, digər vəzifə sahibləri imiş. Ermənistanın keçmiş hakimiyyətinin nümayəndələri, Paşinyanın və onun komandasının, yeni hakimiyyətin vəzifədən uzaqlaşdırdıqlarının narazılıqları ictimai fikirdə xüsusi çəkiyə malikdir.
Bu fikirləri AZƏRTAC-a Demokratiya və İnsan hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib. 
Ç.Qənizadə bildirib ki, artıq yerli politoloqlar və tanınmış ictimai-siyasi xadimlər də bu vaxta qədər Ermənistana Nikol Paşinyan kimi təsadüfi, savadsız, qəddar, dövlət idarəçiliyindən bixəbər birisinin rəhbərlik etmədiyini açıq şəkildə bildirirlər. Məsələn, yaxın günlərdə Rossiya-1 telekanalında yayımlanan “Vladimir Solovyovla axşam” verilişinin efirində erməni əsilli rusiyalı kinorejissor, Rusiyanın Xalq artisti Karen Şahnazarov Ermənistan rəhbərliyini reallığa uyğun addımlar atmamaqda, illüziyalara qapılmaqda və vəziyyəti düzgün qiymətləndirməməkdə günahlandırıb. Kinorejissor həm də Ermənistanın Azərbaycanın ərazi bütövlüyü məsələsini diqqətə almalı olduğunu vurğulayıb. O, bütün bu baş verənlərdə Ermənistan rəhbərliyinin düşünülməmiş atılan addımlarının nəticəsi olduğunu bildirib. 
Sentyabrın 27-dən Ermənistan tərəfindən başlanan genişmiqyaslı təxribatların müharibə həddinə çatmasının da əsas səbəbkarı məhz Nikol Paşinyandır. Yerli siyasi şərhçilər də onun məğlubiyyətinin qaçılmaz olduğunu bildirir və belə güclə qüdrətli Azərbaycan Ordusunun qarşısına çıxmağın ağılsızlıq olduğunu bildirirlər. Qeyd edilir ki, vəziyyət elə həddə çatıb ki, istər-istəməz Azərbaycanın ərazi bütövlüyü məsələsini qəbul etmək və hər hansı bir status üçün imkan axtarmaq lazımdır. Çünki artıq Paşinyan iqtidarının ayrı yolu yoxdur. 
Ermənistan həm cəbhədə, həm diplomatiya, həm də informasiya sahəsində məğlubdur. İşğalçı ölkənin rəhbərləri kütləvi informasiya vasitələrinə verdikləri müsahibələrdə özlərini gülünc vəziyyətə salır, ermənilər haqqında məzlum, əzilən daim təzyiq altında olan, yazıq xalq təəssüratı yaratmağa cəhd edirlər. Buna isə artıq inanan yoxdur. Çünki Nikol Paşinyan həm beynəlxalq, həm də digər tədbirlərdə ziddiyyətli fikirlər səsləndirir, dediklərini bir saat sonra danır, sərsəm bəyanatlar verir. Ona görə də artıq həm yerli, həm də beynəlxalq ictimaiyyət onu qeyri- ciddi adam kimi qəbul edir. Paşinyan və onun komandası tarixi faktları nə qədər saxtalaşdırsalar da, onların cəfəngiyatlarına heç kim inanmır. 
Ç.Qənizadə Ermənistan prezidenti Armen Sarkisyanın bu yaxınlarda RBK kanalına verdiyi müsahibəni də xatırladıb. O deyib ki, Armen Sarkisyan da Paşinyan kimi özünü və ölkəsini gülünc vəziyyətə saldı. Belə ki, Ermənistan prezidenti RBK kanalına müsahibəsində bildirir ki, Dağlıq Qarabağ Azərbaycana 1920-ci ildə “verilib”, halbuki Qafqaz bürosu Dağlıq Qarabağın Azərbaycanda qalması haqda qərar qəbul edib və bu da 1921-ci ildə olub. O, iddia edir ki, 1920-ci ildə Qarabağda 350 min insan yaşayırdı, halbuki SSRİ-də keçirilən 1926-cı ilin rəsmi siyahıyaalınması zamanı burada 125,2 min insan yaşayıb. Ermənistan prezidentinin digər iddiasına görə, Qarabağ Azərbaycanın tərkibinə “verildikdən” sonra sovet dövründə ermənilər Qarabağdan didərgin salınıb. Bu da növbəti uydurma. Çünki 1989-cu ildə SSRİ-də keçirilən son əhali siyahıyaalmasına görə, Dağlıq Qarabağda 145 min erməni yaşayıb. Sarkisyan bildirir ki, Qarabağ hadisələrindən sonra Azərbaycanı bir milyondan artıq erməni tərk edib, halbuki elə həmin siyahıyaalınma üzrə Azərbaycan SSR-də cəmi 390 min erməninin yaşadığı məlumdur. Göründüyü kimi, Armen Sarkisyan bu müsahibəsi ilə yalançı və böhtançı olduğunu bir daha təsdiqlədi.
Son vaxtlar cəbhədəki məğlubiyyətlərdən yaxa qurtara bilməyən, dünyanın müxtəlif ölkələrinin rəhbərlərinə kömək üçün yalvarıb-yaxaran Paşinyan hamıdan rədd cavabı aldıqdan sonra çıxış yolu tapa bilmir. O, guya özünü mübariz kimi göstərməyə çalışır, əslində isə məğlubiyyətdən qaça bilmir. Digər tərəfdən, ölkə iqtisadiyyatını məhv olmaq həddinə çatdırıb. Həm Ermənistanın özünün başladığı müharibə, həm də dünyanın başı üzərini almış koronavirus pandemiyası ölkəni uçurumun bir addımlığına çatdırıb.
Təcavüzkar Ermənistanın işğal altında olan Azərbaycan torpaqlarından könüllü şəkildə çıxmaması bu ölkənin həm siyasi, həm də iqtisadi cəhətdən kəskin ziyana düşməsi ilə nəticələnib. Hesablamalara görə, müharibənin bir günü Ermənistan üçün təxminən 30 milyon dollara başa gəlir. Bunu erməni ekspertləri də etiraf edirlər. Dağlıq Qarabağda müharibənin davam etməsi Nikol Paşinyan hakimiyyətinin bu günə kimi 1,2 milyard dollardan çox maliyyə itirməsi ilə nəticələnib. Ermənistan müharibədən öncə də iqtisadi baxımdan son dərəcə zəif ölkə idi. Bu qədər itkiləri də nəzərə alanda postmüharibə dövründə işğalçı ölkənin iqtisadiyyatının nə günlərə qalacağını təsəvvür eləmək çətin deyil.
Nikol Paşinyan əhalinin diqqətini ölkəsinin acınacaqlı məğlubiyyətindən yayındırmaq üçün müxtəlif populist fikirlər səsləndirir, guya Azərbaycan Ordusunda türk əsgərləri və digər ölkələrdən gətirilmiş muzdluların olması barədə yalan məlumatlar yayır. Ancaq onun bu yalanlarına öz ölkəsində də inanan yoxdur. Onun iddialarını dinlədikcə, aydın görünür ki, bu şəxs özündə yalan, şantaj, populizm, təlxəklik kimi mənfi xüsusiyyətləri birləşdirir. O, Türkiyənin münaqişədə iştirakı, bu prosesə Azərbaycan tərəfindən yaraqlıların cəlb edilməsini iddia etməklə suda boğulanın saman çöpündən yapışmasını xatırladır. İnsani, müasir hərbi texnika və silah-sursat, maliyyə imkanları, ordunun hazırlığı və digər parametrlərə Ermənistandan bir neçə dəfə güclü olan Azərbaycanın digər ölkənin və ya yaraqlıların köməyinə niyə ehtiyacı olmalıdır? Faşizm ideologiyasına sədaqətini nümayiş etdirən Paşinyan sanki öz xalqına qənim kəsilib. Əgər özünə güvənin yoxdursa, niyə vətəndaşlarını qırğına verirsən?
“Bütün bunlar bir daha təsdiqləyir ki, baş nazir Paşinyanın aqibəti çox pis olacaq. Ermənistanın xarici borcu 8 milyard dollardan artıqdır ki, bu da ölkənin ümumi daxili məhsulunun 70 faizindən çoxunu təşkil edir. 2 milyard dollara qədər rezervləri olan ölkə üçün 8 milyarddan çox xarici borcun olması ciddi neqativ iqtisadi nəticələrə gətirib çıxaracaq. Göründüyü kimi, işğalçı ölkə həm siyasi, həm də iqtisadi burulğanda boğulur. Bu da daxildə vəziyyəti daha da gərginləşdirib”, - deyə hüquq müdafiəçisi bildirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh