Əvvəllər də başqasının mənzilinə ayaqqabı ilə girib – İcra başçısının hərəkəti qalmaqal yaratdı

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhid Rzayev Əli Nəsib oğlunun anası Kamilə Rzayevaya mənzil verib. Şəhər rəhbəri açarları təqdim etmək üçün M.Rəsulzadə küçəsindəki 6/102 binasında yerləşən 1 nömrəli mənzilə gedib. Bunu xeyirxah əməl kimi qiymətləndirmək olar. Elə İ.İsmayılov özü də bu fikirdədir. Amma…
İşin amması ondadır ki, icra başçısı şəhid ailəsinin evinə girəndə ayaqqabılarını çıxarmayıb. Bu isə Azərbaycan xalqının adət-ənənlərinə, davranış qaydalarına ziddir, çünki biz istər öz evimizə, istər qonaq gedəndə mənzilə ayaqqabılarımızı çıxarıb keçirik (Bəzi ölkələrdə evə ayaqqabı ilə girirlər – red).
Araşdırmamız zamanı məlum olub ki, bu, İlham İsmayılovun başqasının evinə ayaqqabı ilə girməsi ilə bağlı ilk hal deyil. O, 2020-ci ildə də şəhid ailələri və müharibə veteranlarını ziyarət edərkən mənzilə ayaqqabı ilə daxil olub. Həmin dövrdə çəkilmiş fotoşəkli sosial şəbəkələrdə geniş yayılıb, müzakirələrə səbəb olub. Fotoda 3 nəfər kişi əks olunub. Onlardan biri Mingəçevirin icra başçısı İlham İsmayılovdur, ikisinin kimliyi məlum deyil (güman ki, onlardan biri İkinci dünya müharibəsinin veteranıdır). Məlum olan odur ki, görüş mənzildə keçirilib, həmin iki nəfər ev sahibləridir və hər ikisi başmaq geyiniblər. Amma İ.İsmayılov evdə xalçanın üzərində ayaqqabı ilə gəzib, elə o formada da dayanıb foto çəkdirib.
Bəs icra başçısı başqasının evinə niyə ayaqqabı ilə daxil olur?
Mövzu ilə bağlı “Yeni Sabah”a danışan Mingəçevir Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sahib Əliyev bildirib ki, icra başçısı İlham İsmayılovun evə ayaqqabı ilə daxil olmasını şəhid ailəsi özü xahiş edib.
“Hər kəs əsas məsələni qoyub qırağa, düşüb icra başçısının üstünə ki, şəhid ailəsinin evinə ayaqqabı ilə girib.5 ildir çöldə qalan şəhid ailəsini icra başçısı evlə təmin edib.
Əvvəllər həmin evdə Şuşadan olan məcburi köçkün yaşayırdı, indi onlar öz yurdlarına qayıdıblar və mənzili təhvil veriblər. 3000 manat vəsait ayrılıb, mənzil təmir olunub və şəhid ailəsi ora köçürülüb. Təmir işləri hələ də davam edir və ərazidə abadlıq işləri aparılıb ki, şəhid ailəsi sevinsin. Yeni il ərəfəsində də başçı həmin ailəni ziyarət etdi.
Şəhid ailəsi özü icra başçısından xahiş etdi ki, evə daxil olarkən ayaqqabılarını çıxarmasınlar, çünki ev hələ tam hazır deyildi. Mən şəhid ailəsinin evlə təmin olunmasının, sosial xidmətə ehtiyacı olan bir ailənin vəziyyətinin yaxşılaşdırılmasının önəmli olduğunu vurğulayıram.

Bütün bunlara baxmayaraq, bəzi şəxslər diqqəti icra başçısının evə ayaqqabı ilə daxil olunması məsələsinə yönəldib. Şəhid ailəsi özü etiraf edib ki, icra başçısını evə dəvət edib və deyib ki, ayaqqabılarınızı çıxarmayın, çünki təmir tam yekunlaşmayıb. Mən İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiriyəm və özüm də orada idim.
Bu vəziyyətdə əsas məsələ sosial ehtiyacın ödənilməsi və şəhid ailəsinin mənzillə təmin olunmasıdır. Prezidentin tapşırıqlarına uyğun olaraq Şəhər İcra Hakimiyyəti bu işi yerinə yetirib, əlavə vəsait ayrılaraq ev təmir olunub.
Şəhid ailəsi əvvəllər çətin şəraitdə yaşayıb və indi onlara mənzil verilib. Təmir işləri hələlik tam bitməyib, mətbəxdə bəzi işlər tamamlanmayıb. Onlar da yaxın vaxtlarda öz həllini tapacaq ki, ailə rahat şəkildə yaşaya bilsin”.
Şöbə müdiri nədənsə bu məsələdə jurnalistləri günahkar sayır:
“Mətbuat nümayəndələrindən xahiş edirəm ki, məsələyə obyektiv yanaşsınlar və bu işin əhəmiyyətini, yəni çətin vəziyyətdə qalmış bir şəhid anasının evlə təmin olunmasını işıqlandırsınlar”.













