İlon Mask: Tətil ağılsızlıqdır

İsveçdə Metallurgiya sənayesi işçilərinin həmkarlar ittifaqının oktyabrın sonundan başlayan tətili davam edir.
Avtosfer.az xəbər verir ki, etiraz aksiyası “Tesla” şirkətinin bütün avtomobil təmiri və xidməti mərkəzlərini əhatə edir. Avtomobillər üçün dövlət nömrə nişanlarını toplamaqdan və ya çatdırmaqdan imtina edən poçt xidmətinin işçiləri də tətilə qoşulublar. Limana bir neçə gün əvvəl yan almış elektromobillərlə dolu gəmi də tətilə görə boşaldılmır. Bu gün tətilə Almaniyada yerləşən təchizatçı şirkət də qoşulub.
İlon Mask İsveçdəki tətil dalğasını "ağılsızlıq" adlandırıb. O, bu barədə “X” sosial şəbəkəsində “Tesla” avtomobillərinin tətilə görə yeni nömrə nişanları ala bilməyəcəyinə dair paylaşıma şərhində yazıb.
“İF Metall” ittifaqı “Tesla”nın kollektiv müqavilə imzalamasını tələb etsə də, Amerikanın avtomobil nəhəngi bununla razılaşmayıb. “Tesla” bir müddət əvvəl bəyan edib ki, şirkətin dünyanın heç bir yerində kollektiv müqaviləsi mövcud deyil və bununla bağlı qərar İsveçdə yox, başqa yerdə qəbul edilməlidir.













