İlham Əliyev yenə Paşinyana dərs keçdi - ŞƏRH
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın “RİA Novosti” agentliyinə müsahibə verib. Ölkə rəhbərlərinə eyni suallar verilib və eyni cavab imkanı yaradılıb.
Biz bu sual-cavab formatı əsasında hər iki ölkə başçısının siyasi panoramasını müəyyənləşdirməyə çalışacağıq.
1-ci sual: Sentyabrın 27-dən başlayan hərbi əməliyyatları necə qiymətləndirirsiniz? İtkilər necədir, sizin qiymətləndirmənizə görə, əsir düşənlər çoxdur?
İlham Əliyev Ermənistanın hələ iyulda Azərbaycan sərhəddini Tovuzda pozduğunu və göstərilən tarixdən etibarən hərbi əməliyyatlara başladığını, ölkəsinin düşməni zərərsizləşdirmək üçün əks-hücumlara başladığını bildirir. O, qarşı tərəfdən mülki əhaliyə hücumların olmasını vurğulayır və həlak olmuş və yaralanmış vətəndaşlarımızla bağlı statistikanı açıqlayır.
Baş nazir Nikol Paşinyana da sual verilir, lakin mahiyyəti üzrə cavab alınmadığına görə, sual bir daha izah formasında verilir. Aydın görünür ki, Paşinyan baş verənləri ayıq qiymətləndirmək, təhlil etmək və auditoriyaya öz fikrini çatdırmaqda çətinlik çəkir. Onun cavabını isə qısaca belə ifadə etmək olar ki, həlak olanlar çoxdur.
Göründüyü kimi, İlham Əliyev öz ölkəsinin mövqeyini aydın şəkildə ifadə etdiyi, Ermənistanın təxribatlarını, mülki şəxslərə qarşı müharibə aparıldığını göstərir və özünə güvənən, qəti mövqe ortaya qoyan lider kimi danışır. Paşinyan isə fikri dağınıq, mövcud vəziyyəti ayıq qiymətləndirmək imkanından məhrum olmuş, sanki təzyiq altında olan və sualın cavabını bilməyən tələbə təəssüratı bağışlayır.
2-ci sual: Müxtəlif istiqamətlərdən Suriya və Liviyadan Azərbaycan Ordusunun tərəfində muzdluların iştirak etdiyini eşidirik. Buna nə dərəcədə inanmaq olar?
İlham Əliyev Azərbaycan ordusunun böyük potensiala malik olduğunu, 100 mindən çox əsgər və zabit heyətinə malik olduğunu və bu potensialı dəfələrlə artırmaq imkanını diqqətə çatdırır. O, Ermənistanın 1 milyard dollardan artıq dəyərdə hərbi texnikasının məhv edildiyini, bunu intizamsız muzdluların yox, intizama malik, peşəkar hərbi təlim keçmiş ordunun işi olduğunu vurğulayır. Bugünədək Azərbaycan tərəfində Yaxın Şərq ölkələrindən heç bir terrorçunun iştirakına dair sübutun təqdim olunmaması bir daha təkrarlanır.
Ermənistanın baş naziri Azərbaycan Ordusunda muzdluların iştirakı ilə bağlı heç bir fakt təqdim edə bilmir, xarici mediada ümumi sözlərdən ibarət materialları və “fake” məlumatları buna əsas kimi göstərir. Avantüra xarakterli cavabında Paşinyan Türkiyənin, hətta Pakistanın hərbi əməliyyatlarda iştirakı barədə iddialar irəli sürür, Türkiyə amilini artıq “sübut olunmuş fakt” kimi təqdim edir. Nə qədər gülünc görünsə də, baş nazir müharibənin başlama səbəbini onunla izah etməyə çalışır ki, guya Azərbaycan Ordusu Dağlıq Qarabağdakı silahlı birləşmələrə qarşı vuruşmağa qadir olmadığına görə, Türkiyə müharibəyə başlamaq barədə qərar verib.
Paşinyan Dağlıq Qarabağdakı qondarma rejimin Azərbaycanla yox, Türkiyə ilə qarşı-qarşıya olduğunu isbat etməyə Türkiyədən gələn yaraqlıların artıq Dağıstanda göründüyünü və məhv edildiyini deyir. O bununla qarşıdurmanın coğrafiyasının genişləndiyi, onun regional xarakter aldığı iddiası ilə rəsmi Moskvaya nə etməli olduğu barədə mesaj verməyə çalışır. Üstəlik, Paşinyanın ifadələrindən belə anlaşılır ki, o, məsələni xristian-müsəlman müharibəsi müstəvisinə də çevirməklə, özünə Qərbdən yardım umur.
Paşinyanın cavabı məhdud fantaziyasını işə salmış orta statistik jurnalistin yazdığı cızmaqaraya oxşayır. Görünür, Paşinyan təkcə yaxşı baş nazir və siyasətçi deyil, həm də yarımçıq jurnalistdir. O, hesab edir ki, daxili auditoriyaya ötürdüyü yalanları həm də bütün dünyaya bəyan edə bilər. Bütün dünya erməni terroru haqda geniş məlumata malik olduğu və Azərbaycanın 30 ildir Ermənistanın işğalçı siyasətindən əziyyət çəkdiyini bildiyi halda, Paşinyan bəsit şəkildə 30 illik Azərbaycan həqiqətini elə Azərbaycanın özünə qarşı çevirməyə çalışır.
3-cü sual: Oktyabrın 10-da Moskvada əldə olunmuş razılaşmada baza prinsipləri xatırladılır. Xahiş edirik bu prinsipləri açıqlayın, siz onları necə başa düşürsünüz?
Prezident İlham Əliyev qısa şəkildə həm baza prinsiplərinin işlənmə tarixçəsi, həm də onun mahiyyəti barədə məlumat verir. Aydın şəkildə göstərir ki, bu prinsiplər Ermənistanın əvvəlki rəhbərliyi ilə danışıqlar prosesində işlənib hazırlanıb. Paşinyan 2018-ci ildə çevriliş yolu ilə hakimiyyətə gələndən sonra isə görülmüş bütün işlər kənara qoyuldu, danışıqların formatının dəyişdirilməsinə cəhd göstərildi və ümumiyyətlə danışıqlar prosesinə böyük zərbə vuruldu. Bundan başqa, Ermənistanın yeni hakimiyyəti Azərbaycana heç bir güzəşt olmayacağını bəyan etdi.
Hətta Paşinyan həddini aşaraq danışıqlar stolu arxasında tanınmamış əldəqayırma Dağlıq Qarabağ Respublikasının rəhbərliyinin iştirak etməli olduğunu bildirməklə danışıqlar prosesini pozmaqda maraqlı olduğunu göstərdi. Əgər belədirsə, indiki müharibədə niyə qondarma respublika vətəndaşları yox, Ermənistan Ordusuna məxsus hərbi qulluqçular da iştirak edir.
Sual oluna bilər ki, nəyə görə prezident İlham Əliyev baza prinsiplərinin detalları barədə danışa bilir, atılacaq addımları göstərir, amma Paşinyan ümumi sözlərlə konkret sualdan yayınır. Ermənistanın baş naziri “məsələ ondadır ki, bu prinsipləri tərəflər necə interpretasiya edir” deməklə cavabdan qaçır və heç bir detal barədə məlumat vermir. Çünki bu detallar münaqişənin mərhələli həll variantını, 7 rayonun qaytarılmasını, məcburi köçkünlərin öz torpaqlarına qayıtmasını və son mərhələdə Dağlıq Qarabağın satatusu məsələnin həllini nəzərdə tutur. Paşinyan bu həqiqətləri dilə gətirə bilmir və buna görə də sualdan ümumi cavablarla yayınır.
Sual 4: Əgər kompromislər haqqında danışsaq, siz hansı kompromisə hazırsınız? Elə bir xətt varmı ki, siz heç bir halda onu keçməyəcəksiniz?
Prezident İlham Əliyev aydın şəkildə izah edir ki, Azərbaycanın mövqeyi beynəlxalq qanunvericiliyin norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və məsələyə praqmatik yanaşmaya əsaslanır. Azərbaycan heç bir halda ərazi bütövlüyünün pozulmasına və Dağlıq Qarabağın müstəqilliyinə razı olmayacaq. Bununla yanaşı, dövlət başçımız onu da diqqətə çatdırır ki, gələcəkdə Dağlıq Qarabağın ərazisində azərbaycanlıların və ermənilərin sülh şəraitində yaşaması təmin edilməlidir.
Eyni sual Paşinyana üç dəfə verilir. Ermənistanın baş naziri ya sualı başa düşmür, ya da özünü eşitməzliyə vuraraq sualdan yayınmağa çalışır. Birinci dəfə o, kompromis kimi xalqların öz müqəddəratını təyin etməsini, sonra isə bu müddəanı “qırmızı xətt” kimi göstərir. Aydın görünür ki, Paşinyan kompromis və “qırmızı xətt” anlayışlarını qarışdırır. Buna görə də aparıcı Dmitri Kiselyov sualı ikinci dəfə təkrarlayır. Lakin Paşinyan bu dəfə də kompromis barədə sualı cavabsız qoyur. Hətta üçüncü dəfə sual təkrarlandıqda belə, baş nazir deyir ki, “biz Azərbaycanın hazır olduğu proporsional kompromislərə hazırıq”.
Sual 5: Bu müharibənin qəddarlığı artıq tarixə düşüb. Siz də bu müharibə tarixinin bir hissəsisiz. Tarixdə necə qalmaq istəyərdinz?
Prezident İlham Əliyev böyük siyasətçi kimi suala müfəssəl cavab verir. Dövlət başçımız bütün müharibələrin qurban tələb etdiyini və qəddarlıq olduğunu göstərməklə yanaşı, böyük auditoriyanın diqqətinə Azərbaycanın və Ermənistanın apardığı müharibənin fərqlərini çatdırır. Azərbaycan üçün bu, azadlıq müharibəsi, Ermənistan üçünsə bu işğalçı müharibədir. İlham Əliyev bu gün beynəlxalq birliyin tanıdığı Azərbaycan ərazilərində Ermənistanın işğalçı qüvvələrinin olduğunu diqqətə çatdırır.
Paşinyan isə bu suala cavab verə bilmir. Heç bir aidiyyəti olmadığı halda, bu məsələnin şəxsi ambisiyalarla bağlı olmadığını deyir. Eyni zamanda, münaqişənin özünün də ya anlamadığı, ya izah edə bilmədiyi, ya da ki şüurlu şəkildə qaçdığı kompromis əsasında həll olunması məsələsinə toxunur.
Bütün bunlardan belə nəticəyə gəlmək olur ki, Ermənistan hərb yolunda Azərbaycanla üz-üzə gəlməyə layiq dövlət olmadığı kimi, Nikol Paşinyanın səviyyəsi də bizim ölkə başçısının səviyyəsi ilə üst-üstə düşmür. Fikirlərini normal şəkildə izah edə bilməyən, yarımçıq jurnalistikadan gəlib, siyasi rəhbər postuna uyğunlaşa bilməyən Paşinyan məhz bu müharibənin səbəbkarıdır. Məhz onun dəxilsiz açıqlamaları bugünkü hərb yolunu qaçılmaz etdi. Ortada itirən isə həlak olan erməni əsgərlərinin valideynləridir.
Nərminə