KİV: "İran uranın zənginləşdirilməsi üçün azı 170 avadanlıq alıb"

İran son aylarda uranı zənginləşdirmək üçün komponentlərin istehsalını artırıb.
Lent.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” adı açıqlanmayan qərb diplomatlarına istinadən məlumat yayıb.
Bildirilib ki, iyun ayında baş vermiş insidentlə əlaqədar işlərin dayandırılmasından sonra bu ilin avqustunda Kərəc şəhərindəki nüvə obyektində sentrifuqalar üçün rotor və membranların istehsalı bərpa edilib.
Nəşrin məlumatına görə, son aylar bu müəssisədə istehsalın tempi daha da artıb.
Diplomatlar hesab edir ki, İran bu dəfə uranın zənginləşdirilməsi üçün azı 170 avadanlıq alıb. Bununla belə, onlar qeyd edib ki, hazırda İranın gizli şəkildə nüvə silahı istehsalı üçün istifadə oluna biləcəyinə dair heç bir sübut yoxdur.
Qeyd edək ki, oktyabrın sonunda Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi bildirib ki, o, İranla nüvə obyektlərinin, xüsusən də Kərəcdə monitorinq proqramının intensivləşdirilməsi üçün təcili danışıqların aparılmasını gözləyir. Agentliyin rəhbəri İranın bir neçə ay ərzində nüvə silahı üçün kifayət qədər material alacağını istisna etməyib.













