Körpü qəzalı vəziyyətə düşdü, işıqforun işi dayandırıldı - FOTO - VİDEO

Xəbərlər 24 İyul 2024 15:44 Oxunub 152
Körpü qəzalı vəziyyətə düşdü, işıqforun işi dayandırıldı - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sumqayıt şəhəri ilə Saray qəsəbəsini birləşdirən körpü ilə bağlı yaxın zamanlarda rəy veriləcək.

Bu məlumatı körpünün təhlükəli vəziyyəti ilə bağlı sorğusuna cavab olaraq, Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri Eyvaz Qocayev verib.

"Rəy üçün aidiyyəti qurumlara müraciət olunub. Müvafiq rəy verildikdən sonra zəruri tədbirlər görüləcək", - deyə E.Qocayev qeyd edib.

Körpünün yaxınlığındakı işıqforun işləməməsi ilə bağlı isə Baş Dövlət Yol Polisi İdarəsinə (BDYPİ) sorğu ünvanladıq.

İdarənin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev cavab olaraq faktı təsdiqləyib.

O qeyd edib ki, Sumqayıt şəhəri Məhəmməd Əsədov küçəsində Sumqayıt şəhəri ilə Saray bağlarını əlaqələndirən körpü qəzalı vəziyyətdə olduğu üçün aidiyyəti qurumlar tərəfindən ötürücü qurğuya baxış keçirilib.

"Körpüdə quraşdırılmış işıqforun hərəkəti qadağan edən fazasında nəqliyyatın körpü üzərində məcburi dayanmasının ötürücü qurğunun daha çox yüklənməsinə səbəb olduğunu nəzərə alaraq, işıqfor obyektinin müvəqqəti olaraq sarı yanıb-sönən işıq rejiminə keçirilməsi ilə bağlı qərar qəbul edilib. Sözügedən mühəndis qurğusunda aparılacaq təmir-bərpa işlərindən sonra işıqforun fəaliyyəti adi iş rejiminə qaytarılacaq".

Məsələ ilə bağlı həm də Fövqəladə Hallar Nazirliyinə (FHN) sorğu ünvanladıq.

Qurumun Mətbuat Xidmətindən cavab olaraq bildirildi ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin müraciəti əsasında qeyd olunan körpüyə baxış keçirilərək texniki müayinə aparılıb.

Körpünün vəziyyəti ilə bağlı rəyin nə zaman hazır olacağı sualımıza isə cavab ala bilmədik.

Qeyd edək ki, Sumqayıt şəhəri ilə Saray qəsəbəsini birləşdirən körpünün qəzalı vəziyyətdə olması, körpü üzərində yaranan çatlar və meydana gələn çökmənin sürücülər üçün ciddi təhlükə yaratdığı ilə bağlı ötən gün məlumat vermişdik.

(oxu.az)

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh