Kreditli maşınlara ASAN xidmət

Xəbərlər 22 Aprel 2015 17:45 Oxunub 6742
Kreditli maşınlara ASAN xidmət
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobili girovluqdan çıxarmaq üçün artıq pul tələb olunursa...

Kreditlə maşın alan 42 yaşlı Cavid Babayev 2 ildən sonra borcunu ödəyir. Borcunu ödəyən Cavid Babayev aldığı avtomobilini girovluqdan çıxarmaq üçün Baş Dövlət Yol Polis İdarəsinə müraciət edir. Cavid Babayevin anspress-ə etdiyi şikayətə görə, ondan maşını girovluqdan çıxarmaq üçün artıq vəsait alıblar.Cavid Babayevin sözlərinə görə, onun müraciəti əsasında sənədlərə və avtomobilə baxış keçirilib. Sənədlərdə və avtomobildə problem olmadığı üçün maşının girovluqdan çıxarılması üçün Cavid Babayevdən artıq pul tələb olunub. Cavid Babayev əslində bunun üçün tələb olunan dövlət rüsumunun 27 manat olduğunu bildirib və pulu ödəmək istəməyib.

Qeyd edək ki, Cavid Babayev kimi bir çox insan avtomobilini girovluqdan çıxarmaq üçün dövlət rüsumunda nəzərdə tutulandan artıq pul ödəməyə vadar olur. Ekspertlər də, bunun yol verilməz olduğunu düşünürlər. Nəqliyyatçıların hüquqi problemlərinə yardım ictimai birliyinin rəhbəri, nəqliyyat üzrə ekspert Məzahir Rüstəmovun verdiyi məlumata görə, bir çox insanlar da bu problemə görə ona müraciət ediblər. Əslində avtomobilin girovluqdan çıxarılması üçün nə qədər vəsait tələb olunmalıdır və bu proses necə keçirilir?

Bu suala cavab tapmaq üçün Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevlə əlaqə saxladıq. Qurum rəsmisi bildirdi ki, Baş Dövlət Yol Polis İdarəsinə nəqliyyat vasitəsinin girovunun bitməsi haqqında məlumat müvafiq bank tərəfindən poçt vasitəsilə məktub daxil olur. Bundan sonra sürücü avtomobilin girovluqdan çıxması üçün nəqliyyat vasitəsilə birlikdə sənədləri də Baş Dövlət Yol Polisi İdarəsinin qeydiyyat-imtahan şöbəsinə gətirir.“Əgər həmin arayış daxil olubsa, bu zaman həmin nəqliyyat vasitəsilə texniki baxış keçirilir. Sürücü 20 manat miqdarında dövlət rüsumu ödəyir. Bu zaman qeydiyyat şəhadətnaməsinin plastik hissəsi açılır, onun içərisində maşının girovdan çıxarılması barədə qeydiyyat aparılır”, - deyə Kamran Əliyev bildirib.

Yol polisinin sözlərinə görə, əgər sürücü qeydiyyat şəhadətnaməsinin dəyişdirilməsini istəyirsə, bunun üçün əlavə 17 manat dövlət rüsumu ödəməklə yeni sənəd alır. Yəni bu zaman sürücü ümumilikdə 37 manat ödəyir.

Kamran Əliyev deyir ki, əgər vətəndaşlardan artıq pul tələb olunursa, bu zaman Baş Dövlət Yol Polisi İdarəsinə yazılı şəkildə müraciət etməlidirlər: “Bu zaman vətəndaşın şikayəti araşdırılacaq. Bəlkə həmin vətəndaşın ödəmədiyi əlavə cəriməsi olub. Onu ödənilməsi tələb olunur. Əlavə rüsumların artıq alınması ilə bağlı çox az müraciətlər olur. Bütün hallarda belə müraciətlər araşdırılır. Əgər həqiqətən də, qanunsuzluq aşkar olunarsa, mütləq bunun qarşısı alınır”. 

Əslində yaranmış problemin bircə həll yolu var. Yaxşı olardı ki, bu xidmət də “ASAN xidmət”ə verilsin. Bu zaman yaranmış bütün narazılıqlar aradan qaldırılar. Vətəndaşların süründürməçiliyinə son qoyular. Sürücülər də yol polislərini artıq pul tələb etməkdə günahlandırmazlar. Nəqliyyat üzrə ekspert Məzahir Rüstəmov da, verilən təklifin doğru olduğunu bildirib. Onun fikrincə əgər bu sahə də “ASAN xidmət”ə verilərsə, bu zaman yol polisilə vətəndaş arasında yaranacaq bütün narazılıqlar aradan qaldırılacaq.

Məsələ ilə bağlı “ASAN xidmət”in ictimaiyyətlə əlaqələr sektorunun müdiri Anar Hüseynov bildirib ki, ölkə başçısı İlham əliyevin imzaladığı fərmana əsasən xidmət göstərir. Əgər gələcəkdə prezident İlham Əliyev sərəncam verərsə, xidmətin “ASAN” tərəfindən keçirilməsi üçün heç bir problem yoxdur.

Hazırda “Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə ASAN xidmətləri çərçivəsində 9 dövlət qurumu tərəfindən xidmət göstərilir. Bundan başqa, özəl şirkətlər tərəfindən də 230-dan çox xidmət göstərir. Əgər yeni bir fərman olarsa, bu xidmət də bizim tərəfimizdən göstərilə bilər. Burada heç bir problem olmaz”, - deyə Anar Hüseynov bildirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh