Oğuzda qiymətli ağac növlərini kəsən dəstə ələ keçirilib - FOTO - VİDEO
Xəbərlər 28 Noyabr 2020 13:51 Oxunub 246
Oğuzda qiymətli ağac növlərini kəsən dəstə ələ keçirilib - FOTO - VİDEO

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Oğuz meşələrində qiymətli ağac növlərini qanunsuz olaraq kəsən dəstə üzvlərinə qarşı xüsusi əməliyyat keçirilib.

Əməliyyat Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri ilə birgə həyata keçirilib.

Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Meşələrin İnkişafı Departamentinin əməkdaşlarından Oğuz rayonunun Filfilli, Xaçmaz və sair kəndlərinin ərazilərində yerləşən meşə zolaqlarında kütləvi şəkildə qanunsuz ağackəsmə əlamətlərinin müşahidə edilməsi barədə məlumat daxil olub. Hər iki qurumun əməkdaşları tərəfindən qeyd olunan xüsusatların hərtərəfli və obyektiv araşdırılması məqsədilə adıçəkilən kəndlərdə meşə zonaları nəzarətə götürülüb.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən əməliyyat tədbiri nəticəsində qısa zamanda müəyyən olunub ki, həmin meşələrdə qiymətli növ ağacların qanunsuz kəsilərək emal sexlərinə satışı Oğuz rayon sakinləri Elşən Hüseynov və əvvəllər məhkum olunmuş Ehtibar Muxtarov tərəfindən həyata keçirilib. Həmin şəxslər əməliyyat nəticəsində saxlanılaraq Baş İdarəyə gətiriliblər.

Elşən Hüseynov və Ehtibar Muxtarov tərəfindən qanunsuz olaraq kəsilmiş ağaclar, onların oduncaqlarının yeri və digər ləvazimatlar maddi sübut kimi Baş İdarənin əməkdaşları tərəfindən aşkar olunaraq götürülüb. Ekspert rəyi ilə məlum olub ki, bu şəxslər  qanunla qorunan meşə sahələrinə külli miqdarda maddi ziyan vurublar. Onlar ifadələrində etdikləri cinayəti etiraf ediblər.

Qeyd olunan faktlarla bağlı dəstə üzvləri barəsində Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb. Hazırda cinayət işi üzrə bütün halların tam, hərtərəfli araşdırılması, eləcə də dəstənin digər üzvlərinin saxlanılması istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh