Oğuzda yararsız respublika əhəmiyyətli yol - VİDEO
Şimal-qərb bölgəsində həm kəndləri birləşdirən, həm də respublika əhəmiyyətli elə bir yol var ki, demək olar, hər kəs bu yolun vəziyyətindən gileylidir.
Söhbət Kərimli-Oğuz avtomobil yolundan gedir.
Ümumi uzunluğu 31 km olan Kərimli-Oğuz avtomobil yolunun 10 km-lik hissəsinin təmirə ehtiyacı var. Yolun ən keçilməz nöqtəsi isə rayonun Yaqublu kəndi ərazisinə düşən 2,5 kilometrlik hissəsidir.
Sakinlər deyir ki, məsafə və vaxt baxımından cəmi 5 dəqiqəyə getməli olduqları yolu təqribən yarım saata qət edirlər.
Onu da qeyd edək ki, bu yoldan Oğuzdan Şəkiyə, Mingəçevirə, Yevlaxa, Bərdəyə, Gəncəyə və rayonun kəndlərinə gedən minlərlə sakin istifadə edir. Sakinlər və sürücülər yayda toz-torpaq, qışda isə palçığa qərq olan bu yolun nə vaxt təmir olunacağı sualını illərdir aidiyyəti qurumlara verdiklərini bildirir.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, sözügedən yolun yenidən qurulması məqsədilə layihə hazırlanıb və aidiyyəti üzrə təqdim edilib. Maliyyə vəsaiti ayrılan kimi yolun təmirinə başlanılacaq.
Daha ətraflı Baku TV-nin süjetində: