Oyunlar zolağına daxil olanların cərimələri ləğv edilməlidir - EKSPERT

Xəbərlər 30 İyun 2015 14:13 Oxunub 1839
Oyunlar zolağına daxil olanların cərimələri ləğv edilməlidir - EKSPERT
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İnzibati Xətalar Məcəlləsinin bir neçəsi maddəsi tam qanuni şəkildə buna imkan verir

Ölkəmizin və dünyanın idman tarixində yeni səhifə açan Birinci Avropa Oyunları başa çatdı. Bu mühüm beynəlxalq tədbirin uğurla baş tutmasında vətəndaşlarımızın görülən hər bir işə anlayış və sayğı ilə yanşmasının da mühüm rolu oldu. Oyunlar keçirilən müddətdə Bakı şəhərinin küçə və prospektlərində son illər üçün rekord sayıla biləcək dərəcədə az avtomobil göründü. Nəticədə oyunların keçirildiyi müddətdə, hətta ondan 10 gün əvvəl Bakı şəhərində tıxac və sıxlıq, demək olar ki, müşahidə edilmədi. Bu mənzərənin yaranması qismən tətbiq olunan inzibati tədbirlərlə bağlı olsa da, məncə, əsas rolu əksər sürücülərin bu məsələyə həssas və şüurlu yanaşması oynadı. Uzun müddət aparılan təbliğat nəticəsində xeyli sayda sürücü Bakı şəhərində fərdi avtomobildən istifadədən könüllü olaraq imtina etdi. 

Oyunlar öz möhtəşəm nəticələri ilə yaddaşlara köçdü. Bu tədbirdən sonra  bəzi sürücülərimiz küçə və prospektlərdə xüsusi ayrılmış oyunlar zolağına daxil olaraq hərəkət etdiklərinə görə cərimə edilib-edilməyəcəkləri ilə maraqlanırlar.

Oyunlar zolağı təzə yaradılan vaxt bu mövzuda xeyli müzakirələr getdi. Avtosfer.az saytı və digər kütləvi informasiya vasitələri ilə çoxlu sürücülər bu məsələyə aydınlıq gətirməyimi istəyirdilər. Oyunlardan əvvəl bütün dostlara və oxucularımıza tövsiyyə etdik ki, bu məsələnin hüquqi xırdalıqlarına getmədən oyunlar zolağı ilə bağlı nəzərdə tutulan məhdudiyyətlərə riayət etsinlər. Çünki söhbət ölkəmizdə həyata keçirilən çox mühüm beynəlxalq əhəmiyyətli tədbirin möhtəşəm keçirilməsi üçün zəruri olan məhdudiyyətlərdən gedirdi. Belə olan halda məqsədəuyğunluq prinsipinin hüquqauyğunluq prinsipindən önə çəkilməsi normal sayıla bilər. Artıq Avropa Oyunları uğurla başa çatdığından hesab edirəm ki, oyunlar zolağının tələbini pozan sürücülərin məsuliyyəti məsələsinə də aydınlıq gətirmək zəruridir. Fikrimcə, bu məsələnin həlli üçün də həm qanunauyğunluğu, həm də məqsədəuyğunluğu nəzərə almaq lazımdır. 

Bu prinsiplərin hər ikisi isə bir nəticəyə gəlməyə imkan verir: oyunlar zolağının tələbini pozmuş sürücülərə tətbiq olunan cərimələr ləğv edilməlidir, yaxud belə sürücülər barəsində başlanmış icraata xitam verilməlidir. Səbəbini qısaca izah etməyə çalışacağam.

 

Hüquqauyğunluq məsələsi

 

Təəssüflə qeyd etməliyəm ki, oyunlar zolağının təşkili zamanı qanunvericiliyin heç də bütün tələbləri nəzərə alınmadı. Kənaraçıxmalar aşağıdakılardan ibarətdir:

1. Ölkəmizin yol hərəkətinə dair qanunvericiliyi küçə və yollarda bu məqsədlə ayrıca hərəkət zolaqlarının təşkil olunmasını nəzərdə tutmur (qanunvericilik küçə və yollarda yalnız bircə məqsədlə  -  ictimai nəqliyyat üçün xüsusi hərəkət zolağının təşkilinə imkan verir). Əsas məqam da məhz elə budur. Əgər qanunvericilikdə belə xüsusi zolağın təşkili nəzərdə tutulmayıbsa, deməli, həmin zolağın təşkilindən sonra bu zolaqla bağlı ortaya çıxan bütün hüquqi faktlar əhəmiyyətsizdir. Çünki həmin faktlar heç bir qanunvericiliyə söykənmir. Heç kəsin xətrinə dəymək istəməsəm də, qeyd etməliyəm ki, bu zolaqlara hüquqi status vermək üçün heç bir iş görülmədi. Amma bunu etmək çox asan idi, özü də analogiya da var idi. Əgər xatırlayırsınızsa, Oyunların başlamasına təxminən 2 ay qalmış Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə Milli Məclis “Bədən tərbiyəsi və idman haqqında” Qanuna və İnzibati Xətalar Məcəlləsinə (İXM) ciddi dəyişiklik etdi. Bu dəyişikliklər idman arenalarında tamaşaçıların davraınışını daha detallı tənzimləməyə, müvafiq qaydaları pozanların isə məsuliyyətini dəqiqləşdirməyə yönəlib. Oxşar düzəlişlərin “Yol hərəkəti haqqında” Qanunda da edilməsinə heç bir problem yox idi, amma bu edilmədi.

2. Qanunvericilikdə xüsusi zolağın mövcudluğu nəzərdə tutulmuş olsaydı da, həmin zolağın sarı xətlə fərqləndirilməsi nəzərdə tutulmur. 

3. Həmin zolaqlara daxil olan sürücülər üçün cərimə tətbiq olunarkən bu zolaqların müəyyən yerlərində yuxarıdan asılmış 3.2. “Hərəkət qadağandır” nişanının tələbinin pozulmuş olması əsas gətirilir. Amma mövcud qanunvericilikdə 3.2. nişanın da bu məqsədlə tətbiqi nəzərdə tutulmur. Hər bir nişan kimi 3.2. nişanının da mənası, irəli sürdüyü tələb və onun tətbiqi qaydası qanunvericilikdə aydın şəkildə təsbit edilir. Bu nişan ayrıca zolaqda yox, bütövlükdə yolda nəqliyyatın hərəkətinı qadağan edir. Özü də həmin qadağa mütləq deyil. Çünki nişanın qoyulduğu yol sahəsində yaşayan vətəndaşlara, eləcə də həmin sahədə yerləşən təşkilatlara məxsus olan və ya onlara xidmət edən nəqliyyat vasitələri bu nişanın qoyulduğu sahəyə daxil ola bilər.

Konkret küçə və prospektlərdə oyunlar zolağı ilə bağlı daha xırda təfsilatlara nəzər yetirsək, başqa məqamlar da görə bilərik, amma bunlara ehtiyac yoxdur.

Ümumiyyətlə, bu tipli məsələlərin həlli mütləq qanunvericiliyə söykənməlidir. Bu mənada dünyanın müxtəlif ölkələrində çox gözəl təcrübə də mövcuddur. Məsələn, Soçidə keçirilən Qış Olimpiyadasından xeyli əvvəl Rusiya höküməti yol hərəkətinə dair qanunvericiliyə xüsusi qaydalar əlavə etdi. Həmin qaydalar bu tipli tədbirlərin keçirildiyə ərazidə tətbiq olunan müvəqqəti qaydaları təsbit etdi. Hətta belə xüsusi zolaqların yaradılması və onlardakı hərəkət rejimi təsdiqləndi, bu zolaqları fərqləndirən xüsusi nişanlar təsis edildi. Bu qaydalar qabaqcadan rəsmi dərc olunaraq, ictimaiyyətin diqqətinə çatdırıldı və Olimpiada dövründə Soçi şəhərinin bir neçə küçəsində tətbiq edildi. Nəticədə bu şəhərdə yol hərəkətinin fərqli təşkili ilə bağlı hər hansı hüquqi boşluğa yer qoyulmadı. Düşünürəm ki, gələcək üçün bu tipli tədbirləri keçirməzdən əvvəl biz də belə etməliyik. 

 

Məqsədəuyğunluq məsələsi

 

Yuxarıda qeyd etdim ki, sürücülərimizin mütləq əksəriyyəti Avropa Oyunları zamanı tətbiq olunan məhdudiyyətləri anlayışla qarşılayaraq, şüurlu şəkildə onlara riayət etdilər. Belə olan halda tək-tük intizamsız sürücülərin laqeydliyini, bəzilərinin isə şəritdən doğan səhvini bağışlamaq da olar. Düzdür, bu zaman ədalət prinsipinin pozulacağını da düşünmək olar, amma bir halda ki, bu işin təşkilində hüquqi boşluqlar mövcud olmuşdur, deməli, dərinə getməyə lüzum yoxdur. Həm də düşünürəm ki, bu Oyunların uğurla başa çatmasını və əksər sürücülərimizin mədəni davranışını nəzərə alaraq, azsaylı intizamsızlara güzəşt etmək onları öz əməllərinə görə xəcalət çəkməyə və gələcəkdə daha mədəni olmağa sövq edər. Əsas hədəf Oyunların möhtəşəm şəkildə keçirilməsi idi. Buna da nail olundu. Ona görə də qoy belə intizamsızlar öz vicdanları ilə üz-üzə qalsınlar. 

Deyilə bilər ki, Oyunlar vaxtı intizamsızlığa yol verən sürücülərin bağışlanması gələcəkdə bu tipli tədbirlər zamanı daha genişmiqyaslı intizamsızlığa yol aça, pis nümunə ola bilər. Amma məncə, gələcəkdə yuxarıda qeyd etdiyim hüquqi problemləri də həll etməklə, belə tək-tük intizamsızların daha səmərəli cəzalandırılmasını həyata keçirmək olar. 

İXM-də əfvetmə qaydasında tənbehdən azad edilmə, yaxud inzibati məsuliyyətdən amnistiya nəzərdə tutulmur. Amma yuxarıda gətirdiyim əsasları nəzərə alaraq, hesab edirəm ki, oyunlar zolağına dair tələbi pozmuş sürücülər barəsəində icraata İXM-in 367.0.1-ci, 409.5-ci və 446.1.4-cü maddələri rəhbər tutularaq xitam verilməli, yaxud artıq çıxarılmış cərimə qərarlarının icrasına xitam verilməlidir.

İXM-in sadaladığım maddələri tam qanuni şəkildə buna imkan verir. Qalır bunu həyata keçirmək.

 

 

Ərşad Hüseynov,

hüquqşünas.

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh