Piyada səkisini zəbt edib PARKİNQ YARATDILAR – PROBLEM - FOTO

Bakı şəhərinin Mirzağa Əliyev küçəsində piyada səkisini zəbt edərək skuter və velosiped üçün parkinq, kirayəlik yer yaradılıb. Bu, digər hərəkət iştirakçılarına mane olur. Əlilliyi olan şəxslərin, xüsusən də əlil arabasında hərəkət edən şəxslərin bu süni baryeri aşması ümumiyyətlə qeyri-mümkündür. Piyadalar isə ya velosiped təkərinə və yol nişanının dirəyinə üst-başını, paltarını sürtərək oradan keçməli, yaxud da avtomobil yolu ilə hərəkətə davam etməlidirlər. Bu halda da həm piyadaların həyatı təhlükəyə atılır, həm də sürücülər üçün problem yaranır.
Paytaxt ərazisində velosiped və skuterlərin hərəkəti üçün ayrıca yolların, zolaqların yaradılmasını, parkinq və kirayə yerlərin ayrılmasını alıqışlayır, qabaqcıl ölkələrdəki nümunənin şəhərimizdə də tətbiqindən məmnunluq hissi keçiririk.
Bu siyasətin, islahatın Bakının nəqliyyat sıxlığının aradan qaldırılması istiqamətində növbəti addım olduğunu da yaxşı dərk edirik. Amma islahat dediyin belə olmalıdırmı? Bir hərəkət iştirakçısının rahatlığını təmin etmək üçün digər hərəkət iştirakçısının hüququnu pozmalı, sərbəst hərəkətini məhdudlaşdırmalıyıqmı?

Mövzu ilə bağlı danışan nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev dedi ki, paytaxt Bakı oturuşmuş, hərəkət sıxlığı olan şəhərdir. Onun sözlərinə görə, belə yaşayış məntəqələrində velosiped parkinqi üçün piyadaların səkisindən istifadə etmək, onu kiçiltmək, digər hərəkət iştirakçılarına süni maneə yaratmaq yolverilməzdir: “Təbii ki, velosiped və skuterlər üçün kirayəlik yerlərə, parkinqlərə, dayanacaqlara ehtiyac var. Amma səkiləri zəbt edərək belə yerlər yaratmaq doğru deyil. Həmin vasitələr üçün müəyyən yerlər ayrılmalıdır. Şərt deyil ki, bu, düz yolun kənarında, yaxud piyada səkisinin üzərində olsun. Məsələn, şəhərimizdə çoxlu parklar və meydanlar var. Onların içərsində də belə parkinq yerləri yaratmaq olar. Bu işləri həyata keçirərkən diqqətlə araşdırmaq, digər hərəkət iştirakçılarının sərbəst hərəkətinə mane olmamaq şərtilə müvafiq tədbirlər görmək lazımdır”.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və İctimai İşlər üzrə rəisi Toğrul Nəsirli söylədi ki, piyadalar yol hərəkətinin ən müdafiəsiz iştirakçıları sayılırlar. Rəisin sözlərinə görə, piyadaların iştirakı ilə baş verən qəzaların qarşısının alınması, onların mənzil başına rahat və təhlükəsiz çatması istiqamətində Bakı Şəhər Dövlət Yol Polisi tərəfindən mütəmadi olaraq nəzarət profilaktik tədbirlər həyata keçirilir: “Bəzən piyadalar yolun hərəkət hissəsinə düşmək məcburiyyətində qalırlar. Bu da ümumilikdə onların iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinə real zəmin yaradır. Hər bir halda piyadalar, eləcə də nəqliyyat vastələrinin sürücüləri diqqətli olmalıdırlar, qaydalara ciddi şəkildə riayət etməlidirlər. Unutmaq olmaz ki, ani diqqətsizlik böyük qəzaların baş verməsinə səbəb ola bilər”.

Mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) də mövqeyini öyrəndik. Qurumun mətbuat katibi Tural Orucov bildirdi ki, sözügedən əraziyə baxış keçiriləcək, piyadaların rahat və maneəsiz hərəkəti üçün AYNA tərəfindən müvafiq şərait yaradılacaq.
Medianews.az
Bu avtobuslarda gediş haqqı bahalaşdı - Sərnişinlərin DİQQƏTİNƏ!
Prezident müşavirə keçirdi - TAM MƏTN - FOTO - YENİLƏNİB
Avtobusda soyğunçuluq edən 3 nəfər saxlanıldı - VİDEO
Dumanlı hava şəraiti səbəbindən görünüş məhdudlaşacaq
Sabahdan Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır
Zəif maqnit qasırğası proqnozlaşdırılır - Günəşdə aktivlik artıb
Azərbaycanda bu taksi şirkəti bağlanır
Vəfadan maşın-pul alanı Allah görbagor etsin - Kərimov - FOTO
Prezident İlham Əliyev deputatla bağlı sərəncam verdi - FOTO
Bakıda yeni avtomobil və piyada tunellərinin tikintisinə başlanıldı - FOTO - VİDEO
Dövlətə xəyanət edib başqa ölkəyə işləyən silahlı şəxs həbs olundu - DTX-dan ƏMƏLİYYAT











