Post-konflikt dövrünun inkişaf mərhələsi: Yeni imkanlar, yeni çağırışlar - ŞƏRH
Torpaq ən böyük xəzinədir. Tarix bunu əsirlər boyu təkrar-təkrar sübut edib. Həmişə ən mənfəətli, istənilən istiqamətdə inkişaf etdirilə bilən insanın ayaq bastığı əsas iqtisadi dayaqdır torpaq. Buna görə də, ölkənin bütün iqtisadi uğurlarında əsas başlanğıc da hesab edilə bilər. Azərbaycan illərlə ona məxsus olan işğal altında olan torpaqların verdiyi imkanlardan, yarada biləcəyi fürsətlərdən, təbiətin təmənnasız sərvətlərindən yararlana bilməyib. Ən əsası isə xalqın haqqı olan əmlak uzun illər boyu işğalçı ölkənin istismarı altında qalıb.
Bu gün Azərbaycan işğaldan azad edilmiş torpaqlarında istənilən fəaliyyəti həyata keçirmək iqtidarını yenidən əldə edib. Bu siyasi üstünlüyün əldə edilməsi həm də iqtisadi inkişafın bir hissəsidir. Axı, ən böyük siyasi qələbələr həmişə iqtisadi inkişafa hesablanıb. Bu istiqamətdə atılan hər bir addım sosial rifaha, iqtisadi və siyasi stabilliyə yönəlib.
Azərbaycanın azad edilmiş ərazilərində yenidənqurma işlərinə keçid prosesinə artıq start verilib. Ölkə ərazində bütün qurumlar hazırda öz məsuliyyətində olan istiqamətlər üzrə işğaldan azad edilən ərazilərdə genişmiqyaslı yenidənqurma işlərinin aparılması üzrə planlar hazırlayır. Bu ərazilərin bir çox cəhətdən investorları cəlb edə biləcək xüsusiyyətləri araşdırılır. İlk olaraq, işğaldan azad olunmuş ərazilərdə təhlükəsizliyin təmin edilməsi, ərazilərin yaşayış səviyyəsini dəktəkləyəcək şəkildə bərpası, bununla yanaşı sosial təminatı dəstəkləyəcək infrastruktur layihələrin tətbiq edilməsi gözlənilir. Eləcə də, bu mərhələdə kənd təsərrüfatının yararlı hala gətirilməsi prioritetdir.
Hesablamalara görə, işğal altında 250 min hektar, keçmiş təmas xəttinə yaxınlıqda olan istifadəsiz 120 min hektar ərazi post-konflikt dövründə əkin dövriyyəsinə cəlb edilə bilər. Kənd təsərrüfatı dövriyyəsinə bu ərazilərin əlavə edilməsi yerli bazarda ərzaq təminatını genişləndirəcək, eyni zamanda, sahibkarların daha çeşidli məhsulları bazara çıxarmasını stimullaşdıracaq. Yeni istehsal müəssisələrinin işlədilməsi bölgəyə investisiya axınını da artıra bilər. Ölkə ərazisində istehsal edilən brendlərin çeşidliliyinin artması xarici bazara daha çox məhsulun çıxarılmasına və “Made in Azerbaijan” brendinin geniş təbliğatına, eləcə də, qlobal miqyasda sərmayəçilərin diqqətinə səbəb olacaq. Artıq bu ərazilərdə fəaliyyət göstərəcək yerli sahibkarlar üçün güzəştli kreditlərin verilməsi planlaşdırılır. Bu demək olar ki, geniş müzakirələrin əsas predmetidir.
Ərazilərimizn işğaldan azad edilməsi həm də regiondan keçən enerji mənbələrinin təhlükəsizliyini də təmin edir. Üstəlik bu, enerji layihələrə nəzarətin də gücləndirilməsi deməkdir. Bu gün ölkəmiz bir çox nəqliyyat dəhlizinin operatorudur. Ərazilərimizin işğaldan azad edilməsi ölkənin nəqliyyat sektoruna əvəzsiz dəstək verəcək. Tranzit yükdaşımaları təhlükəsiz və davamlı şəkildə təmin etməyə yönələcək. Beləliklə, beynəlxalq daşımaların genişlənməsi qlobal portnyorlar üçün də ərazini daha da maraqlı edəcək. Bu istiqamətdə əsasən ticarət tərəfdaşlığı həyata keçirən dövlətlərin ərazilərə investisiya qoyuluşu həyata keçirməsi gözlənilir. Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanan bəyanatda Naxçıvan Muxtar Respublikası ilə iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi haqqında müddəa yer alıb. Razılaşmanın bu bəndi regionda nəqliyyat-kommunikasiya sisteminin bərpası və beynəlxalq nəqliyyat-logistika sistemində Azərbaycanın mövqeyinin güclənməsi deməkdir. Bu həm də xarici və daxili daşınmalar üçün alternativlərin çoxalmasında, ölkənin iqtisadi inkişafında, idxal və ixrac əməliyyatlarının təhlükəsiz həyata keçirilməsində önəmlidir. İstənilən halda regionda stabilliyin əldə edilməsi investorların əraziyə marağını artırır. Çünki, ərazidəki sabitlik bir sərmayəçi üçün ən vacib amil hesab edilir.
Onu da vurğulamaq lazımdır ki, bölgənin əvəzsiz mineral ehtiyatları var. İşğaldan azad olunan iqtisadi rayonlarda 155 müxtəlif növ mineral yataqları mövcuddur ki, bunlar qızıl, gümüş, mis, dəmir, sink, qranit, mərmər, qiymətli daşlar, odadavamlı gil və digər faydalı qazıntılardır. Təkcə, Zəngilan rayonunun sənaye əhəmiyyətli 6,5 ton qızıl və 3 min ton mis təşkil edən Vecnəli yatağından istifadə ilə ölkəmiz mineral resurslar ixracını daha da artıracaq. Həmçinin, Kəlbəcər rayonu da faydalı qazıntılarla, o cümlədən qızıl, xrom yataqları ilə zəngindir. Qızıl yataqları ölkədə bu sahədə yeni inkişaf templərinə səbəb olacaq. Qeyri-neft sektorunda üç lider məhsuldan biri hesab olunan qızılın ixracı Zəngilan və Kəlbəcər rayonlarının potensialından səmərəli istifadə etdikdən sonra daha da artacaq. Təkcə 2020-ci ilin 10 ayı ərzində ölkədə ən çox ixrac edilən ikinci qeyri-neft məhsulu qızıl idi və onun ixrac dəyəri 158,7 milyon ABŞ dolları həcmində olub. Artıq Azərbaycanda bu sərvətlərin işlənməsi üçün xarici investorlarla razılıq əldə edilib. Növbəti dövrdə təhlükəsizliyin tam təmini ilə Zəngilan və Kəlbəcərdə qiymətli metalların çıxarılmasına başlanılacaq.
Ümumilikdə, Qarabağda dağ-mədən sənayesi və metallurgiyanın inkişafı potensialı böyükdür. Təkcə sənaye ehtiyatları təsdiq edilmiş 132,6 ton qızılın dünya bazar qiyməti 8 milyard ABŞ dolları ətrafındadır. Ərazinin enerji təlabatını ödəməyə də kifayət qədər resursu var. Qarabağın su resurslarından istifadə edərək elektrik enerjisinin istehsalı potensialı yüksəkdir. Post-konflikt dövründə “Sərsəng”, “Tərtər”, “Xudafərin”, “Qız Qalası”, habelə irili-xırdalı digər elektrik generasiya gücləri birlikdə Qarabağın enerjiyə olan tələbatını ödəmək imkanına malik olacaq. Bu ərazilərin hidroenerji potensialını da dəyərləndirsək, bu gün qlobal miqyasda bərpa edilən enerji mənbələrinə keçid etməktə nəhəng yatırımcı şirkətlərdə kütləvi marağı var. Bu cəhətdən bütün bu enerji ehtiyatlarının və digər sənaye sahələrinin inkişaf etdirilməsi üçün bir çox sahələrdən investisiya qoyuluşları cəlb etmək mümkündür. Həmçinin, Qarabağın meşə sənayesinin və turizm industriyasının inkişafı üçün Kiçik Qafqazın dağlıq zonasının iri meşə massivi də böyük əhəmiyyət kəsb edir. Bu ərazilər həm aqrar, həm də sanəye və turizm potensialına malikdir. Həmçinin, tikinti sektoruna yararlı resurslarla da zəngindir. Bir çox beynəlxalq şirkətlər post-konflikt dövründə sənaye və enerji sahəsinə investisiya yatırımlarına müsbət baxırlar.
Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də İtaliya Deputatlar Palatasının sədr müavini Ettore Rosatonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işlərində iştirak etmək üzrə dost dövlətlərin şirkətlərinin artıq dəvət edildiyi deyib. Dövlət başçısı bildirib ki, indi Azərbaycanda bərpa dövrü başlayıb, genişmiqyaslı quruculuq işləri aparılacaq və ilk növbədə Azərbaycan şirkətləri bu işlərdə iştirak etməklə dost ölkələrin şirkətləri, eləcə də İtaliya şirkətlərinin də bərpa, rekonstruksiya və yenidənqurma işlərində fəal iştirak etməsi arzuolunandır. Onun sözlərinə görə, İtaliya tərəfinə artıq bu təkliflər edilib. Yaxın günlərdə isə videokonfrans vasitəsilə ilkin təmaslar olacaq.
Sonda qeyd edək ki, Azərbaycan Şərqlə Qərbi biri-birinə bağlayan, kifayət qədər geniş çoğrafi imkanları olan nadir ölkələrdəndir. Bu imkanların özü də beynəlxalq yatırımcılar üçün ərazini əvəzedilməz edir.