
Prezidentdən Ermənistana mesaj - İrəvan nəticə çıxarmalıdır

"Postmüharibə dövründə Azərbaycan qalib dövlət kimi sülh müqaviləsinin imzalanması təklifini irəli sürsə də, Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından bu günə kimi proses məntiqi sonluqla yekunlaşmayıb".
Bunu Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.
O bildirib ki, bölgəmizdə uzunmüddətli sülhün və təhlükəsizliyin təmin olunmasında maraqlı olan dövlətimizin irəli sürdüyü şərtlər beynəlxalq hüquqa tamamilə uyğun olsa da, Ermənistan konstruktiv mövqe ortaya qoymaq əvəzinə manipulyasiya ilə məşğuldur:
"Sülh müqaviləsinin imzalanması üçün iki şərtin qəbul edilməsi gündəmdədir ki, bunun biri Ermənistanın konstitusiyasında dəyişiklik etməsidir. Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirdi ki, biz Ermənistandan ərazi bütövlüyümüz və onların Konstitusiyası ilə bağlı nəyi gözləyirik, bu, məlumdur. Əgər bunlar edilərsə, sülh sazişi imzalana bilər və beləliklə, Cənubi Qafqazda artıq inteqrasiya edilmiş bölgə üçün heç bir maneə qalmayacaq. Dövlət başçısı bildirdi ki, realist danışsaq, bu o demək deyil ki, Ermənistanla dərhal dost olacağıq. Burada müəyyən iqtisadi inteqrasiya haqqında danışmaq tezdir. Lakin kiçik addımlarla başlayaraq etimadı qura bilərik. Bu yaxınlarda təşəbbüslər irəli sürülüb və biz Ermənistanın mövqeyini gözləyirik.
Deməli, dövlət başçısının ifadə etdiyi kimi top ermənilərin tərəfindədir. Əgər Ermənistan regionda sülhün yaranmasında, sülh müqaviləsinin imzalanmasında maraqlıdırsa, onda şərtləri yerinə yetirməlidir. Yeni hücum silahlarının alınması, şərti sərhəddə törədilən təxribatlar, mövqelərimizin atəşə tutulması heç bir halda sülhə və sabitliyə xidmət etmir. Ermənistanın havadarlarına arxalanaraq tutduğu bu mövqe yalnız yeni gərginlik ocaqlarının yaranmasına zəmin yaradır".
"Ermənistanda güclü revanşist qrupların mövcudluğunu da nəzərə alsaq, prosesin hansı istiqamətdə inkişaf edəcəyi Paşinyan hakimiyyətinin siyasətindən asılı olacaq. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa edən, ərazisində separatçılığın kökünü kəsən qalib və güclü dövlət kimi sülhün tərəfində olsa da, istənilən varianta hazırdır. Prezident İlham Əliyev ADA Universitetində keçirilən forumda da qeyd etdi ki, bizim üçün bu məsələ bitmişdir. Ancaq bu o demək deyil ki, biz potensial təhlükələri nəzərə almayacağıq. Biz özümüzü müdafiə etməyə və Ermənistanı belə bir fikrə gəldikdə, onu dərhal cəzalandırmağa hər an hazır olmalıyıq", - deyə deputat fikrini yekunlaşdırıb.
Milli Məclisin deputatı Rizvan Nəbiyev bildirib ki, Prezidenti İlham Əliyev forum çərçivəsində çox haqlı olaraq belə bir nəticəni vurğuladı ki, Ermənistanda revanşist qüvvələri iki yerə bölmək olar:
"Bunlar passiv revanşist qüvvələrdir ki, işğalın səbəbkarları idi və bu gün də bu qüvvələr yeni ərazi iddiaları, yeni müharibə həvəsi ilə öz siyasi gündəliklərini formalaşdırmağa cəhd edirlər. İkinci qüvvələr isə aktiv revanşist qüvvələrdir ki, bunların içərisində Ermənistan hökumətinin əksər üzvləri və yaxud da Ermənistan hökuməti orada yer alır. Bu qüvvələr sözdə sülh sazişini davamlı olaraq gündəmə gətirsələr də, real hərəkətləri ilə bunun əksinə addım atırlar. Dövlət başçısı misal olaraq Ermənistan konstitusiyasında, onun preambulasında Azərbaycana qarşı ərazi iddiası və bu iddianın aradan qaldırlması istiqamətində konkret addımların atılmadığını, həmçinin müharibənin qalığı olan ATƏT-in Minsk qrupunun bu gün də anlaşılmaz səbəblərdən de-yure saxlanıldığını bildirdi. ATƏT-in Minsk qrupu de-fakto olaraq öz mandatını itirib, münaqişə başa çatıb, amma bunun de-yure ləğvi üçün Ermənistan tərəfindən addımlar atıldığını görmürük. Məsələnin bu şəkildə inkişafını Prezident kapitulyasiyaya uğramış Ermənistana münasibətdə xaricdəki dairələrin səhv yanaşması ilə əlaqələndirdi. Tarixdən bəllidir ki, kapitulyasiyaya uğramış dövlətə qarşı beynəlxalq birlik məğlub dövlət yanaşmasına uyğun strategiya sərgiləyib, lakin Ermənistana münasibətdə onun havadarları, konkret olaraq adı çəkilən Fransa, keçmiş Blinken administrasiyası yanlış strategiya ortaya qoyub. Bu gün də Ermənistanın sürətlə silahlanması həyata keçirilir. Azərbaycan dövləti də bu məqama görə müharibədən beş il keçməsinə baxmayaraq, həm də 30 il işğala məruz qaldığı məqamı da nəzərə alaraq öz müdafiə qabiliyyətini artırmaq məcburiyətindədir".
"Başqa bir məsələ isə ortaq hədəflərlə bağlıdır ki, bu istiqamətdə Ermənistanla etimad tədbirlərinin yaradılması çox vacibdir. Amma bunun üçün də Ermənistan konkret addımlar atmalıdır. Bu etimad tədbirləri qısa müddətə formalaşa bilməz, zaman tələb edir. Amma bu istiqamətdə də biz Ermənistanın addımlarını müşahidə etmirik. Ermənistan özünün izolyasiya siyasətini davam etdirir. İşğal dövründə bu, özünü bir formada göstərirdi, indi də başqa formada. Ermənistan Cənubi Qafqazın siyasi, iqtisadi vahidliyini pozub, istər ekoloji, istər siyasi, istərsə də işğaldan azad edilən ərazilərdə Azərbaycanın milli-mədəni abidələrinin dağıdılması ilə. Bütün bunlar beynəlxalq humanitar hüquqla tamamilə ziddiyyət təşkil edir. Azərbaycan isə bunun tam əksinə olaraq həm İkinci Qarabağ müharibəsi, həm də birgünlük antiterror əməliyyatı zamanı beynəlxalq hüquqa uyğun hərəkət etdi. Çünki mülki əhalidən qisas almaq heç vaxt Azərbaycan hökumətinin hədəfi olmayıb. Azərbaycan döyüş meydanında öz sözünü deyərək, ərazi bütövlüyünü və suverenliyini bərpa edib".(oxu.az)