Banner

Provayder şirkətindən alınan ruter və modemlərin təmir və sistem xərclərini kim ödəməlidir?

Xəbərlər 25 Dekabr 2024 09:30 Oxunub 244
Provayder şirkətindən alınan ruter və modemlərin  təmir və sistem xərclərini kim ödəməlidir?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Artıq 6 aya yaxındır ki, ölkəmizdə özəl internet provayderləri ilə bağlı şikayətlər artmaqda davam edir. Belə ki, bir neçə ay əvvəl ölkədə internetin sürətilə yanaşı xidmətlərin artması fonunda həm dövlət, həm də özəl provayder şəbəkələri qiymətləri də artırdı. Bu isə bir çox vətəndaşların ya provayder dəyişməsinə, ya da ümumiyyətlə internetdən bu vasitə ilə istifadəsindən imtinasına gətirib çıxardı.

Avtosfer.az xəbər verir ki, son günlər internet provayderləri ilə bağlı vətəndaşları narahat edən məsələlərdən biri, ruter vəya modemlərdə sistem yenilənmələri ilə bağlı aparılan əməliyyatlar zamanı ödənişlərin edilməsidir.

Belə ki, sosial şəbəkələrdə yaranan müzakirələrdə, istifadəçilər rəy bölməsində təmir və sistem yenilənmələrinin provayder şirkət tərəfindən həyata keçirilməli olduğunu vurğulayıb.

Mövzu ilə bağlı informasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov deyib ki, belə bir qayda dünyanın heç yerində yoxdur:

“Belə ki, ruter, yaxud modem vətəndaşın istismarında olan texnologiyadır, əşyadır. Yəni, vətəndaş onu özü alır, hansısa şirkətlə internetin ötürülməsi mövzusunda müqavilə bağlayır və bu müqavilə əsasında şirkət ondan yalnız internetin verilməsi xidməti ilə bağlı  ödəniş tələb edir. Vətəndaşın istismar etdiyi əşya onun mülkiyyətinə çevrildiyi üçün təmiri ilə bağlı ödənişi özü etməlidir. Əgər hansısa ruter, yaxud modemə uzaqdan müdaxilə edilirsə, bu zaman məsələ kibertəhülkəsizlik mövzusunu aktivləşdirir. Provayder şirkətləri ruter, yaxud modemin təmirinə görə vətəndaşın evinə usta göndərə bilməz. Yalnız yeni müqavilə bağlanan zaman, yaxud müqavilə şərtində qeyd olunarsa, ilk dəfə ruter, ya da modem quraşdırılması, yaxud dəyişdirilməsi hallarında müştərinin evinə servis əməkdaşı yollamaq olar. Bu halda da evdə təmirə icazə verilmir. Texnologiya müştərinin evindən götürülərkən yerinə müqavilədə varsa, başqası müvəqqəti qoyulur, digər texnologiya servisə aparılır, baxış keçirildikdən sonra müştəriyə geri qaytarılır. Başqa müdaxilələr yolverilməzdir”.

Mövzu ilə əlaqədar hüquqşünas Nərmin Zülfüqarlı saytımıza müsahibəsində deyib ki, şərtlərin dəyərləndirilməsi ilkin məsələlərdən biridir:

“Əgər vətəndaş ruteri alqı-satqı yolu ilə əldə edibsə, o zaman burada təqsirkarın kimliyinin dəqiq müəyyələşməsi mütləqdir. Yəni, əldə olunan ruter alınarkən istifadəyə yararsızdırsa, yaxud alındıqdan sonra müştərinin özü ucbatından xarab olubsa, yaxud təyinatı üzrə istifadə edilməyibsə və s. kimi halları dəyərləndirmək lazımdır. Alqı-satqı zamanı vətəndaşlar alqı-satqının digər tərəfinin verdiyi zəmanət müddətində diqqətli olmalıdır. Zəmanət müddətinə daxil olunması şərtilə müştərinin özünün səbəb olmadığğı bütün hallarla bağlı ruterin satışını, yaxud icarəsini təşkil edən şirkət bütün xərcləri özü qarşılamalıdır. Qalan hallarda, əgər hansısa zəmanət və müqavilə yoxdursa, bütün xərclər vətəndaş tərəfindən qarşılanmalıdır”.

Səfər

ŞƏRH YAZ
Ad

E-mail

Şərh