Qobunun sonu görünməyən avtobus problemi – Şikayət
Bir qədər qeyri-korrekt səslənsə də, məsəl var, “it əl şəkdi, motal əl çəkmədi”. Bəzən problemlər insanlardan “əl çəksə” də, insanlar problemlərdən əl çəkmirlər, daha doğrusu, əl çəkməmək məcburiyyətindədirlər. Bir qədər də konkretləşdirməli olsam, yaşadığım son 10 il ərzində problemləri bitib-tükəməyən yaşayış məntəqələrindən biri və bəlkə birincisi Abşeronun Qobu qəsəbəsidir. Qobunun (aşağı-yuxarı Qobuya bitişik digər yaşayış məntəqələrinin) problemlərinin sırasında da ilk yerlərdən birini tutan məhz marşrut, avtobus çatışmazlığı məsələsidir. Ötən əsrin 90-cı illərinin ortalarından məlum səbəblərdən bölgələrdən Bakıya axının sürətlə artması səbəbilə bir çox “güşənişin” bölgələr kimi, Qobu da son 8-10 ildə xeyli böyüyüb, əhalisinin sayı ən azı 2-3 dəfə artıb. 2005-2007-ci illərə kimi əhalisi haradasa 7-10 min civarında olan bu qəsəbənin sakinlərinin sayı az qala 20 mini haqlayıb. Eyni zamanda, ətraf bölgələrin, yaşayış məntəqələrinin, Hökməli və Güzdəyin əhalisinin sayında da sürətli artım baş verib. Ancaq çox təəssüflər olsun ki, 8-10 il öncə marşrut, avtobusların sayı məsələsində vəziyyət necə idisə, indi də elədir və daha bərbaddır. Qobudan şəhərə - əvvəllər “Nizami” metrostansiyasına, sonra “20 Yanvar” metrostansiyasına və “Vərəm Diaspanseri” istiqamətinə işləyən 167 ( 67, son iki gündə isə 567) saylı marşurt saydığı yerdə sayır. Guya hər gün şəhərə 10-11 avtobus hərəkət etməli olsa da, ən yaxşı halda 7-8 avtobus işləyir. Onlar da ki, yarı təzə, yarı könhə (əslində istismara yaramayan) mikroavtobuslardır. Hətta, 5-6 il öncə Qobuya 2-3 dənə iri avtobus ayrılsa da, onların ömrü də elə 2-3 gündən artıq çəkmədi. Adı da bu oldu ki, plan vermək olmur, avtobusun tam dolması üçün qrafikin vaxtı uzaldılmalıdır və sair. Əslində isə bu məsələdə sürücülərin bəziləri daha çox günahkar idilər. Daha doğrusu, bəhanələri yaradan və iri avtobusların 167 saylı marşrutun hərəkət istiqamətindən çıxarılmasına səbəbkar onların özləri idi. Ancaq həmin vaxtdan bu günə kimi deyilsə də, vəd edilsə də, iri avtobusların həmin istqiqamətdə xəttə buraxılması və avtobusların sayının artırılması nağıl olaraq qalır. Eyni zamanda, əgər həmin marşrutdan -167-dən də təkcə Qobu əhli istifadə etsəydi, dərd yarıydı. Təsəvvür edin ki, Güzdəkin bir saatdan bir və cəmi axşam 7 və ya 8-ə qədər işləyən 153 saylı, eləcə də, yalnız Hökməlinin özünə işləyən 156 (556) saylı marşrutu olsa da, şəhərə gələnlərin 90 faizi 167-dən istifadə edir və əsl mərəkə də elə buradan başlanır. Hər gün söyüş, qarğış, təhqiramiz ifadələr baş alıb gedir, hamı bir-birini suçlayır, bu azmış kimi hər gün havanın soyuq-isti, qar-boran olmasından asılı olmayaraq, sərnişinlərin sıxlığına görə (sıxlıq bir qədər yumşaq ifadədir) avtobusların qapı-pəncələri ən azı Qobuya açıq qalır. Hətta, bir müddət öncə avtobusun arxa qapısının açıq qalması və sərnişinlərin qapıdan sallaşması üzündən bir nəfər yerə yıxılmış və ölüm təhlükəsi ilə üzləşmişdi. Xoşbəxtlikdən də həmin sərnişinin aldığı xəsarətlər nisbətən yüngül olmuşdu. Amma bu problem, sərnişinlərdə bu qorxu hər gün yaşamaqda davam etməkdədir.
Sürücülərin də (əksəriyyətinin) sadəcə, təkrarladıqları bir söz var, “bizdən plan tələb edirlər, planı cibimizdən verəsi deyilik, gedin kimə şikayət edirsiniz, edin, bizlik deyil, mehribanlaşın, yolda heç kim qalmasın”.
Bu məsələdə sürücülərə də haradasa haqq vermək olur, çünki onlara gündəlik elə plan qoyulur ki, bəzən onu vermək həmin sürücülərə çətin olur. Amma bundan bəhanə kimi istifadə edənlər də az deyil. Amma problemin kökü nə sərnişinlərdə, nə də daim qınaq hədəfi olan sürücülərdədir. Problemin kökü həmin yola nəzarət edən, loru dillə desək, həmin yolu, xətti, marşrutu pulla, lisenziya ilə alan sahibkarda və həmin sahibkara lisenziya verən, ona nəzarət etməli olan qurumdadır, həmçinin, yerli icra qurumlarında, bələdiyyələrdədir.
Problemi həll etməli olan məhz onlardır. Amma təəssüf ki, heç bir qurumun loru dili ilə desək “vecinə” deyil.
Ona görə neçə ki, onlara qaşın üstə gözün var deyən olmayacaq, çörək əsl çörəkçiyə verilməyəcək, problem də yerində saymaqda, bununla da insanların əsəbləri pozulmaqda, tarıma çəkilməkdə, hər gün ölüm, qəza qorxusu hissi yaşamaqda davam edəcək...