Qurdtəpəyə gedən yoldakı körpüdə problem var? - AÇIQLAMA + FOTO - VİDEO
“Körpünün üstündə yaranan çala-çuxurlar bir gün kiminsə həyatını itirməsinə səbəb olacaq”.
Bu barədə Qurdtəpə sakinləri məlumat veriblər.
Qeyd olunub ki, Şamaxı rayonunun Qurdtəpə kəndinə gedən yoldakı körpüdə yaranan çökmələr sürücülər üçün təhlükə yaradır.
“Sakinlərin kəndə gedib-gəlməsi çətinləşir. Bir gün burada qəza olsa, kimsə həyatını itirsə, cavabdeh kim olacaq? Bununla bağlı sosial şəbəkədə də paylaşım etmişik, amma baxan yoxdur” - deyə kənd sakini yazıb.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sorğu ünvanladıq.
Qurumun mətbuat katibi Anar Nəcəfli sorğuya cavab olaraq bildirdi ki, edilən şikayətin heç bir əsası yoxdur.
“Məsələ bundan ibarətdir ki, həmin ərazidə əvvəllər, ümumiyyətlə, körpü olmayıb. Hazırda yeni körpü tikilir və işlər də yekunlaşmayıb. Gördüyünüz kimi yolun ancaq üzəri betonlanıb, asfalt da vurulmayıb.
Çünki həmin körpüyə yanaşma yollarında da iş aparılır və orada da işlər yekunlaşmayıb, davam edir. Videoda əks olunan və problem olduğu iddia edilən ərazi də həmin o yanaşma yolunun bir hissəsidir. Yəni vətəndaşın iddia etdiyi kimi körpü deyil, tikinti altında olan layihədir. Əgər tikinti yekunlaşmış olsaydı və bundan sonra hər hansı problem olsaydı, vətəndaşın iddiası əsaslı ola bilərdi. Təkrar bildirmək istəyirəm, ərazidə hələ iş gedir”, - deyə A. Nəcəfli bildirib.
Videonu təqdim edirik:
oxu.az