Banner

Ramin Musayev: “Avtomobili sürmək yalnız sükanı fırladıb, pedallara basmaq deyil” - MÜSAHİBƏ + FOTO

Xəbərlər 6 Oktyabr 2021 22:44 Oxunub 4502
Ramin Musayev: “Avtomobili sürmək yalnız sükanı fırladıb, pedallara basmaq deyil” - MÜSAHİBƏ + FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Müsahibimiz "Autograph" jurnalının və saytının rəhbəri, avtomobil jurnalisti, bloger və ekspert Ramin Musayevdir. Onunla avtomobil sahiblərini və həvəskarlarını maraqlandıran suallara cavab tapmağa çalışmışıq.

- Sizin saytınızı və sosial media hesabınızı izləyən biri kimi görürəm ki, avtomobillərlə bağlı istənilən bir yenilik, yeni avtomobil modellərinin təqdimatı sizi sevindirir. Bu barədə yazılar yazırsınız. Konkret olaraq gözlədiyiniz avtomobillər hansılardır?

- Saytımızda gündəlik azı 10-15 avtomobil xəbərləri dərc olunur. Bunların arasında qısa xəbərlər, ətraflı yazılmış məqalələr, avtomobil testləri, lifestyle məqalələr, maraqlı şəxslərlə müsahibələr də var.

Son illərin trendi – elektrik avtomobillərdir. Dünya bu istiqamətdə hərəkət edir. Avropa Birliyinin qərarına görə 2032-ci ilə kimi tam elektrik mühərriklərinə keçid planlaşdırılıb. Buna səbəb ekologiyanın korlanmasıdır. Daxili yanacaq mühərriklərinin atmosferə tullantıları nəinki insanları, həm digər canlı və bitkiləri zəhərləyir. Bir çox ölkələrdə dizel mühərriklərinin böyük ziyanına görə müəyyən ilə qədər istehsal olunan avtomobillərə istifadə qadağaları qoyulub.

Avtomobil istehsalçıları bir-birinin bəhsinə elektomobillər nümayiş etdirirlər. Texniki göstəricilərinə görə elektromobil yanacaqlı sələflərindən güclü və sürətlidir. Həm də maliyyə tərəfdən qənaitcildir.

Ölkəmizə qəza keçirmiş ikinci əl avtomobillərin gətirilməsi məsələsinə toxundunuz. Bu prosesə nəzarət mümkündürmü? Mümkündürsə, necə icra olunmalıdır?

Bu, günümüzün ən böyük problemlərindəndir. Mən Avtomobil Dilerləri Assosiasiyasının həmtəsisçsi və PR direktoruyam. İctimai Birlik olaraq bizim marağımız sivil bazar və yollarda təhlükəsizlikdir. Bu hallarla bağlı hökümət qurumları ilə müzakirələr aparırıq və təkliflər veririk. Onların bir qismi artıq qəbul olunub. Bu günə olan başlıca məqsədimiz bazarda yeni avtomobillərin satışına təsir etməkdir. Təəssüf ki, son illərdə gömrük vergilərinin ilbəil artması ilə əlaqədar qiymətləri çox bahalaşıb. Bununla yanaşı kredit şərtləri son dərəcə sərtdir. Bu məsələlərlə bağlı Azərbaycan Banklar Assosiasiyası və Nazirlər Kabineti ilə görüşlərimiz keçirilir. İstəyimiz hər bir Azərbaycan vətəndaşına yeni avtomobil almaq üçün sərfəli şərtlər və şərait yaratmaqdır.

Qeyd etdiyim problemlərə görə, əhali qara bazara və köhnə avtomobillərə üz tutub. Pandemiya səbəbindən bir çox adam işini itirib, gəlirləri azalıb. Taksi xidmətinə son zamanlar tələbatın artdığına görə, onlar işlənmiş avtomobilləri əldə edib, daşıma fəaliyyəti göstərirlər ki, “çörək pulu” qazansınlar.

Təəssüf ki, bundan istifadə edən bəzi vicdansız alverçilər qəzalı avtomobilləri Amerika auksionlarından qəpik-quruşa alıb, bura gətirirlər. Sonra isə bir neçə avtomobildən birini yığıb, “təmiz maşın” adı ilə müştəriyə “sırıyırlar”. Belə nəqliyyat vasitəsini alan şəxs düşünməlidir ki, bu avtomobil təhlükə mənbəyidir, çünki konstruksiyaya müdaxilə səbəbindən aktiv və passiv təhlükəsizliyi aşağı səviyyədədir. Əksər hallarda texniki baxış zamanı bunlara göz yumulur. Qəza olduqda isə belə avtomobillərdə ölüm hadisələrinin riski yüksəlir. Qeyd edim ki, ağır nəticəli qəza hadisələrinin statistikasına görə Azərbaycan dünyada yüksək yerlərdən birini tutur. Kimsə mənfəət əldə etmək üçün, insanların həyatı ilə oynayır.

Bunun səbəbi avtomobillərin keyfiyyətsizliyi ilə bağlıdır?

Bu problem yalnız avtomobillərin təhlükəsizliyi ilə deyil, sadə təhlükəsizlik qaydalarına riayyət olunmamasıdır.

Çox sürücü və ön sərnişin təhlükəsizlik kəmərini polisin cərimə etməməsi üçün taxır. Özü də elə taxır ki, onun heç bir effekti yoxdur. Təsəvvür edin ki, 70 kg olan şəxs 10 km/s sürətlə toqquşma zamanı 1 tona çevrilir, 60 km/s-da 3.5 ton və 100 km/s sürət də isə 5 ton çəki ilə çırpılır. Kəmər taxmadığı halda isə avtomobilin salonunda bir neçə ton ağırlığında bədən nəzartəsiz hərəkət edir. Elə bu hal digər sərnişinləri öldürə bilər.

Digər, tez-tez qarşılaşdığımız vəziyyət: Valideyn öndə oturur və uşağı dizinin üstündə saxlayır. 40 km/s sürətdə toqquşma zamanı 10-12 kq uşaq 350-420 kq çevrilir. Bu vəziyyətdə onu əllə saxlamaq mümkün deyil. Uşaqlar belə hallarda ölümcül xəsarət alır. Lakin, bir çox valideynlər bunu bilmir və həyatda ən çox sevdiyi şəxsin həyatını riskə atır. Azyaşlı uşaqları xüsusi kreslolarda, arxa oturacaqdakı kronşteynlərə və kəmərlə bağlayıb daşımaq lazımdır.

Avropa və Amerikada sürücü və bütün şərnişinlər kəmər taxmalıdır. Olmazsa, böyük cərimə gözləyir. Bizdə də bu qanun var, amma nədənsə o ancaq ön oturacaqlara şamil olunur.

Alimlər, konstruktorlar uzun illərini həsr edir, dünya şöhrətli kompaniyalar milyardlarla pul xərcləyir ki, yeni, təhlükəsizlik sistemləri yaradıb, insanların həyatını qorusun, amma Azərbaycanda sürücülər bütün bunları boş şey sayır. Gülüncdür! Nədənsə, əmindir ki, ona heç nə olmayacaq, lakin hadisə olanda qəfil olur, heç gözünü də qırpmağa vaxt tapa bilmirsən.

Mən 4 avtomobil və 2 motosikl qəzası keçirmişəm. Qaydalara riayyət etsəm də, yolda yaranan ani vəziyyəti dəyişir, hər zaman öncədən təyin etmək olmur. Bütün qəzalardan sağ çıxmağımın səbəbi məhz təhlükəsizlik qaydalarına riayyət etməyim olub. Necə deyərlər, Allah saxlayanda saxlayır, amma Allah demir ki, axmaq ol, hər şeyə göz yum, risk et. Bir az məntiqlə də düşünmək lazımdır.

Bu o lətifədəki hadisəyə oxşayır. Göldə batan Allaha yalvarır ki, məni xilas et. Bir neçə qayıq yaxınlaşıb, kömək etmək istəyir, o da imtina edir ki, Allah kömək edəcək. Boğulub, öləndən sonra Tanrı ilə görüşəndə gileylənir ki, “Mən sənə ümid edirdim, amma sən mənim ölümümə göz yumdun.” Cavabında eşidir, “Ay axmaq, mən sənə o qayıqları göndərdim, sən isə imtina etdin!”

Bu təhlükələrin bir mənbəyi də bəzi hallarda sürücülük vəsiqələrinin dolayı yollarla, heç bir məktəb və təlim keçmədən alınmasıdır. Çoxları özünə əziyyət verib, oxumaq, öyrənmək istəmir. Ona görə də avtomobil təlim mərkəzləri ancaq sənədləşmə və praktik sürücülük imtahanına hazırlamaqla məşğuldur. Buna ciddi dəyişiklər edilməlidir. Həmin məktəblərə ciddi tələblər qoyulmalıdır. Təlim mərkəzlərinə olan tələblər çox köhnəlib. Bu mərkəzlərdə trenajorların, təlim üçün sahələrin olması lazımdır. Trenerlər xüsusi hazırlıq keçməli və sertifikat almalıdır. Axı onlar insan həyatına cavabdehdir, özü də tək sürücü deyil, həm sərnişin, həm də piyadaların.

Bəs siz sürücülük vəsiqəsini necə almısınız?

Mən vəsiqəni 17 yaşında almışam, amma 18 yaşından idarə etmək hüququ ilə. Orta məktəbin son iki ilində avtomobil kurslarını (red - o zaman kombinat deyirdilər) oxuyub, özüm imtahan verərək, “B” və “C” kateqoriyalı sürücülük vəsiqəsi almışam. 2013-cü ildə motosikl sürməyə başlayanda təlimlərə getdim. Həm sadə motosikl, həm də kross (red- yolsuzluq) təlimlərindən yararlandım ki, təcrübə toplayım. Bununla yanaşı 4 kitab oxudum, özü də hərəsini 2 dəfə, təlimdən öncə və sonra. Sonra isə “A” kateqoriyası aldım.

Avtomobil sürməyə 10 yaşında öyrənməyə başlamışam. Amma internet yaranandan sonra avtomobilin idarə etməsinin özəllikləri haqqında çox saytlar və kitablar oxumuşam. 2014-15-ci illərdə “TestTraining” Sürücü Təlim Mərkəzinin rəhbəri olaraq, komandamızla Avstriyada 1 aylıq təhlükəsizlik təlimləri keçmişik.

Qəzaların əsasən iki səbəbi var: Yol hərəkəti qaydalarının pozulması və sürət həddinin aşılması. Unutmaq olmaz ki, avtomobil potensial olaraq yüksək təhlükə mənbəyidir.

Baxın, Avropada yaşayış məntəqələrində sürət həddi 50 km/saatdır, bizdə - 60 km/s. 10 km/s fərqi isə çox şeyi həll edir. İlk öncə avtomobil axının orta sürəti daha yüksək olur, yəni mənzilbaşına daha qısa vaxtda yetişmək olur, sıxlıq və tıxacların olma şansı daha aşağı olduğuna görə. Məntiqsiz görünə bilər, amma bu araşdrılmış faktdır. Əlbəttə, sıxlıq və tıxaclar yollarda qaydaları pozanların ucbatından yaranır. Bizim yollarda sıxlıq və tıxaclar məhz pik saatları zamanı hamının tələsərək, boşalmamış yolayrıcına daxil olmasıdır.

İkinci üstünlüyü isə, 50 km/s sürətlə hərəkət edən sürücü ətrafını daha diqqətlə müşahidə edib, tez reaksiya verə bilir. Ekstramal halda 1 saniyə də həll edici ola bilər. Məsələn, 50 və 70 km/s sürət arasında fərq cəmi 20 km/s olsa da, sərt tormozlama zamanı tormoz yolunun 2 dəfə (!) uzun olmasıdır. Əgər, avtomobilin önündən piyada keçirsə, 50 km/s sürətdə toqquşmadan qaçmaq mümkündürsə, 70-də mümkün olmaya bilər. Amma bunları bilmək üçün teoriya və sürücülük təlimləri keçmək lazımdır.

Bu qaydaları öyrənmək əslində çox asandır. Ən azı, əlimizin altında olan smartfondan istifadə edə bilərik. İnternetdə minlərlə saytlarda, xüsusi tətbiqlərdə və YouTube-da məlumat tapmaq olar. Ərşad Hüseynov, Tural Yusifov kimi tanınmış mütəxəssislər hər gün bu mövzularda radiolarda söhbət edirlər. Amma, təəsüf ki, hələ də onların məsləhətlərinə əməl edən çox azdır.

Keçək avtomobillərə. Sizcə, istehsalçılar yeni modellər istehsal edərkən nəyi əsas tuturlar? Söhbət superkarlardan getmir. Hər birimizin idarə edə biləcəyimiz maşınları nəzədə tuturam.

İlk növbədə avtomobil istehsalı biznesdir. Şirkətə ən əsas onun maliyyə tərəfi, satış həcmi və gəliri maraqlıdır. Hər bir biznesin məqsədi satışları artıraraq, mənfəətini yüksəltməkdir.

İstehlakçı avtomobili 2 faktora görə seçir: dizayn və keyfiyyət. Qiymət 3-cü faktordur. Yəni, avtomobilin xarici görünüşü ən başlıca faktordur. Ona görə istehsalçılar özəl dizayn yaratmaq üçün istedadlı mütəxəsisləri cəlb edir. Niyə, daha çox Avropa istehsalçılarına üstünlük verilir?!

Məsələn, Koreya avtomobil markası KİA-nın baş dizayneri olan alman əsilli Piter Şrayder öncələr “Audi” avtomobillərini yaradırdı. Məhz, onun yaratdığı yeni dizayn stilistikası KİA avtomobillərinin satışına güclü təkan verdi.

Sirr deyil ki, yaradıcılıq baxımından Avropa dizaynerləri daha kreativdir. Şərq dizaynı isə bir az fərqlidir və Avropa ölkələrində az diqqət cəlb edir. Amerikan üslübü isə sadə formalardır. Amerikalılar ümumiyyətlə minimalizm sevirlər.

Dizaynlerin yaratdığı konsepsiyanı mühəndislər seriya halına çevirir. Çünki, konsept və seriya avtomobili arasında fərq böyükdür, burada maya dəyər, təklükəsizlik və başqa konstruktiv tələblər ortaya çıxır. Ona görə sərgilərdə təqdim olunan valehedici, qeyri-adi konsept dizaynlar seriyada tam fərqli və sadə avtomobillər olur. Amma son zamanlar elektrik avtomobilləri sərgi nümunəsindən az fəqrlənir. Bunun səbəbi artıq seriyaya yaxın olan modellərin nümayişidir. Elektromobillər forma cəhətdən yaratmaq daha asandır. Çünki, onlara tələblər, DYM avtomobillərinə olanlardan daha bəsitdir.

Belə bir nümunə: Orta statistik azərbaycanlı maşın almaq istəyir. Cibində təxminən, 35 min manat var. O hara müraciət etsin, hansı markalı maşın alsın? Məsələn, elan saytları bu baxımdan nə qədər əlverişlidir?

Avtomobil alışına uzunmüddətli istifadə və xərclər baxımından qiymət verilməlidir.

Mən məsləhət verərdim ki, yeni avtomobil alsınlar. Çünki yeni avtomobil, vaxtında texniki xidmət göstərildiyi təqdirdə, 3-5 il ərzində heç bir ciddi təmirə ehtiyacı olmur, yalnız planlaşdırılmış servis edilir. Yeni avtomobil almaq həm də bir həzzdir. Köhnə avtomobilin problemi onun artıq aşınmış olması, daha çox təmirə ehtiyacı olmasıdır. Həmçinin, köhnə avtomobilin daha öncə necə istifadə edildiyini, hansı qəzalardan keçdiyini təxmin etmək də çətin ola bilər. Adını peşəkar usta qoyanların qiymətləndirməsi də həqiqətlə uzlaşmır. İşlənmiş lyuks markalı avtomobildənsə, yeni orta sinif maşın almaq daha əlverişlidir.

Hətta, artıq Çin istehsalı avtomobillərin keyfiyyəti fərqlidir, daha yaxşı, təhcizatı isə zəngindir. 35 min manat ön ödəmə ilə kredit yaxud lizinqə yeni avtomobil almaq daha məqsədəuyğundur.

Əgər, ikinci əl avtomobil almaqda qərarlıdırsa, rəsmi servislərdə texniki baxış keçirdib, vəziyyətini öyrənmək məsləhətdir.

Avtomobil alışı arzuolunan konkret modeldirsə, yenisinə pulu çatmayanda ikinci əl alırsansa, xərclərə qatlanmağa hazır ol. Arzular böyük xərc tələb edir axı.

Ölkəmizdə hibrid və alternativ enerji ilə çalışan avtomobillərə maraqdan danışaq. Niyə bizdə hibrid avtomobillərə daha çox taksi sürücüləri üz tutur?

Hibrid deyəndə daha çox ağlımıza “Toyota Prius”lar gəlir. Gəlin, etiraf edək ki, bu avtomobillərin dizaynı o qədər də gözəgəlimli deyil. Amma bunun da səbəbi var. İdeal aerodinamika axtarışında süni intelektin yaratdığı fomadır. O öz sosial statusunu gözə soxmaq istəyənlər üçün deyil, qənaitcil şəxslər üçün yaradılıb. Həm də ki, Toyota avtomobilləri öz yüksək keyfiyyəti və az servis xərcləri ilə tanınır.

Hibrid avtomobillərin taksi sürücüləri arasında populyar olması yanacağa qənaət, dözümlü olması və böyük inteyerdən irəli gəlir. Bu gün, gediş qiymətlərinə görə, Azərbaycanda taksidən istifadə etmək şəxsi avtomobilin istifadəsindən daha sərfəlidir. Bunu şəxsi təcrübəmdən deyirəm. Benzinə, təmirə, sığortaya pul xərcləmirsən, yolda əsəbiləşmirsən, dayanacaq üçün vaxt, pul sərf etmirsən. Smartfon vasitəsi ilə asan sifariş edirsən, qısa zamanda gəlir və bir fincan kapuçinodan iki dəfə ucuz qiymətə aparır.

Bir çox qonşu ölkələrdə elektromobilləri gömrük vergisindən tam azad ediblər. Bizdə də bu mövzuda müzakirələr gedir. Bu qanun qəbul olunsa, bizdə də elektomobillərdən istifadə edənlərin sayı artacaq.

Azərbaycanda “Tesla” avtomobilləri satışda var?

Rəsmi olaraq yoxdur. “Tesla” diler şəbəkəsi ilə işləmir, öz mağazalarından və onlayn satırlar. Azərbaycan kiçik bazar olduğu üçün hələ onların diqqətin mərkəzində deyilik. Əsas bazarları ABŞ-dır. Orada onlayn konfiqurasiya edirsən, ödəmə şərtlərini, yəni kredit yaxud lizinq müddətini seçirsən, ilkin ödənişi edirsən, avtomobili çatdırırlar.

Bir də qeyd edim ki, ABŞ-da kredit və lizing fərqli mövhümlardır. Kredit eyni bizdəki kimi olsa da, lizinq icarədir. Yəni icarə müddətini seçib, ilkin ödənişi edirsən. Hər ay icarə haqqını ödəyirsən, müddət bitəndə isə avtomobili heç bir geri ödəniş olmadan geri qaytarırsan.

Dünya bazarındakı avtomobillərlə bağlı yeniliklər nə qədər vaxtdan sonra Azərbaycana çatır?

İstehsalçılar öncədən hansı avtomobilin nə vaxt təqdim ediləcəyini elan edir. Biz də saytımızda vaxtaşırı bu barədə xəbərlər veririk. Dilerlər öncədən sifarişlərini yerləşdirir və istehsaldan birbaşa salonlara gətirilir.

Avtoistehsalçılarda maliyyə ili 1 oktyabrdan 30 sentyabra qədər hesablanır. Ona görə də təqdimatlar daha çox oktyabra təsadüf edir, maliyyə ilinin əvvəlinə və bir də yaz aylarında. Həmin təqdimatlardan qısa müddət sonra Azərbaycanda da avtomobillər təqdim olunur və satışa çıxarılır.

Yeni modelin ölkəmizdə satışda təqdim olunması vaxtı həm də həmin modelə olan tələbatdan asılıdır.

Yollarımız və ya sürücülərimiz hansı yeniliklərə hazır deyillər?

Yollarımızı deməzdim. Çünki bu dəqiqə yollarımızın keyfiyyəti ötən əsrin 90-cı illəri ilə müqayisədə çox üstündür və getdikcə dəyişikliklər olur və olacaq. Köhnə şəhər salma planlarında və yeni binaların xaotik inşası, yol strukturlarında böyük məhdudyyətlər yaradır. Avtomobil parkı, əhali sayı artır, şəhər isə onu həzm edə bilmir.

Sürücülərimiz professional avtomobil məktəblərinə, öyrənməyə, qaydalara tabe olmağa, bir-birinə hörmət etməyə, yol verməyə  hazır deyillər. Avtomobili sürmək yalnız sükanı fırladıb, pedallara basmaq deyil. Bu, qaydaları bilmək, öncədən təhlükədən yayınmaq, digər yol iştirakçılarına hörmət etməkdir.

Alıcılarımız isə daha çox elektromobillərə hazır deyillər. Çünki inanmırlar. Ancaq, istəsək də, istəməsək də, bu yeniliklər labüddür.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh