Rasim Balayev vəfat etdi - YENİLƏNİB

Xəbərlər 29 Mart 2026 15:36
Rasim Balayev vəfat etdi   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Aktyorun oğlu Asim Balayev xəbəri təsdiq edib. 

Hazırda Türkiyədə olan A. Balayev aktyorun nəşinin Azərbaycana nə vaxt gətiriləcəyi barədə hələlik heç bir məlumatın olmadığını bildirib.

Qeyd edək ki, Rasim Balayev 1948-ci ildə anadan olub və uzun illər Azərbaycan teatr səhnəsində və kinematoqrafiyada fəaliyyət göstərib.

Aktyor “Nəsimi”, “Babək” və “Dədə Qorqud” filmlərində yaratdığı obrazlarla tamaşçıların sevgisini qazanıb./qafqazinfo

***

Mədəniyyət Nazirliyi Rasim Balayevin vəfatı ilə bağlı məlumat yayıb:

“Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, görkəmli aktyor, Xalq artisti Rasim Balayev vəfat edib.

Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli kino aktyoru, Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin sədri, Dövlət Mükafatı laureatı, Prezidentin fərdi təqaüdçüsü, Xalq artisti Rasim Balayev 29 mart 2026-cı il tarixində, ömrünün 77-ci ilində müalicə olunduğu Türkiyənin İstanbul şəhərində vəfat edib.

Rasim Əhməd oğlu Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub. 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 

Rasim Balayev 1972-ci ildə “Azərbaycanfilm” kinostudiyasında aktyor kimi fəaliyyətə başlayıb.

İlk dəfə “Ulduzlar sönmür” filmində çəkilən aktyor sonradan “Nəsimi”, “Babək”, “Dədə Qorqud”, “Həm ziyarət, həm ticarət”, “Otel otağı”, “Cavid ömrü” və s. filmlərdə yaratdığı obrazlarla tamaşaçıların rəğbətini qazanıb. O, eyni zamanda onlarla filmdə obrazları səsləndirib.

Rasim Balayevin sənət şöhrəti ölkəmizin hüdudlarını aşıb. Aktyor “Özbəkfilm”, “Mosfilm” və başqa studiyalarda da filmlərə çəkilib.

İctimai xadim kimi də tanınan sənətkar

1990-2013-cü illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi vəzifəsində çalışıb. 2022-ci ildən Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin sədri idi.

Rasim Balayevin Azərbaycan kinosunun inkişafına verdiyi töhfələr dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib.

1976-cı ildə “Əməkdar artist”, 1982-ci ildə “Xalq artisti” fəxri adlarına, 1986-cı ildə isə respublikanın Dövlət Mükafatına layiq görülüb. Aktyor həmçinin 1998-ci ildə “Şöhrət”, 2018-ci ildə “Şərəf”, 2023-cü ildə “İstiqlal” ordenləri ilə təltif olunub. 2005-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.

Mədəniyyət Nazirliyinin kollektivi Xalq artisti Rasim Balayevin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin”.

***14:11
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Rasim Balayev vəfat edib.

Avtosfer.az xəbər verir ki, bu barədə onun oğlu Asim Balayev məlumat verib. Məşhur aktyor Türkiyənin İstanbul şəhərində yerləşən “Memorial” xəstəxanasında dünyasını dəyişib. O, bir müddətdir səhhətində yaranmış ciddi problemlərlə əlaqədar müalicə alırdı.

R. Balayev ağciyər xərçəngi və şəkər xəstəliyindən əziyyət çəkirdi.

 

Oxunub : 150
ŞƏRH YAZ
Ad

E-mail

Şərh