Banner

Rus pilot İrana qaçdı, səfir Şahənşahı azərbaycanlılarla təhdid etdi - FOTO

Xəbərlər 19 İyul 2023 13:29 Oxunub 512
Rus pilot İrana qaçdı, səfir Şahənşahı azərbaycanlılarla təhdid etdi  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

23 sentyabr 1976-cı il, Azərbaycan SSR. Zabrat-Hacıqabul-Bilasuvar-Göytəpə-Lənkəran reysini yerinə yetirən AN-2 təyyarəsi Bilasuvar aerodromuna enir. Bir müddət sonra sərnişinsiz havaya qalxan təyyarə İranın Şərqi Azərbaycan ostanının Əhər  şəhərinin hava limanına enir. Pilot Valentin Zosimov İrana enən kimi siyasi sığınacaq istəyir. Lakin istəyinə nail olmur. Səbəblər də məlumdur. 
 
Əvvəla, Zosimov mülki pilot idi, milliyyətcə isə azərbaycanlı deyil, rus idi. Ən əsası, onun qaçırdığı “Kukuruznik” ABŞ üçün heç bir texniki əhəmiyyət kəsb etmirdi. Bu səbəbdən ABŞ səfiri məsələyə baş qoşmur, Zosimovun rəsmi müraciət etmədiyini deyərək kənara çəkilir. Onsuz da son 3 ildə kifayət qədər təyyarəşi xaricə qaça bilmişdi. 

Pis vəziyyətdə qalan Şahənşah olur. Stalinin qızı Svetlana Aliluyeva, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və digər beynəlxalq təşkilatlar şahdan pilota sığınacaq verməyi xahiş etsələr də, şah hüquq müdafiəçilərinə deyil, SSRİ səfirinin sözlərinə qulaq verir. Şahın davranışından 2 ölkə arasında imzalanmış 3 milyard dollarlıq ticarət müqavilələrinin taleyi asılı idi. İranın sovet bazarına və texnologiyasına ehtiyacı vardı. Həm də etiraf edək ki, sovet səfiri şahı, daha doğrusu İranı çox pis nöqtədən vurmuşdu: Diplomat bildirmişdi ki, 2 ölkənin 2 min kilometr sərhədi var. Pilot təhvil verilməsə əsgərlər Azərbaycan SSR hissəsində olan sərhədlərdən çəkiləcək, Cənubi Azərbaycandakı azərbaycanlılara istədikləri silahlar veriləcək. 

Sovet diplomatları belə demək mümkünsə, şah gedişi etdilər. Lakin iranlılar da asan təslim olmadılar. Onlar sovet radiolarında və mətbuatda antiiran, daha doğrusu antişah çıxışların dayandırılmasını tələb kimi qarşıya qoydular. Sovet ittifaqı bir müddət sözünü tutdu.  

Nəhayət, 25 oktyabr 1976-cı ildə Zosimov SSRİ-yə ekstradisiya edildi. Sovet vətəndaşları hadisədən 1 həftə sonra xəbərdar oldu. Bir neçə gün sonra isə azərbaycanlı pilotlar Kukuruzniki İran ərazisindən Lənkərana qaytardılar. 1 dekabrda isə SSRİ ilə İran arasında daha çoxşaxəli bir saziş imzalandı. 

Məhkəmənin hökmü ilə Zosimov vətənə xəyanət maddəsi ilə ittiham olunaraq 12 il azadlıqdan məhrum edildi. Halbuki hava gəmisini qaçırma ittihamı irəli sürülərsə həbs müddəti daha böyük olacaqdı. Görünür, beynəlxalq təzyiq sözünü demişdi.

1988-ci ilin oktyabrında həbsdən çıxan Zosimov 1995-ci ildə Moskvada öldü. 
O həbsdə olduğu müddətdə ailəsi Alatavada yaşayıb.

Oğlunun dediyinə görə, atasının sovetə nifrətinə Xruşov səbəb olub. Belə ki, Xruşov orduda ixtisar aparanda gənc baş leytenant da ixtisar siyahısına düşür və karyerasını mülki aviasiyada dərman səpmək və sərnişin daşımaqla davam etdirir. Lakin hərbçi atasının yolşunu davam etdirə bilmədiyi üçün hansısa yolla qisas almaq fikrinə düşür. 

Zosimovun anadan olduğu yer bəzi sənədlərdə fərqli göstərilsə də, oğlu onun Bakıda anadan olduğunu, lakin doğuşun başqa yerdə sənədləşdiurildiyini iddia edir. Gələcək pilot Bakıda 59 saylı məktəbi bitirib. 

Qeyd: Fotoların çoxu Azərbaycanda çəkilib. Onlardan birini Zosimov azad edildikdən bir neçə gün sonra oğlu ilə indiki Heydər Əliyev sarayının qarşısındakı parkda çəkdirib. əlyazma sənəd isə axtarış aktıdır. Təyyarə fotolarından biri Göytəpədə, digəri Zabratda çəkilib. Vinetkadakı yer də məlum.

Vüqar

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh