“Vəzifəli şəxsin saxladığı atlar və itlər bizi yaşamağa qoymur” - VİDEO

Sumqayıt şəhəri Novxanı bağ massivi 377A ünvanında yaşayan 66 yaşlı Novruz Əsgərov qonşu həyətdə saxlanılan heyvanların yaratdığı səs-küy və qoxudan şikayətçidir.
Avtosfer.az xəbər verir ki, qafqazinfo-ya müraciət edən vətəndaş bildirib ki, qonşunun saxladığı itlər və atlar ona və ailə üzvlərinə ciddi narahatlıq yaradır.
Vətəndaşın sözlərinə görə, qonşusuna məsələ ilə bağlı bir neçə dəfə müraciət etsələr də, həmin şəxslər narazılığa məhəl qoymayıblar: “Bir müddət əvvəl ürək əməliyyatı keçirmişəm, səhhətimlə bağlı problemlər yaşayıram, yoldaşım isə yüksək təzyiq xəstəsidir. Evimizdə 4 uşaq da var. Yaşadığım ünvanda qonşunun həyətində saxlanılan 9 it səbəbi ilə uzun müddətdir həm özüm, həm də ailə üzvlərim, xüsusilə uşaqlar ciddi narahatlıq keçirir. İtlərin gecə-gündüz fasiləsiz hürməsinə görə gecə yatmaq mümkün olmur, bu isə birbaşa olaraq səhhətimizə və psixoloji vəziyyətimizə mənfi təsir göstərir. Xüsusilə qeyd etmək istəyirəm ki, itlərin səsindən yoldaşımın təzyiqi tez-tez qalxır, 3 yaşlı nəvəm isə gecələr yuxudan oyanaraq qorxu içində ağlayır. Bu vəziyyət uşağın psixologiyasına ciddi zərər vurur, ailəmizdə daim həyəcan və stress yaradır. Bundan başqa, qonşumuz həyətinin kənarında atlar üçün xüsusi yer də hazırlayıb və orada 5 at saxlayır. Onların qoxusu da əlavə narahatlıqlar yaradır”.
N.Əsgərov əlavə edib ki, bəzi hallarda itlər sakitləşsin deyə həyətə daş atmağa məcbur qalırlar: “Lakin bununla bağlı dəfələrlə mühafizəçi tərəfindən hədələnmişik. Bizə bildirilib ki, “bir də bu həyətə daş atılsa, başınız ağrıyacaq”. Bu cür hədələr vəziyyəti daha da gərginləşdirir və biz özümüzü təhlükəsiz hiss etmirik. Yaranmış səs-küy, sanitar vəziyyət və təhlükə problemi ailəmizin normal yaşayış hüququnu pozur. Xahiş edirəm, məsələ yerində araşdırılsın və qanunvericiliyə uyğun tədbirlər görülsün”.
Şikayətçi həmin it və atların əsl sahibinin kim olduğunu öyrənməyə çalışdıqlarını və ev sahibinin general olduğunu eşitdiklərini qeyd edib:“Biz sonradan öyrəndik ki, həmin mülkiyyətlər Müdafiə Sənayesi Nazirliyinin “Cihaz” İstehsalat Birliyinin direktoru Fəlah Quliyevə məxsusdur”.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Eyvaz Qocayev sorğumuza cavab olaraq bildirdi ki, vətəndaş problemlə bağlı onlara müraciət ünvanlamayıb: “Vətəndaş tərəfindən rəsmi müraciət Sumqayıt Şəhər İcra Hakimiyyətinə daxil olduğu təqdirdə, məsələ qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti qurumlarla birgə yerində araşdırıla bilər”.
Şikayətdə adı hallanan direktor Fəlah Quliyevlə bağlı ittihamlara aydınlıq gətirmək məqsədilə Müdafiə Sənayesi Nazirliyi ilə də əlaqə saxladıq. Lakin günlər keçsə də, nazirlikdən müraciətimizə cavab ala bilmədik.

Fuad Nəcəfli istintaqa cəlb edildi
Prezidentdən Naxçıvanla bağlı SƏRƏNCAM: Bir neçə quruma göstəriş verildi
Bakıda limuzinlər üçün parklanma problemi: Ödəniş necə hesablanmalıdır? - FOTO
Prezident fərman imzaladı: Bu qurumlar birləşdirilir – TAM SİYAHI
Hikmət Hacıyev: Vardanyanla bağlı məhkəmə qərarı 30 illik münaqişənin məntiqi yekunudur
Restoranlar müştərilərin telefonlarının şarj edilməsinə görə ödəniş istəyir? - VİDEO
Aeroport yolunda yeni nəzarət sistemi qurulur - Hərəkət məhdudlaşdırılacaq - VİDEO
Naxçıvandan TRIPP marşrutuna qoşulacaq dəmir yollarında görülən işlərin SON GÖRÜNTÜLƏRİ - VİDEO
"İdrak" liseyində şagirdi tərəfindən güllələnən müəllimədən XƏBƏR VAR
İki icra başçısı cəzalandırıldı; birinə töhmət, birinə xəbərdarlıq
General-leytenant komandan da vəzifəsindən gedir










