Banner

Xəbəri olmadan adına 18 mindən çox kredit götürdülər - VİDEO - YENİLƏNİB

Xəbərlər 24 Yanvar 2025 11:53 Oxunub 130
Xəbəri olmadan adına 18 mindən çox kredit götürdülər - VİDEO - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Balakən şəhər sakini Ülkər Qurbanovanın mobil operator adı ilə gələn zəngə cavab verməsi ona sözün əsl mənasında baha başa gəlib.

Avtosfer.az ATV-yə istinadən xəbər verir ki, dekabrın 9-da gənc xanıma zəng gəlib. Özünü mobil operator nümayəndəsi kimi təqdim edən şəxs ona 5G xidmətinə qoşulmaq üçün üztanıma tətbiqini aktiv etməsini deyib. Bundan sonra onun telefona girişi məhdudlaşıb.

Baş verənlərdən şübhələnən Ülkər Qurbanova dərhal banka zəng edərək kartları ilə bağlı narahatlığını bildirib. Ona hər şeyin qaydasında olduğu deyilib:

“Telefonum hələ də düzəlmədiyi üçün banka getdim. Orada məlumat aldım ki, kredit artıq adıma oturub. 18 828 manat məbləğində kreditdir və aylıq ödəniş 529 manat 30 qəpikdir”.

Zərərçəkən xanım Balakən Rayon Mərkəzi Xəstəxanasında işləyir və cəmi 500 manat məvacib alır. Maraqlıdır ki, adına götürülən kreditə görə aylıq məvacibindən də artıq ödəniş tələb olunur.

Ülkər Qurbanova aldadıldığını bilən kimi həm banka, həm də polisə rəsmi şəkildə müraciət edib. Bankdan onun müraciəti əsasında hesablarının dondurulduğu bildirilsə də, bir gün sonra köçürmə icra olunub. Hətta götürülən kreditdən xanımın həmin banka olan 5096 manat borcu da silinib.

Zərərçəkən xanım çıxılmaz vəziyyətdədir. Belə olduğu halda nə etməli?

Hüquqşünas Cavid Cəfərov bildirib ki, bu halda polis orqanları məhkəmə qərarı ilə banka sorğu göndərməlidir:

“Həmin bankdan çıxmış əmanətlərin hansı hesaba oturulması tapılmalı və hesabın kimə məxsus olması müəyyən edilərək o şəxslər məsuliyyətə cəlb edilməlidir. Bu cinayəti törədən şəxslərin əməllərinə görə 1 ildən 3 ilə qədər azadlığının məhdudlaşdırılması və ya 2 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur”.

***

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan qafqazinfo-ya bildirilib ki, Balakən şəhər sakini Ülkər Qurbanovanın üzləşdiyi kiberdələduzluqla bağlı  rayon polis şöbəsində cinayət işi başlanılıb, müvafiq sorğular göndərilib. Polis əməkdaşları tərəfindən əməli törədən şəxs və yaxud şəxslərin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Daha ətraflı süjetdə:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh