Banner

Xırdalanda məktəbli direktor tərəfindən döyülüb? - YENİLƏNİB

Xəbərlər 5 Aprel 2025 15:55 Oxunub 334
Xırdalanda məktəbli direktor tərəfindən döyülüb?   - YENİLƏNİB
WhatsApp |

Xırdalan şəhər 1 nömrəli tam orta məktəbdə məktəb direktorunun şagirdini döyməsi ilə bağlı yayılan iddialar araşdırılıb. 

Bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib. 

"Xırdalan şəhər 1 nömrəli tam orta məktəbdə məktəb direktorunun şagirdi döyməsi ilə bağlı yayılan iddialar yerində araşdırılıb. Şagirdlərin, müəllimlərin və valideynlərin izahatlarına əsasən, fiziki zorakılıq faktı təsdiqlənməyib. Qeyd edilən tarixdə direktor sinifdəki şagirdlərarası mübahisə ilə bağlı sinfə daxil olaraq yalnız profilaktik söhbət aparıb.

Məktəb rəhbərliyinə məktəb-valideyn münasibətlərinin düzgün istiqamətində müvafiq tapşırıqlar verilib.

Bildiririk ki, sözügedən məktəbin direktoru ilə Regional Təhsil İdarəsinin rəhbəri arasında qohumluq əlaqəsinin olması ilə bağlı səsləndirilən iddialar həqiqəti əks etdirmir", - deyə məlumatda qeyd olunub. 

 

***09:25
Xırdalan şəhər sakini Ramin Ağayev övladının məktəb direktoru tərəfindən döyüldüyünü iddia edir. 

Avtosfer.az xəbər verir ki, qafqazinfo-ya müraciət edən valideyn bildirir ki, övladı Xırdalan şəhər 1 saylı orta məktəbin 5D sinfində oxuyur.

Atanın sözlərinə görə, məktəbli dekabrın 18-də təhsil ocağının direktoru Arifə Balakişiyeva tərəfindən döyülüb: “Məsələ ilə bağlı polisə, təhsil şöbəsinə və prokurorluğa müraciət etdim. Polisə müraciətdən sonra Arifə xanım 4 nəfər göndərərək şikayətimi geri çəkməyimi, əks halda məni öldürəcəklərini bildirərək hədələdi. Bunu təsdiq edən səs yazıları da var. Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsindən araşdırma aparıldığı və belə hadisənin baş vermədiyi deyilir. Sonra bildim ki, təhsil idarəsinin rəhbəri İlhamə xanım direktorun doğma xalası qızıdır”.

Hazırda övladının həmin məktəbdə oxuduğunu deyən R.Ağayev hadisədən sonra müəllimlərin uşağın qiymətini kəsməsindən şikayətlənir: “Mən övladımı məktəbindən, sinif yoldaşlarından ayırmaq istəmədim. Onsuz da o hadisədən sonra övladım travma alıb. Hadisə ilə bağlı gəlib bizə məlumat verdiyi üçün indi də müəllimlər uşağıma təzyiq göstərir, onun qiymətini kəsirlər”. 

Əldə etdiyimiz məlumata görə, müraciətlə bağlı Abşeron Rayon Prokurorluğunda aparılan araşdırma zamanı toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən həmin hissədə Azərbaycan Respublikasının CPM-nin 39.1.1-ci maddəsinə əsasən, cinayət işinin başlanması rədd edilib.

Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsinə sorğu ünvanlamışıq.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh