Reklam

Alimentlə bağlı qəbul olunan yanlışlar nələrdir? - Hüquqşünas AÇIQLADI

Öyrənək 10 May 2024 20:10 Oxunub 1614
Alimentlə bağlı qəbul olunan yanlışlar nələrdir?  - Hüquqşünas AÇIQLADI
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ötən illə müqayisədə ölkəmizdə boşanmaların sayı artıb. Fikir ayrılığı, ailə-məişət zorakılığı, ailələrin məcburiyyəti əsasında qurulan ailə, qısa müddətdə evlilik, hətta müəyyən məqsədlər üçün kağıza imzaların atılması kimi müxtəlif səbəblər zamanla boşanmalara gətirib çıxarır. Zahiri olaraq çox asan proses kimi görünsə də, bu mərhələdə hər iki tərəf əziyyət çəkir. Bəzən tərəflərdən biri məcbur qalaraq boşanır, yaxud boşanma ərəfəsindən sonra uzun müddət psixoloji travmalarla yaşayır. Evlilikdən uşaq dünyaya gəlirsə bu proses daha da çətinləşir. Bəllidir ki, uşaq 18 yaşına çatana qədər adətən ananın öhdəliyində qalır. Məhkəmənin təyin etdiyi qaydaya uyğun olaraq hər ay ata övladına maddi yardım göstərir. Təbii ki, bu işdə istisnalar da var. Atanın bilərək, yaxud imkanı daxilində olmadığı üçün alimenti ödəməməsi, yaxud ikinci nikaha daxil olarsa edilən müəyyən müdaxilələr, həmin nikahdan uşaqlarının dünyaya gəlməsi halları ola bilər. Bəzən ana tərəfi də fərqli reaksiya verə bilir. Məsələn keçmiş ərinin maddi köməyindən imtina edir (övladına baxa biləcək maddi gücdə olduğunu bildirərək), yaxud həyat yoldaşıyla xoşagəlməz şəkildə boşandığı üçün rədd edə bilir. Nikahı pozan qadınların bir qismi isə əksinə boşandıqları zaman verilən alimentə stimul kimi yanaşaraq bu prosesi könül rahatlığı ilə seçir. 
Əlbəttə nikahın pozulması (ciddi səbəb yoxdursa) müsbət hal kimi dəyərləndirilməməlidir. Hər şeydən əvvəl qurulan bir ailə məhv olur və bu prosesdə hər üzv psixoloji-mənəvi çətinliklə üzləşir. 
Digər tərəfdən cəmiyyət arasında ailə məhfumu bəzən yanlış qəbul edilir. Sanki ata və ana ailədə, övlad üzərində eyni hüquqa malik deyil və öhdəliklər onlar arasında bərabər bölünmür. Məsələn ananın yalnız uşağın tərbiyəsi ilə məşğul olması, atanın işləyib pul qazanması və ailəsinə baxması, kişinin qadınla müqayisədə daha üstün hüquqa malik olması və məsuliyyətinin qadından çox olması kimi fikirlər çox insanın doğru qəbul etdiyi stereotiplərdir. Təəssüf ki, bu “qaydalar” tərəflər boşandıqdan sonra da qüvvədə qalır. Yəni ata işləyib uşağının maddi ehtiyacını qarşılayırdısa, yenə də yalnız o, bunu etməlidir düşüncəsi ilə yanaşılır. Bu, zamanla müəyyən anlaşılmazlıqlara, davalara, hətta qarşı tərəfin həbsinin tələb olunmasına səbəb ola bilir. Bu kimi halların qarşısının alınması qanunvericiliyin müvafiq maddələrinə əsasən tənzimlənir.
Mövzuyla bağlı hüquqşünas Elçin Şəfiyev Avtosfer.az-a geniş açıqlama verib. O bildirib ki, hüquq çərçivəsində aliment, hər iki tərəfin vəzifə öhdəliyi hesab olunur: “Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, valideynlərin öz uşaqlarını saxlamaq vəzifələri vardır. Həmin vəzifələr istər nikah dövründə, istər nikah pozulduqdan sonra da davam edir. Bu vəzifələr uşağın tərbiyəsi ilə məşğul olmaq, onun psixi, əxlaqi, fiziki sağlamlığı ilə məşğul olmaq və bir çox digər amillər də nəzərdə tutulur. Nikah pozulduqdan sonra əsas gündəmə gələn məsələ uşağın saxlanması üçün ödənilən alimentlə ifadə olunur. Aliment, məbləğ tutulması qaydası valideynin əmək haqqına bağlı olaraq da müəyyənləşdirilə bilir. Yəni Ailə Məcəlləsinin 76-cı maddəsində göstərildiyi kimi, bir uşağa görə qazancın dörddə bir hissəsi (əməkhaqqı və digər gəlirlərdən söhbət gedir), iki uşağa görə isə üçdə bir hissəsi tutulur. Üç və daha çox uşaq olduqda isə aliment hansı valideyndən tutulursa, onun qazancının gəlirlərinin yarısı qədər olur. Amma bəzi hallarda ola bilər ki, valideynin gəlirləri qeyri-müntəzəm olur, sabil bir rəqəmlə müəyyənləşdirmək mümkün olmur. Məhkəmə sabit pul məbləği şəklində istər milli valyutada olsun, istər xarici valyutada olsun stabil pul məbləği şəklində də alimenti tuta bilər. Həmçinin qanun, digər qohumların - nənə, baba və yetkinlik yaşına çatan qardaş və bacıların da aliment öhdəliklərini müəyyənləşdirir. Hətta qanunda yetkinlik  yaşına çatmış uşaqların əmək qabiliyyəti olmayan valideynlərini saxlamaq vəzifəsi  (zəruriət yarandığı halda) var. Uşaqlardan da valideynin xeyrinə aliment tutulması öhdəliyi vardır. 
Aliment, nikahın pozulması zamanı müəyyən hallarda bəzi qadınlara stimul verir. Amma nəzərə almaq lazımdır ki, alimentin tutulması hüquq təcrübəsində də, vəkil təcrübəsində də görünür ki, müəyyən çətinliklərə səbəb ola bilir. Məsələn nikah pozulur, amma digər tərəfin əksər hallarda ərin qazancı o dərəcədə minimal olur ki, onun müəyyən hissəsinin alimentə yönəldilməsi, uşaqların saxlanılması üçün faktiki olaraq yetməyə bilir. Yaxud ər, müəyyən səbəblərdən aliment ödənilməsindən boyun qaçıra bilir, yayına bilir. Düzdür, məhkəmə qərarının icrası və ya icrasının göstərişlərini yerinə yetirməməyə görə inzibati həbs (sutkalıq) nəzərdə tutulur. Həmçinin məhkəmə qərarının icrasından qərəzli şəkildə yayınmaq və ya məhkəmə qərarın icrasına mane olmaq əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə də səbəb ola bilir. Lakin təcrübədə bir çox hallarda görürük ki, bu maddələrin mövcudluğu belə şəxsləri aliment borcunun, yaxud da aliment öhdəliyinin icra edilməsinə təşviq edə bilmir. Yəni bu, məhkəmə qərarının icrasının heç də effektiv icrasına kömək ola bilmir. Belə hallar da baş verə bilir”.
Hüquqşünas, bəzi qadınların alimentə stimul kimi yanaşmalarına da münasibət bildirib: “Digər tərəfdən qanunvericiliyin bu normalarının mövcudluğunu biz nəzərə almaqla yanaşı, həm də diqqətdə saxlamalıyıq ki, aliment ödəyən valideyn daha çox hallarda ata olur. Düzdür, təcrübələrimizdə əksinə hallarla da qarşılaşırıq. Yəni gəlirlərdən asılı olaraq ata da anadan aliment tələb edə bilir. Lakin daha çox ata aliment ödəyən tərəf olur. Bəzən ər nikahı pozulduqdan sonra ikinci bir nikaha daxil olur və həmin nikahdan da digər övladları dünyaya gəlir. Artıq o, digər övladlarını da saxlamaq üçün vəsait sərf edir. Bu halda məhkəmə ona aliment öhdəliyinin azaldılması üçün müraciət etmə imkanı yaradır. Yəni o, əvvəllər ödədiyi alimentin aylıq məbləğlərinin azaldılması üçün məhkəməyə müraciət edir. Müraciətində yeni nikaha daxil olduğunu və bu nikahdan da övladlarının dünyaya gəldiyini bildirir.  Övladlarını saxlamaq vəzifəsi olduğunu irəli sürərək əmək haqqının, yaxud da gəlirlərinin ona əvvəlki aliment məbləğini ödəməyə imkan vermədiyini qeyd edir. Belə olduqda müəyyən hallarda aliment tələbləri azaldıla bilər.
Nikah pozulan zaman gələcəkdə ər aliment ödəyəcək düşüncəsiylə nikaha son qoymaq və bunu bir stimul hesab etmək düzgün deyil. Həyatda müxtəlif hadisələr baş verə bilir, hər cür hallarla rastlaşa bilərik. Gəlirlərin imkan verməməsi məsələsiylə yanaşı, bəzən ər gəlirlərini bilərəkdən gizlədə bilir və yaxud hər hansı bir əmlakı, gəlir, qazanc yeri olmur. Bu halda məhkəmə qərarını icra eləmək onun imkanları xaricində olur. Bu zaman keçmiş həyat yoldaşı, yəni arvad məhkəməyə və ya icraçıya məhkəmə qərarını icra etmədiyinə görə onu cəzalandırmalarına, yaxud icrası üçün məcbur etmələrinə müraciət edir. Təcrübələrimizdə bu halla qarşılaşmışıq. Aliment öhdəliyi olan ata inzibati qaydada həbs olunub, amma həbs onun aliment borcunu ödəməyə kömək etməyib. Çünki o, həbsdə olduğu müddət ərzində hər hansı bir qazanc əldə etmək şansını da itirib. Adamın iş axtardığı və ya iş təklifi aldığı ərəfədə icra qurumunun icrasının vəsatəti əsasında məhkəmə həmin şəxsin inzibati qaydada həbs olunması qərarını verib. Nəticədə o, iş tapa bilməyib və gələcək alimentlərin ödənilməsi imkanını da itirib. 
Nəzərdə saxlamaq lazımdır ki, şəxsi həbs etdirmək belə bəzən yardım etmir. Nikahı pozan qadınlar nəzərdə saxlamalıdır ki, uşaqların atasını həbs etdirmək onları aliment ödəməyə məcbur etməyəcək, yəni bu effektiv bir üsul olmayacaq. Doğrudur, məhkəmə qərarının icrasından yayınmağa görə məsələlər ortaya çıxa bilər, məsuliyyət yarana bilər. Amma effektivlik baxımdan hesab etmək lazımdır ki, şəxs işləyib pul qazanmaq əvəzinə həbsdə yatır və gəlir də əldə edə bilmir, aliment borcunu da ödəyə bilmir. İstənilən halda, ziyan çəkən uşaqlar olur. Ona görə də mümkün qədər ailəni dağıtmazdan və nikahı pozmazdan öncə bu halları nəzərdə saxlamaq lazımdır. Yəni gələcəkdə uşaqların atası aliment ödəyəcək deyə stimula köklənmək yanlış düşüncədir”.

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti üzrə hazırlanıb.

Nərmin Əkbər

ŞƏRH YAZ
Ad

E-mail

Şərh