Reklam

Avtomobildə tibbi çantanın əhəmiyyəti - MAARİFLƏNDİRİCİ VİDEO

Öyrənək 4 Noyabr 2022 16:58 Oxunub 1380
Avtomobildə tibbi çantanın əhəmiyyəti - MAARİFLƏNDİRİCİ VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Hər bir nəqliyyat vasitəsində tibb çantası olmalıdır. Bunu qanun tələb edir və hər kəsin qanunlara əməl etməsi vacibdir. Tibbi çantada olan dərmanlar və müxtəlif pereparatlar insanlara ilkin tibbi yardım zamanı çox kömək edir. Nazirlər Kabinetinin və Səhiyyə Nazirliyinin hazırladığı siyahıya əsasən, tibbi çantada olması tələb edilən dərmanların sayı əvvəlkinə nisbətən xeyli azaldılıb. Daha çox ağrıkəsici, qanaxmaya qarşı vasitələr, sınıq-çıxıq zamanı ilkin tibbi yardım üçün lazım olan vasitələrin həmin tibb çantasında olması önəmlidir.


Nəzərə almaq lazımdır ki, tibb çantasının avtomobildə olması bütün dünyada qəbul edilmiş qaydadır və insan həyatının xilas edilməsi üçün bir vasitəyə çevrilib.
Azərbaycanda bəzi sürücülər texniki baxış zamanı yada salır ki, avtomobildə tibbi çanta olmalıdır. Onu da dost-tanışdan, qohumlardan, qonşulardan alıb nəqliyyat vasitəsini texniki baxışdan keçirənlərin sayı az deyil. Amma unutmayaq ki, həmin tibb çantasında olan dərmanların və ya pereparatların hər birimizə nə vaxtsa lazım olduğu an ola bilər. Məsələn, ailənizlə dincəlməyə getmisiniz və ucqar bir yerdə olduğunuz anda kiməsə yardımınız toxuna bilər. Elə özünüzə də lazım olacağını nəzərə almalısınız.


Odur ki, dərman qutusuna diqqətlə yanaşmaq lazımdır. Dərmanların istifdə müddətinə fikir vermək lazımdır. 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 9 sentyabr tarixli 399 nömrəli Qərarı ilə təsdiq edilmiş sənəddə dərman qutusunun tərkibinə və odsöndürənə dair tələblər, habelə onlardan istifadə təlimatı əksini tapıb. Sənəddə qeyd olunur ki, “Dərman qutusunun tərkibinə və odsöndürənə dair tələblər, habelə onlardan istifadə təlimatı” “Yol hərəkəti haqqında” Qanuna uyğun olaraq və beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanıb.
Bu sənəd nəqliyyat vasitələrində - minik və yük avtomobillərində, avtobusda, təkərli traktorda, yanqoşqulu motosikletdə, habelə tramvay və trolleybusda olan dərman qutusunun tərkibinə və odsöndürənə dair tələbləri, habelə onlardan istifadə təlimatını müəyyən edir.


Sürücülərdən tələb olunur ki, idarə etdikləri nəqliyyat vasitələrində xüsusi dərman qutularının olmasını, onların komplektləşdirilməsini təmin etməlidirlər.
Nəqliyyat vasitəsində olan dərman qutusunda bu Sənədin 1 nömrəli əlavəsində göstərilən tibbi ləvazimatlar və dərman vasitələri, habelə qeyri-tibb işçiləri tərəfindən ilk tibbi yardımın göstərilməsinə dair şəkilli (illüstrasiyalı) təlimat kitabçası olmalıdır.


Onu da bildirək ki, dərman qutusunda travma - çıxıqlar, sınıqlar, əzilmələr, şok, yaralanmalar zamanı istifadə olunan ağrıkəsici, şoka qarşı və iltihab əleyhinə, qanaxmanın dayandırılması, yaranın təmizlənməsi və sarğı üçün, ürək ağrılarına qarşı, kliniki ölüm zamanı ürək-ağciyər reanimasiyası üçün, bayılmaya qarşı vasitə, qida və sair zəhərlənmələrdə dezintoksikasiya üçün, stres hallarına qarşı vəsaitlər olmalıdır. Eyni zamanda, küt uclu qayçı, təlimat və plastmass futlyar da olmalıdır.
Siyahıda göstərilən dərmanları və tibbi ləvazimatları özbaşına dəyişmək olmaz.
Komlektləşdirmə qabı zədələnmiş və vaxtı ötmüş vasitələrdən istifadə etmək olmaz.
Çantadakı hər hansı vəsaitdən istifadə edildikdə yerinə dərhal yenisi qoyulmalıdır.
Göründüyü kimi, avtomobildə dərman qutusunun olması həyati əhəmiyyət daşıyır və hər bir sürücünün bunu bilməsi, əməl etməsi olduqca vacibdir.

Qeyd: Məlumat və video Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “2022-ci il kiçik qrant müsabiqəsi”ndə qalib olmuş“Yol hərəkəti təhlükəsizliyi: hüquqi yardım və maaifləndirmə” layiihəsi çərçivəsində hazırlanıb.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh