Azərbaycanda kimlər kortejdə gəzə bilər? - İZAH
Öyrənək 22 Yanvar 2023 08:45 Oxunub 22442
Azərbaycanda kimlər kortejdə gəzə bilər? - İZAH

Azərbaycanda bütün məmurlar kortejdə gəzə bilməz. Yəni, hər məmuru bir neçə avtomobil müşaiyət etməməlidir. Qanunvericilikdə bununla bağlı tam detallı məlumatlar, anlayışlar olmasa da, müəyyən nəticəyə gəlmək olar ki, kortejdə – mütəşəkkil nəqliyyat vasitələrinin müşaiyəti ilə gəzmək səlahiyyəti hər kəsə verilmir. Avtosfer.az-ın məlumatına görə, «Yol hərəkəti haqqında» qanunun 1-ci maddəsinin 45-ci bəndində mütəşəkkil nəqliyyat dəstəsinə belə anlayışlar verilib.

Mütəşəkkil nəqliyyat dəstəsi qarşıda qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı ilə təchiz edilmiş operativ nəqliyyat vasitəsinin müşayiəti ilə bir hərəkət zolağında bir-birinin ardınca faraları yandırılmış vəziyyətdə hərəkət edən üç və ya daha artıq mexaniki nəqliyyat vasitəsindən ibarət olan dəstədir.

Anlayışdan göründüyü kimi, operativ nəqliyyat vasitəsinin müşayiət etmədiyi hər hansı avtomobillərin dəstəsi mütəşəkkil nəqliyyat dəstəsi sayılmır.

Mütəşəkkil nəqliyyat dəstəsi yollarda fərqli hərəkət şəraiti yaratdığından və bu zaman təhlükəsizliyin təmin olunmasına xüsusi diqqət yetirilməli olduğundan belə dəstələr mütləq operativ nəqliyyat vasitələrinin müşayiəti ilə hərəkət etməlidir: Anlayışdan göründüyü kimi, mütəşəkkil nəqliyyat dəstəsində ən azı üç avtomobil olmalıdır. Lakin küçə və yollarımızda bəzən bir avtomobilin xüsusi qaydada müşayiət olunduğunun da şahidi oluruq. «Yol-patrul xidməti haqqında» Təlimatın 15-ci bölməsində mütəşəkkil nəqliyyat dəstələrinin müşayiət olunmasının təşkili və bu müşayiətin qaydası tənzimlənir. Lakin bu normativ aktda da söhbət yalnız mütəşəkkil nəqliyyat dəstəsinin müşayiət olunmasından gedir. Bu aktın hərfi mənasından belə çıxır ki, ölkəmizin küçə və yollarında tək-tək nəqliyyat vasitələrinin müşayiət olunması nəzərdə tutulmur. Amma belə yanaşma doğru olmazdı. Çünki müəyyən hallarda hər hansı mühüm yükü daşıyan nəqliyyat vasitəsinin, xüsusi təhlükəli, iriqabaritli, ağırçəkili yükü olan nəqliyyat vasitəsinin, yaxud konkret şəraitlə əlaqədar hər hansı şəxsi aparan nəqliyyat vasitəsinin müşayiət olunması zərurəti yaranır. Məsələn, penitensiar xidmətə aid nəqliyyat vasitələrinin məhbus daşıyan avtomobillərinin xüsusi müşayiətlə hərəkətini, qabarit ölçüləri yol verildiyindən artıq olan yük daşıyan nəqliyyat vasitələrinin müşayiətlə hərəkətini yollarda görmək mümkündür.

Təcrübədən məlumdur ki, xüsusi dövlət mühafizə xidmətinin mühafizə etdiyi şəxslərə (Azərbaycan Respublikasının Prezidenti və Vitse Prezidentinə və onların ailə üzvlərinə, Baş nazirə, Milli Məclisin sədrinə, habelə müəyyən hallarda ölkəmizə səfər edən yüksək statuslu rəsmi qonaqlara) xidmət edən avtomobillər küçə və yollarda xüsusi müşayiətlə hərəkət edirlər. Belə anlaşılır ki, onlardan başqa hər hansı digər şəxsə xidmət edən avtomobil xüsusi müşayiətlə hərəkət edə bilməz.

Nəzrin Sailqızı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh