Reklam

Bakıda tıxaclara səbəb biznesmen məmurlardır - Ekspertdən ŞOK AÇIQLAMA

Öyrənək 16 Dekabr 2021 10:00 Oxunub 1128
Bakıda tıxaclara səbəb biznesmen məmurlardır - Ekspertdən ŞOK AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son vaxtlar yol qəzalarının sayında artım müşahidə edilir. Artıq vəziyyət elə bir həddə gəlib çatıb ki, cəmiyyətin hər bir üzvü bu hadisələrdən narahat olmağa başlayıb. Bütün bunlar təbiidir. Hər kəs qəzaların olmamasını, insanların evə sağ-salamat çatmasını istəyir. Bəs bunun üçün nə etmək lazımdır? Yol qəzalarının sayını azaltmaq üçün nə etməli? Qayda pozan sürücü və piyadalara qarşı necə mübarizə aparmaq olar?

Yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı sualları cavablandırıb.

-   Yük avtomobillərində və avtobuslarda qaxoqraf quraşdırılsa hansı məsələlər həll ediləcək?

-    Bəzən deyirlər ki, yol polisi hara baxırdı? Bu məsələdə yol polisi nə etsin? Taxoqraf yoxdursa yol polisi hardan bilsin ki, sürücü normal dincəlib, yoxsa dayanmadan maşın sürür? Taxoqraf hər şeyi qeydə alır, sürücünün iş və istirahət rejiminə nəzarət etmək üçün önəmli texniki vasitədir. O qurğu maşında olduqda yol polisi saxlayıb taxoqrafa baxır və görür ki, sürücü dayanmadan işləyib, 4 saatdan artıq maşın sürüb. O zaman polis sürücünü maşını idarə etməkdən çəkindirib məcburi istirahətə göndərir. Ən azı 45 dəqiqə dincələndən sonra hərəkətə davam edə bilər. Yoxsa, yol polisi adi halda sürücünü saxlayıb gözlərinə baxıb müəyyən edə bilməz ki, yuxusu gəlir ya yox? Ya da yol polisi sürücüləri postda saxlayıb kofe verməyəcək ki, yuxunuz qaçsın. Qanun nə tələb edirsə o cür də davranmaq lazımdır. Taxoqrafsiz maşını saxlayıb sürücüyə nəsə irad bildirsə o saat gedib şikayət edəcək ki, yol polisi məni qanunsuz saxladı. 
İllərdir yol polisi bütün sürücülərə müraciət edir ki, yuxusuz, yorğun olduqda DYP postlarına yaxınlaşıb orada müvəqqəti dayansınlar, dincəlib sonra yola çıxsınlar. Lakin buna çox az adam riayət edir. Yuxusu gələn də dirənir ki, yox, heç nə olmaz, gedib çatacam, amma çata bilmir...


-    Bu il yol qəzalarının sayı niyə artdı? Azalmaya doğru gedərkən birdən-birə artım baş verdi.


-    Bilirsiniz, pandemiya insanlara həm maddi, həm mənəvi, həm də psixoloji cəhətdən çox təsir edib. İnsanlarımızın əsəbləri yerində deyil. Çox adam belə deyir, çox adam heç nədən əsəbləşir. Yollarda da belədir. Sürücülər asta sürətlə hərəkət edərkən sanki bunu qəbul etmirlər, daha yüksək sürətə həvəs göstərirlər. Svetoforda dayanırlar, bir də görürsən yaşıl yanmamış hərəkətə başlayırlar, piyada keçidində dayanırlar, yolayrıcında sıxlıq olduğu halda girib yolu kəsirlər. Son vaxtlar isə narkoman sürücülərin sayı artıb. Təkcə bu il məndə olan məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının əməkdaşları tərəfindən 600-dən artıq sürücü narkotik vasitənin təsiri altında avtomobil idarə edərkən saxlanılıb. Bu çox dəhşətli rəqəmdir. İnanın ki, bu sürücülər tamam başqa qayda pozuntularına görə saxlanılıblar, sənədlər yoxlanılan zaman şübhə yaratdığı üçün yoxlamaya aparılanda narkotikin təsirində olduqları üzə çıxıb. İndi təsəvvür edin ki, yol polisi bütün sürücüləri saxlayıb yoxlama aparsa nə qədər dəhşətli bir mənzərə ortaya çıxa bilər. Ona görə də mən təklif edirəm ki, narkotikdən istifadə edən sürücüləri sərxoş sürücülərlə eyniləşdirmək olmaz. Sərxoşluq asılılıq deyil, kimsə hardasa bir məclisdə içki içirsə, bir-iki dəfə ağır cərimə ödəyəndən sonra içib maşın sürməyəcək. Narkomanlıq isə daha ağırdır. Məsələn, narkoman sürücü heç vaxt məhəllədə narkotik qəbul edib ayıq sürücü çağırmaz ki, gəl məni filan yerə apar. Amma spirtli içki qəbul edənlər normal qaydada ayıq sürücü çağırır. Nakotik asılılığı çox ağır bir xəstəlikdir. Belə sürücülər məcburi müalicədən sağlam çıxmasa ona sürücülük hüququ verilməməlidir, varsa da məhdudlaşdırılmalıdır. Nə vaxt sağalar onda da vəsiqəyə sahib olar.


-    Yol qəzaları sırasında piyadavurmalar artıb. Bunun səbəbi nədir? Günahkar sürücülərdir, yoxsa piyadalar?


-    Burada maraqlı yanaşma var. Azərbaycanda çox vaxt sürücülər günahkar sayılır. Başqa ölkələrdə biraz fərqlidir. O üzdən də düşünürəm ki, bizdə də bu məsələyə yanaşma dəyişməlidir. Bəlkə də nə vaxtsa dəyişəcək, nə vaxtsa yolu işıqlandırmayanlar, piyada keçidinə nişan qoyub düzgün rəngləməyənlər də cəzalanacaqlar. Amma bu gün bunlar reallaşmır. Son illər Azərbaycanda baş verən qəzaların 50 faizdən çoxu piyadavurmalarla bağlıdır. Bunun da 50 faizi günün qaranlıq vaxtına düşür. Məsələn, dünən Azərbaycanda 5 piyadanı maşın vurub öldürüb. Onun 3-ü qaranlıq vaxta düşür. Deməli, yolların işıqlandırılması vacibdir. Cənab Prezident 3 il öncə tapşırıq verdi ki, bütün küçələr, yollar, hətta məhəllədaxili yollar normal qaydada işıqlandırılsın. Amma bunu icra etmirlər. Əksinə, gecə saat 12-dən sonra işıqları söndürürlər. Mağistral yollarda işıqlandırma olmayanda ağır qəzalar baş verir. Bunu hamı bilir. Amma iş görmürlər. Kimsə düşünür ki, işıq yansa çoxlu pul gedəcək. Mənsə düşünürüm ki, o pul bir insanın həyatından daha dəyərli ola bilməz. 
Onu da deyim ki, piyadalarımız yol hərəkəti qaydalarını çox kobud şəkildə pozurlar. Məsələn, sürətli yollarda maşınların ortasına elə girirlər ki, sanki parkda gəzirlər. Məncə, məsuliyyət hissi azalıb. Axı sürətli yolda maşını saxlamaq çətindir, sürücü yazıq nə etsə də dayandıra bilmir və qəza baş verir. Keçidlərin sayı artmalıdır. Qanunda nəzərdə tutulan qaydada piyada keçidləri arasında məsafə normal olmalıdır. Düşünürəm ki, nə vaxtsa piyadalara qarşı daha ağır cəzalar tətbiq ediləcək. Başqa çıxış yolu qalmır. Ancaq düşünürəm ki, birinci normal şərait yaratmaq lazımdır, sonra cəzalar ağırlaşarsa müsbət nəticə olacaq.


-    Elməddin müəllim, qəzaların baş verməsində başqa hansı səbəblər var? Bunların qarşısınl almaq mümkündürmü?


-    Əvvəl də qeyd elədim ki, sürücülərin çoxu səbirsizdir. Məsələn, 90-lıq yolda 110-120 getməyəndə sanki narahat olurlar. Özü də maraqlıdır ki, radara və ya kameraya çatanda 90-la, hətta daha aşağı sürətlə gedirlər, sonra yenidən sürəti artırırlar. Baxın, mənə həmişə təəccüblü gələn odur ki, adamlar istirahətə gedəndə də sürət həddini aşır, qayda pozur, istirahətdən qayıdanda da eyni hallar baş verir. Axı niyə? Getdiyin yerə tez çatmaq yox, sağ-salamat çatmaq vacibdir. Vaxtında yola çıxmaq lazımdır ki, vaxtında da mənzil başına çatasan. Son vaxtlar qarşı yola çıxanlar, svetoforun qırmızı işığından keçənlər, manevr qaydalarını kobud şəkildə pozanlar çoxalıb. Gün ərzində onlarla bu cür video elə mənə gəlir. Hələ yol polisinin kameralarına düşənlər də var, bəlkə də yüzlərlər, minlərlədir. Mənimçün qırmızdan keçmək, qarşı yola çıxmaq intihara bərabər bir qayda pozuntusudur. Buna görə cərimələr sərtləşdirilsə və nəzarət mexanizmi daha da təkmilləşdiriləsi qayda-qanuna əməl edənlər çoxalar.


-    Tıxac məsələsi də aktual məsələdir. Sizcə, tıxacdan qurtulmağın yolu varmı?


-    Tıxac bütün dünyada var. Amma normal ölkələrdə ağıllı adamlar oturub bunu həllini fikirləşib tapır və ciddi addımlar ataraq həll edirlər. Məsələn, yolların ötürücülük qabiliyyətini nəzərdən keçirib ona uyğun sürət rejimi müəyyən edirlər. Binalar tikilirsə parklanma mütləq təmin edilir, obyekt tikilirsə hər şeyi nəzərə alırlar. Elə binalar olur ki, zirzəmisi, birinci və ikinci mərtəbəsi parkinq kimi nəzərdə tutulur. Bizdə bina tikilində birinci mərtəbəsi mütləq satılır; ya idman zalı, ya market, ya da gözəllik salonu. Nəticədə ərazidə tıxac yaranır. Fikrimcə, ali məktəblərin, dövlət qurumlarının bir çoxu şəhər mərkəzindən kənara çıxarılmalıdır. Orta məktəblərdə dərs saatları fərqli olmalıdır, məktəbli avtobusu xidməti yaradılmalıdır. Eyni zamanda, ictimai nəqliyyat güclü olmalıdır. Tramvay, trolleybus kimi ictimai nəqliyyat növləri olarsa, avtobusların sayı tələbata uyğunlaşarsa o zaman tıxac da azalar. Bu gün insanlar niyə maşın alır? Çünki avtobusda, metroda diskomfort yaşamaq istəmir. Normal şərait olarsa heç kim 15-20 min manat kredit götürüb maşın almaz.


-    Bəzən Bakıda tıxac yaradanların özləri tıxacdan şikayətlənir. Məsələn, tikinti maqnatlarını götürək, adamlar vaxtilə avtomobil dayanacaqlarını, parkları, həyət evlərini, səkiləri ələ keçirib binalar tikir, sonra da başlayır ki, tıxacın qarşısını necə alaq?

- Bu gün tıxaca görə hər kəs məsuliyyət daşıyır, piyada da, sürücü də, biznesmen də, məmur da. Vaxtilə ara küçələrdə sürücülər maşınları səkilərdə saxlayırdı. Sonra Bakı Nəqliyyat Agentliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bardürləri qaldırdı, pandus sistemi yaratdı, tumbalar vuruldu ki, səkiyə çıxan olmasın. İndi o maşınlar haradadır? Bakıdan çıxmayıb ki. Hər halda haradasa başqa yerdə, başqa yolda sıxlıq yaradır. Çünki birini səkidən qovursansa başqa yerdə normal şərait yaratmalısan. Amma yaratmırlar. Sonra da başlayırlar “avtomobilsiz şəhər”dən danışmağa. Sən ictimai nəqliyyatı qaydaya salsan onsuz da avtomobildən istifadə edənlərin sayı azalacaq. Zorla insanları maşından imtina etməyə məcbur etmək olmaz. Bunun ağır fəsadları olacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh