Bakının bitməyən dərdi: Tıxac problemindən necə yaxa qurtulmalı?
Günün pik saatlarında Bakının küçə və prospektlərində, xüsusilə şəhərin mərkəzində yaranan tıxaclar paytaxtın yollarının əsas probleminə çevrilib. Hətta sürücülər tıxacların avtomobillərə ziyan vurduğunu da qeyd edirlər. Nəzərə alsaq ki, yeni tədris ilinin başlanması ilə əlaqədar yollarda hərəkətin intensivliyi daha da artacaq, xüsusilə təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə nəqliyyat sıxlığı yaranacaq. Bu zaman problemin nə dərəcədə ciddi olduğunu təsəvvür edə bilərik.
Bəs Bakının bitməyən tıxac problemi necə həll olunmalıdır? Bu məqsədlə hansı tədbirlər görülməlidir?
Bakı Nəqliyyat Agentliyi hər gün informasiya yayır ki, tıxac yaranıb, avtobuslar buna görə gecikir. Avtobus gecikmir, avtobusun sayı azdır.
Nəqliyyat eksperti Elməddin Muradlı sözügedən mövzu ilə bağlı “İki sahil” ə açıqlamasında bildirdi ki, tıxac probleminin kökündə Bakı Nəqliyyat Agentliyinin (BNA) səhlənkar fəaliyyəti dayanır: “BNA-nın yarıtmaz fəaliyyətinin nəticəsidir ki, paytaxtın ictimai nəqliyyat sistemini inkişaf etdirmək istəyərkən reallıqda geri düşmüşük. Artıq şirkətlər də yeni avtobuslar gətirməyə maraq göstərmirlər. Səbəb də gediş haqqının aşağı olmasıdır. Onlar gedib 150-200 min manatlıq avtobus alıb gətirirlər, 30 qəpiyə sərnişin daşıyırlar. Sahibkar özü də qazanc əldə etməlidir. Bu, sahibkarlıq fəaliyyətidir. Dövlət tərəfindən ya dotasiya verilməli, ya da bu sahədə inkişaf dayanmalıdır. Bakı Nəqliyyat Agentliyi hər gün informasiya yayır ki, tıxac yaranıb, avtobuslar buna görə gecikir. Avtobus gecikmir, avtobus yoxdur, sayı azdır, “BakuBus”un 100-ə yaxın avtobusu qarajda saxlanılır. Digər özəl şirkətlərin də bəziləri avtobusları xəttə buraxmırlar, etiraz edirlər ki, ziyana işləyirlər
Gündəlik xəttə buraxılan avtobusların sayı artırılaraq 2500-2600-ə çatdırılmalıdır.
Ekspert vurğuladı ki, araşdırmalar hər gün xəttə 1100-1200 avtobusun buraxıldığını göstərir. Bu da avtobusdan istifadə edən sərnişinlərin sayının nə dərəcədə azaldığını göstərir. Əgər avtobusun sayı azdırsa, o deməkdir ki, sərnişinlər orada rahat hərəkət edə bilməyəcəklər, dayanacaqlarda dəqiqələrlə marşrut gözləməli olacaqlar. Belə olan halda insanlar taksiyə və metroya üz tutmalı olur. Avtobus düzgün rejimlə işləmədikdə fəsadları özünü taksidə və metroda göstərir. Ona görə də gündəlik xəttə buraxılan avtobusların sayı artırılaraq 2500-2600-ə çatdırılmalıdır.
60 minə yaxın taksinin ən azından 40 mini pik saatlarda hərəkətdə olur.
Həmsöhbətimiz qeyd etdi ki, sıxlıq və tıxacın qarşısının alınması üçün Bakı şəhərində ictimai nəqliyyatın inkişafı prioritet istiqamət olmalıdır: “Çünki hazırda bundan başqa çıxış yolumuz yoxdur. İctimai nəqliyyat nə qədər güclü olsa, nə qədər dayanıqlı və davamlı olsa, interval düzgün qoyulsa, sistemi saat dəqiqliyi ilə qura bilsələr o zaman şəxsi nəqliyyat vasitələrindən, taksilərdən istifadə edənlərin sayı kifayət qədər azalacaq. Ümumən ictimai nəqliyyatın daha komfortlu və rahat növü olan taksilərdə də tənzimlənmə prosesi həyata keçirilməlidir. Gün ərzində paytaxt yollarında təxminən 60 minə yaxın taksi fəaliyyət göstərir. Doğrudur, onların hamısı eyni vaxtda xəttə çıxmır. Amma bu qədər taksinin ən azından 40 mini pik saatlarda hərəkətdə olur. Bu rəqəmlər Bakı şəhərinin ərazisini, yolunu ölçəndə, infrastrukturunu nəzərə alanda baxıb görürük ki, yəni, mövcud yol şəbəkəsi avtomobil sayı tərs mütənasibdir.”
Mərkəzi yollarda tıxac probleminin həlli mümkünsüz görünür.
Elməddin Muradlının sözlərinə görə, mərkəzi yollarda tıxac probleminin həlli mümkünsüz görünür. Sıxlığın aradan qaldırılmasına isə kənar yollarda, yəni qəsəbələrdə, Qaradağ, Suraxanı, Sabunçu rayonlarında hansı formada nail ola bilərik. Mərkəzi küçələrə gəlincə isə məsələn “Azneft” meydanında Neftçilər prospektini genişləndirmək istəsək ya dənizkarı bulvarın yarısı sökülməlidir, ya da Qız Qalasının ətrafındakı binaları sökməliyik. Bu da mümkün deyil. Ona görə də ictimai nəqliyyata üstünlük vermək lazımdır. Neftçilər prospekti boyunca ictimai nəqliyyatın gücünü daha da artırmaq olar. Bu prospektə alternativ yol olaraq dəniz üzərindən birbaşa Zığ qəsəbəsinə çıxan yol çəkilə bilər. Həmçinin, kənar dairəvi yolları genişləndirərək şəbəkə şəklinə salmaq vacibdir. Şəhər içi isə ictimai nəqliyyatın fəaliyyətini gücləndirmək lazımdır.”
Tramvay və trolleybus növlərinin bərpa edilməsinə baxılmalıdır.
Ekspert xatırlatdı ki, ictimai nəqliyyatın alternativ növlərinin bərpası zəruridir: “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı” nda ictimai nəqliyyatın digər növləri olan tramvay və trolleybus növlərinin bərpa edilməsinə baxılmalıdır. Lakin aidiyyəti qurumlardan bir səs-soraq çıxmadı, heç kim çıxıb demədi ki, bu məsələ mümkündür, ya mümkün deyil. Məsələn, Bakı kəndləri istiqamətində trolleybus və tramvay xətləri mümkündür. Həmçinin metro şəbəkəsinin genişləndirilməsinə çox böyük imkanlar var və buna böyük ehtiyac da duyulur.“
BNA həmin “manatlıq taksi”lərə nəzir verib, dua etsin ki, onların “üzünü ağ” edirlər. Bu taksilər olmasa, sərnişin axının qarşısını almaq mümkün olmazdı.
E.Muradlının sözlərinə görə, əgər vəziyyət bu həddi də keçsə, avtomobilləşmə daha sürətlə gedəcək: “Çünki bu gün insanlar iş yerlərini itirməmək üçün özlərinə şəxsi avtomobil alırlar. Səbəb isə budur ki, ictimai nəqliyyatın vaxtında mənzil başına çatacağına inam yoxdur. İctimai nəqliyyatın pik həddində insanlar məcbur olub ”manatlıq taksi"dən istifadə edir. Həmin taksilər olmasa, vəziyyət daha da pis olar. BNA həmin “manatlıq taksi”lərə nəzir verib, dua etsin ki, onların “üzünü ağ” edirlər. Bu taksilər olmasa, sərnişin axının qarşısını almaq mümkün olmazdı. Xüsusən də Xırdalan-Abşeron, Bakı kəndləri istiqamətində bu cür taksilərə böyük ehtiyac yaranır və təəsüf ki, bu acı reallıqdır".
Həyata keçirilən təşkilati-hüquqi tədbirlərlə yanaşı, sürücü və piyadalar bu sahədə aktiv iştirakçılığa cəlb edilməlidir.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin baş inspektoru, mayor Araz Əsgərli diqqətə çatdırdı ki, yeni tədris ilinin başlanması və məzuniyyət dönəmimin bitməsi ilə əlaqədar olaraq paytaxt ərzisində nəqliyyatın sıxlığı əhəmiyyətli dərəcədə artıb: “Bütün hərəkət iştirakçılarından yollarda diqqəti artırmağı, şəhərin real hərəkətini düzgün qiymətləndirməyi, hər bir qayda pozuntusunun ümumi vəziyyətə mənfi təsir göstərdiyini unutmamağı xahiş edirik.”
A.Əsgərli vurğuladı ki, dəfələrlə moped, velosiped, skuter kimi nəqliyyat vasitələrinin yolun sağ zolağı ilə hərəkət etməli olduqlarını, təhlükəli manevrlər etməmələrini, təhlükəsizlik üçün şlemlərdən istifadənin vacibliyini vurğulamağımız və bu qaydaların pozulmasının inzibati məsuliyyətə səbəb olduğunu qeyd etməyimizə baxmayaraq, eyni növ qayda pozuntularının gündəlik xidmətimizdə tez-tez şahidi oluruq. Bir daha qeyd etdiyimiz məsələlərə qarşı məsuliyyəti artırmağı özünün və ətrafdakı insanların haqlı narazılıqlarına səbəb olan hallardan çəkinməyi xahiş edirik.
Avtobus sayı və avtobuslararası interval sərnişin axınına uyğun tənzimlənməlidir
Bakı Nəqliyyat Agentliyinin yeni dərs ilinin başlanması ilə bağlı müraciətində qeyd edilir ki, yeni tədris ilinin başlanması ilə əlaqədar müntəzəm sərnişindaşımalara tələbatın artacağını nəzərə alaraq əvvəlcədən qabaqlayıcı tədbirlər görülür. Müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan daşıyıcılara sərnişin sıxlığının minimuma endirilməsi və vətəndaşların təhsil müəssisələrinə, iş yerlərinə vaxtında, eyni zamanda, rahat çatdırılması üçün tapşırıqlar verilib. Gündəlik xəttə çıxarılan avtobus sayının və avtobuslararası intervalın sərnişin axınına uyğun tənzimlənməsi, eləcə də tələbat olan xətlər üzrə avtobus sayının artırılması nəzərdə tutulub. Yeni tədris ilinin başlanması ilə əlaqədar təhsil müəssisələrinin ətrafında piyada piyadaların hərəkət təhlükəsizliyi səviyyəsinin artırılması istiqamətində də müvafiq işlər görülür. Eyni səviyyəli piyada keçidləri yenidən boyanır, zəruri olan yerlərdə piyada keçidlərində sarı döyünən işıqlar quraşdırılır, asfalt üzərinə “Yavaş, məktəb!“ xəbərdarlığı qeyd edilir.
Qurum vətəndaşlarımızı mümkün qədər şəxsi nəqliyyat vasitələrindən istifadə etməməyə və ictimai nəqliyyata üstünlük verməyə çağırır: “Sərnişindaşımaların düzgün və səmərəli icra olunması üçün hərəkət iştirakçılarına, o cümlədən fərdi avtomobil sürücülərinə anlayışlı olmağı, yol hərəkəti qaydalarına, xüsusən də dayanma, durma və parklanma qaydalarına ciddi əməl etməyi tövsiyə edirik.”