Reklam

Bakının “Prius” bəlası: taksi problemi nə vaxt həll olunacaq?

Öyrənək 13 Dekabr 2021 18:20 Oxunub 14506
Bakının “Prius” bəlası: taksi problemi nə vaxt həll olunacaq?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Aşağı sərfiyyat, ucuz qiymət, sürətli gəlir... Son dövrlər Bakıda geniş yayılmış gündəlik maşın icarəsi bir çox işsizin qısa müddətli gəlir yerinə çevrilib. Sahibkar ucuz qiymətə və yanacaq sərfiyyatı az olan maşınları xaricdən gətizdirərək taksi sürücülərinə gündəlik icarəyə verir. Adətən gündəlik icarə məbləği 20-25 manat arasında olur. Sürücülər icarə pulu ilə yanaşı, öz qazanc pulunu da çıxarmaq məqsədilə gün ərzində saatlarla avtomobil idarə edirlər. Təcrübəsizlik və yorğunluq isə qəzaları qaçılmaz edir. Son aylarda bu problem "Toyota Prius" və digər kiçik mühərrikli avtomobillərin timsalında müşahidə olunmaqdadır.

Bu cür taksi fəaliyyətinə kim nəzarət etməlidir? Ümumiyyətlə, nəzarət mexanizmi varmı?

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirir ki, sahibkar nəqliyyat vasitəsini icarəyə verməzdən əvvəl onu sürəcək şəxsə qanunvericiliyin tələblərini izah etməlidir: “DYP hər hansı sahibkarlıq fəaliyyətinə qarışan struktur deyil. Amma nəqliyyat vasitəsini idarəetməyə alan şəxs avtomobili icarəyə verdiyi şəxslərə qanunvericiliyin tələblərini izah etməli və qanunla sürücülük hüququ olan və tam texniki baxımdan saz nəqliyyat vasitəsini istismara verməlidir. Bu, həm avtomobillərin təhlükəsiz idarə olunması, həm yol hərəkəti qaydalarının ciddi şəkildə qorunması baxımından vacibdir”.

“Toyota Prius” və mühərrik həcmi kiçik olan digər avtomobillərin taksi fəaliyyəti üçün istifadəyə verilməsi başadüşüləndir. Amma hər kəs istifadə etdiyi nəqliyyat vasitəsini istismar qaydalarına və fəaliyyət növünə uyğun olaraq idarə etməlidir. Qanunda konkret şərtlər və şəxslər üzərində nəzərdə tutulmuş məsuliyyət var. İcarəyə götürdükləri avtomobillə taksi fəaliyyəti göstərən sürücülər avtomobili istənilən formada idarə edərək yol hərəkəti qaydalarını poza bilməzlər: “DYP-nin əsas məqsədi yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir. Bu cür nəqliyyat vasitələrini idarə edən şəxslər özgənin əmlakına düzgün münasibət göstərməlidir. “Başqasının əmlakıdır” deyib onu istənilən formada istismar etmək və bu istismar çərçivəsində yol hərəkəti qaydalarını pozmaq olmaz”.

DYP rəsmisinin sözlərinə görə, yol polisi yollarda təhlükəsizliyin qorunması baxımından hər kəsə eyni münasibət göstərir: “Qanun pozularsa, qanunvericilikdə nəzərdə tutulmuş formada adekvat tədbirlər həyata keçirilir. Qaldı ki, sürücülərə tövsiyəmizə, nəqliyyat vasitəsinin sazlığına, yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etsinlər. Çünki bu qaydalar insanların həyat və sağlamlığına birbaşa təsir edən əsas amildir. Hər bir kəs istifadəsində olan nəqliyyat vasitəsilə rəftar edərkən qanunun onun üzərinə qoyduğu məsuliyyəti bilməlidir. Sahibkarlıq fəaliyyəti qanun çərçivəsində həyata keçirməlidir. Heç kim vəziyyətdən sui-istifadə etməyi düşünməsin ki, bu, onların sonrakı mərhələlərdə qanun qarşısında cavab verməsinə gətirib çıxarmasın”.

Son illər Azərbaycanda ictimai nəqliyyat sahəsində xeyli islahatlar (yeni böyük avtobuslar alınması, xüsusi avtobus zolaqlarının yaradılması) aparılsa da, insanların taksidən istifadəyə marağı azalmayıb. Sürət və rahatlıq baxımından avtobus nəqliyyatı taksiyə uduzur.

"Mövcud durum ictimai nəqliyyatın 

istənilən səviyyədə olmamasından irəli gəlir", - Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov belə düşünür. Onun sözlərinə görə, sahibkar və sürücü qarşılıqlı pul qazansa da, bu situasiya müəyyən problemləri də özü ilə gətirir: “Son 5 ildə Bakıda taksi fəaliyyəti sürətlə artmaqdadır. Buna əsas səbəb ictimai nəqliyyatın vəziyyətidir. İnsanlar işə, evə rahat gedib-gəlmək istəyirlər. Üstəlik pandemiya dövründə virusa yoluxma təhlükəsinin ən yüksək olduğu yer ictimai nəqliyyat olduğundan insanlar ictimai nəqliyyatdan uzaqlaşmağa başladılar.

Azərbaycanda müstəqillik dövründə taksi sahəsi ilə bağlı heç bir qurum ciddi məşğul olmayıb. Hətta keçmiş Nəqliyyat Nazirliyinin dövründə bəzən müfəttişlərlə taksi sürücüləri arasındakı mübahisələr ölüm hallarına qədər gedib çıxırdı. Yəni bu uğursuzluğun əsas səbəbi normal nəqliyyat siyasətinin olmamasıdır. Hazırda da bu vəziyyət davam edir”.

Ərşad Hüseynovun sözlərinə görə, avtomobil siyasətini tənzimləyən iki qurum bir-birinə bağlı olmadığına görə, bu sahədə dövlət siyasəti də vahid deyil: “Reallıq ondan ibarətdir ki, sərmayə qoyub gəlir götürmək istəyən kimlərsə bazara baxır görür ki, taksi fəaliyyətinə tələbat var, gedib avtomobillər alır. Əmək qabilliyətli işsiz adamların da sayı kifayət qədər olduğu üçün onlara təklif edir ki, “al, mənim avtomobilimi sür, sən də pul qazan, mən də”. Nəzarət mexanizmi olmadığına görə, sürücülərin qeydiyyatını, iş və istirahət rejimini müəyyən etmək mümkün deyil. Avtomobillərin saz vəziyyətdə olmasını, sürücülərin sağlıq durumunu yoxlayan dövlət qurumu yoxdur. Hazırda qüvvədə olan qanunvericiliyi təkmilləşdirmək lazımdır. Sürücü həm avtomobil sahibinin və taksi xidmətinin planını verməlidir, həm də özü dolanmalıdır. Ona görə də bəzən 14-15 saat işləyir ki, əlavə pul qzansın. Belə ağır şəraitdə, yorğun vəziyyətdə maşın sürən adam da yol hərəkət qaydalarını pozur, sərt manevrlər edir, nəticədə qəzalar baş verir. Azərbaycanda nəqliyyat sahəsində vahid siyasət müəyyən edilmədiyindən, vahid idarəetmə, dəqiq tənzimləmə və nəzarət mexanizmi olmadığından vəziyyət belədir”.

Azərbaycanda nəqliyyat sahəsindəki ən ali qurum Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi sayılır. Nazirliyin tərkibində Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) adlanan ayrıca bir qurum var. DANX avtomobil nəqliyyatı sahəsində dövlət tənzimləməsini həyata keçirsə də, Bakıda şəhərdaxili sərnişindaşıma və taksi fəaliyyətinə nəzarət etmir. Əvəzində buna nəzarət edən ayrı bir qurum var: Bakı Nəqliyyat Agentliyi (BNA). Birbaşa Nazirlər Kabinetinə tabe olan BNA paytaxtda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin edən dövlət şirkəti sayılır.

BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev “Qafqazinfo”ya bildirib ki, hazırda paytaxtda taksi fəaliyyəti göstərən bir çox şəxsin fərqlənmə nişanı yoxdur: “Bakı Nəqliyyat Agentliyi tərəfindən taksi xidməti göstərilməsi üçün fərqlənmə nişanı verilərkən nəqliyyat vasitəsinin şəxsin qanuni istifadəsində və sahibliyində olması yoxlanılır. Həmin sənədin də qüvvədə olma müddəti 30 gündən çox olmalıdır. Lakin bildirim ki, hazırda Bakı şəhərində taksi xidməti göstərən sürücülərin əksəriyyəti fərqlənmə nişanı olmadan, qanunsuz fəaliyyət göstərir”.

Qeyd edək ki, bu ilin oktyabrında nəqliyyat sahəsində daha bir qurum yaradılıb. Adı AYNA (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) olan və publik hüquqi şəxsi statusundakı qurum xidmətlərinin elektron formada göstərilməsini, habelə məlumatların əlçatanlığını təmin etməlidir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi AYNA informasiya sisteminin yaradılmasını təmin etməli, “ASAN xidmət” vasitəsilə həmin informasiya sistemi Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya olunmalıdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh