
Banka olan kredit borcunuzu ödəyə bilmədikdə nə etməlisiz? - AÇIQLAMA

Son dövrlər iqtisadi çətinliklər, gənclərin iş tapmaqda çətinlik çəkməsi və gəlir azalması bir çox vətəndaşın banklardan götürdüyü kreditləri geri ödəməsində ciddi problemlər yaratmağa başlayıb.
Avtosfer.az xəbər verir ki, xüsusilə istehlak kreditləri və kredit kartı borcları üzrə ödəniş gecikmələrinin artması bank-müştəri münasibətlərində gərginliklərə səbəb olur.
Bu vəziyyət həm vətəndaşların maliyyə yükünü artırır, həm də bankların risklərini çoxaldır. Nəticədə, bir çox şəxs kredit borcunu ödəyə bilmədiyi üçün banklarla güzəştli şərtlərlə razılaşma yolları axtarır. Sosial şəbəkələrdə yayılan məlumatlar onu qeyd edir ki, vətəndaşların kreditit ödəməmə kimi bir imkanı var. Hansı ki, “DEFOLT” bildirişi vasitəsi ilə banka müraciət etdikdə bank şəxsi müflis elan edərək kreditdən azad edir. Bu proses zamanı isə heç bir girov götürülmür sadəcə 7 il müddətində kredit almaq imkanı silinir. Bəs bu məlumatlar nə dərəcədə düzgündür? Bankların belə bir qaydası var mı?
Bu barədə iqtisatçı ekspert Elman Sadıqov saytımıza açıqlamasında bildirib ki, Ümumiyyətlə, vətəndaşlar banklardan kredit götürərkən banklar tərəfindən onların ödəniş qabiliyyəti, gəlir səviyyəsi və digər maliyyə göstəriciləri nəzərə alınır.
“Bu qiymətləndirmələrdən sonra kreditin verilib-verilməməsinə qərar verilir. Lakin kredit verildikdən sonra müştərinin maliyyə vəziyyətində dəyişikliklər, məsələn, işdən çıxma və ya gəlirin azalması kimi hallar baş verə bilər. Bu cür hallarda əsas məqsəd kreditin geri ödənilməsinin təmin olunmasıdır.
Belə vəziyyətlərdə ilk növbədə kredit şərtlərinin yüngülləşdirilməsi məsələsinə baxıla bilər. Məsələn, ödəniş müddətinin uzadılması, aylıq ödənişlərin azaldılması və ya digər güzəştlərin tətbiqi mümkündür”.
Elman Sadıqov qeyd edib ki, bu proses bank və müştəri arasında əldə olunan qarşılıqlı razılaşma əsasında həyata keçirilir:
“Bankın bu güzəştləri tətbiq etmək kimi bir öhdəliyi olmasa da, bu, banklar arasında geniş yayılmış bir təcrübədir. Çünki hər gecikmiş ödənişə görə müştərini məhkəməyə vermək və sonrakı icra prosesləri həm zaman alır, həm də bank üçün əlavə iş yükü yaradır. Bu səbəbdən banklar çalışırlar ki, kreditlər elə şərtlərlə təqdim olunsun ki, sonradan ödənişlə bağlı hər hansı bir problem yaranmasın.
Hazırda bank sektorunda ən çox problemin kredit kartları ilə bağlı olacağı ehtimalı yüksəkdir. Kredit kartları vasitəsilə ay ərzində nəzarətsiz xərclər edilir və nəticədə müştərilər bu borcu ödəməkdə çətinlik çəkirlər”.
Ekspert vurğulayıb ki, götürülmüş hər bir kredit mütləq qaytarılmalıdı:
“Əgər müştəri krediti ödəmək niyyətindədirsə və bank da müəyyən güzəştlərə gedirsə, bu zaman kreditin ödənilməsi hər iki tərəf üçün daha uyğun və effektiv bir yol olur. Lakin əgər müştəri krediti ödəmək niyyətində deyilsə, bu zaman proses çətinləşir. Belə hallarda bank hüquqi yollara əl ataraq müştərini məhkəməyə verir, girov qoyulmuş əmlakın müsadirəsi və hərraca çıxarılması prosesi başlayır”.
Hüquqşünas Ramil Süleymanov deyir ki, hazırkı qanunvericiliyə əsasən, müflis elan olunmaq yalnız hüquqi şəxslər üçün nəzərdə tutulub. Fiziki şəxslərin müflis elan olunması ilə bağlı ölkəmizdə hələlik xüsusi bir qanunun mövcud olmadığını bildirib:
“İri məbləğli kreditlərin verilməsi məsələsində Mərkəzi Bankın ayrıca qayda və təlimatları mövcuddur. Bu cür kreditlər əsasən biznes plan əsasında təqdim olunmalı, həmçinin kreditin geri qaytarılmasına təminat olaraq daşınar və ya daşınmaz əmlak girov qoyulmalıdır. Bununla bağlı müvafiq girov müqavilələri də bağlanır.
Əgər vətəndaş müəyyən müddətdən sonra maddi vəziyyətinin pisləşməsi ilə üzləşərsə, ilk növbədə bankla əlaqə saxlamalı və yaranmış vəziyyət barədə məlumat verməlidir. Bu halda kredit borcunun restrukturizasiyası mümkündür. Restrukturizasiya dedikdə, əsas borc məbləğinin yenidən rəsmiləşdirilməsi, faizlərin silinməsi və ya ödəniş müddətinin uzadılması nəzərdə tutulur”.
Hüquqşunas qeyd edib ki, bu proses bankın öhdəliyi deyil, hüququdur. Yəni, bank istəsə bu cür güzəştlərə gedə bilər, istəmədiyi halda isə bu addımları atmaq məcburiyyətində deyil.
Nəticə etibarilə, bankın verdiyi krediti geri almaması və ya müştərinin bu krediti heç vaxt ödəməməsi hər iki tərəf, xüsusilə müştəri üçün arzuolunan hal deyil və ciddi zərərlərlə nəticələnir.
Fidan