Benzinə pul çatdıra bilməyən sürücülərin nəzərinə: niyə məhz elektromobil? - MÜTƏXƏSSİS RƏYİ
Azərbaycanda son illər benzinin bahalaşdığına görə sürücülərin təbii olaraq daha az sərfiyyatlı avtomobillərə marağı artıb. Bir qədər ucuz olduğu üçün dizel mühərrikli minik avtomobillərinə daha çox üstünlük verilməyə başlayıb. Amma sonradan elektrikli avtomobillərin istehsalının artması nəticəsində benzin və dizel mühərrikli avtomobillərə olan tələbatda azalmalar müşahidə olunur. Yanacağın qiymətinin hər an arta biləcəyini ehtimal edən sürücülər buna görə də elektromobillərə üstünlük verirlər.
Avtosfer.az xəbər verir ki, iqtisadçı-ekspert Xalid Kərimli İqtisadiyyat.az-a açıqlamasında benzinin heç bir növünün yaxın aylarda bahalaşacağını gözləmədiyini deyib.
Onun sözlərinə görə, çünki benzinin indiki qiymətləri neftin 110-120 dollar olduğu vaxtlardakı qiymətlərinə uyğun formalaşıb. İqtisadçı xatırladıb ki, sosial və iqtisadi əhəmiyyəti olduğuna görə “Aİ-92” markalı və dizel yanacağının qiymətini Tarif Şurası tənzimləyir: “Amma “Aİ-95” və “Aİ-98” markalı benzinin qiymətlərini hökumətlə razılaşdırmaqla SOCAR özü müəyyənləşdirir. Benzinin indiki qiymətləri həmin dönəmdəki qiymətlərə uyğunlaşdığına görə indiki halda benzinin bahalaşacağını gözləmirəm”.
“Aİ-95” və “Aİ-98” markalı benzinlərin ucuzlaşmasını əslində keçən ildən gözlədiyini söyləyən iqtisadçı həmin dönəmdə neftin qiymətinin təqribən 50% endiyini xatırladıb: “Neftin qiyməti enəndə benzinin də qiyməti həm Avropada, həm də dünya bazarında düşdü. Azərbaycan “Aİ-95”, “Aİ-98” markalı benzini hələ də idxal edir. Onlar əsasən Pribaltika ölkələrindən, Rumıniya, Yunanıstandan ölkəyə gətirilir. Neftin qiymətinin düşməsi benzinin də qiymətinin düşməsinə gözlənti yaratmışdı. Amma SOCAR hələ ki qiymətləri endirmir”.
X.Kərimli vurğulayıb ki, Bakı Neft Emalı Zavodunun (BNEZ) rekonstruksiyasından sonra artıq premium markalı benzinlərin də qiymətinin düşəcəyini gözləmək olar: “Çünki “Aİ-95”, “Aİ-98” markalı benzinləri həmişə xaricdən idxal etdiklərini və buna görə də ucuz sata bilmədiklərini bildirirdilər. Bu baxımdan yeni zavod işə düşəndən sonra “Aİ-95” və “Aİ- 98” markalı benzinlərin ucuzlaşması daha israrla, ciddi şəkildə gözlənilir. Çünki bu dəfə yerli istehsal olduğundan xərclər də daha az olacaq. Yəni istənilən halda maya dəyəri daha da aşağı düşəcək”.
İqtisadçı həmçinin dizel yanacağı ilə bağlı da proqnozlarını bölüşüb. Bu yanacağın Azərbaycanda istehsal oldunduğunu xatırladan ekspert onun qiymətinin düşəcəyini gözləmədiyini bildirib:
“Ümumiyyətlə, dizel yanacağına güzəştli qiymətlər təyin edilir. Hətta Avropada çox maraqlı bir nüansı qeyd etmək istərdim. Belə ki, Avropada bizim premium benzinlərdən dizel yanacağı daha bahadır. Burada da əsas məntiq ondan ibarətdir ki, dizel yanacağının ətraf mühiti çirkləndirmə səviyyəsi daha çoxdur. Ona görə də dizel Avropada premium markalı benzindən bahadır. Azərbaycanda isə dizel yanacağı sərnişin və yükdaşımada istifadə olunur və ölkədə istehsal olunduğuna görə güzəştli qiymətlər mövcuddur. Ona görə də bu yanacağın qiymətinin düşəcəyini gözləmirəm”.
Qeyd edildiyi kimi, Azərbaycanda son illər elektrikli avtomobillərə tələbat artıb. Əvvəllər ölkədə bu maşınlara çox nadir hallarda rast gəlinirdisə, artıq paytaxtın küçə və prospektlərində şütüyən hər on nəqliyyat vasitəsindən beşinin elektromobil olduğu müşahidə edilir. Bu ilin yanvar-aprel aylarında Azərbaycana ümumilikdə 43,4 milyon dollar dəyərində 1012 ədəd elektrikli avtomobil idxal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə idxal olunan elektromobillərin sayı 444 ədəd və ya 78,1% artıb. Bu dövrdə elektrikli avtomobil idxalına çəkilən xərc ötən ilin 4 ayına nisbətən 19,6 milyon dollar və ya 82,7% artıb. Mütəxəssislər deyir ki, elektrikli avtomobillər digərlərinə nisbətən daha əlverişlidir. Buna görə də bu avtomobillərə maraq dairəsi genişlənib.
Avto-mütəxəssis Bəhruz Güləli İqtisadiyyat.az-a açıqlamasında deyib ki, elektromobillərə tələbatın artmasının bir neçə səbəbi mövcuddur. Onun sözlərinə görə, bunun səbəblərindən biri elektromobillərin ölkəyə gətirilməsi üçün tələb olunan rüsumun sərfəli olmasıdır. Digər səbəb isə yanacaq sərfiyyatıdır:
“Təbii ki, yanacaq sərfiyyatına gəlincə, bu, digərləri ilə müqayisədə 10 dəfəyə qədər qənaət deməkdir. Eyni zamanda, elektromobilə sahiblənən sürücü əlavə olaraq daha bir neçə xərcdən azad olur. Mütəmadi olaraq mühərrikin yağını dəyişmək, yanacaq sisteminə qulluq etmək və s. işlərdən azaddır”.
Mütəxəssis bununla yanaşı elektromobil alarkən onun hansı region üçün istehsal olunduğuna diqqət yetirilməsinin vacibliyini vurğulayıb. O söyləyib ki, bu avtomobillərə tələbət hələ o qədər də tam geniş vüstə almayıb deyə, onun təmiri ilə məşğul olan mütəxəssis də tapmaq çətindir: “Ən əsas diqqət olunası məqam həmin elektrocarın bizim region üçün istehsal olunmasıdır. Yəni, Çinin daxili bazarı üçün istehsal olunmuş elektomobil ölkəmizdə hər hansı bir problem yaşayarsa, onun təmiri bir qədər qəliz olacaq”.
B.Güləli ehtiyyat hissələrinin dözümlüyünə gəlincə bildirib ki, bu, digər modellərdə olduğu kimi birbaşa markadan və istehsalçıdan asılıdır: “Bəzi insanlar isə hər zaman innovativ resurslara maraq göstərdiyi üçün elektromobillərə keçid edirlər. İstənilən halda hər hansı bir yeni avtomobil markası alan zaman markanı yaxşıca araşdırıb mütəxəssis fikirlərini incələmək lazımdır”.