Bu yolayrıcında təhlükə ilə üzləşən sürücülər DYP və AYNA-dan KÖMƏK İSTƏYİR - VİDEO

Bu gün paytaxt ərazisində bir sıra küçə və prospektlərdə əhalinin artımı istər Bakının nəqliyyat, istərsə də ümumilikdə şəhər infrastrukturunda müəyyən problemlərə yol açır. Daha əvvəl bəzi küçələrdə yolayrıcında hərəkəti tənzimləmək üçün yol nişanları kifayət edirdisə, indi bu məsələnin kökündən həlli üçün işıqforların qurşadırılması mütləq hala çevrilir. Artıq bir neçə ildir ki, Bakının, demək olar ki, bütün rayonları üzrə əhalinin artımı qaçılmaz hal alıb. Xüsusən Yasamal, Səbail, Nəsimi və Xətai rayonlarında bu mənzərə daha çox müşahidə olunur. İstər bölgələrdən paytaxta axın, istərsə də paytaxt sakinlərinin bir yerdən başqa yerə davamlı köçü Bakının rayonlarında vəziyyətin nizamsız hal almasına gətirib çıxarır. Digər tərəfdən qanunlara zidd tikilən binalar, eləcə də iaşə müəssisələri küçələrin yol infrastrukturuna ciddi zərbə vurur.
Yolayrıclarında nəqliyyat vasitələrinin təhlükəsiz və nizamlı şəkildə hərəkət etməsinin təmini üçün svetofor obyektlərindən istifadə olunması vacib hesab olunur. Xüsusilə intensiv hərəkət olan küçə və prospektlərdə buna daha çox ehtiyac duyulur. Bu gün paytaxtın bir sıra küçə və prospektlərində yolayrıcını düzgün keçməyən sürücülər müxtəlif səpkili qayda pozuntuları törədir və nəticə bəzən ağır olur. Sürücülərin pozduğu qaydalarla yanaşı, bir də yolayrıcında müvafiq nişan və nizamlayıcı vasitələrin olmaması da sürücüləri çaşdırır. Bu da sonda ya toqquşmalara, ya da piyada vurulmasına gətirib çıxarır. Nizamlanmayan yolayrıclarında, xüsusilə də pik saatlarda, hərəkətin intensivliyi səbəbilə sürücülər uzun müddət dayanıb yol vermək məcburiyyətində qalırlar. Bu həm vaxt itkisinə, həm də bəzi hallarda qəza riskinin yaranmasına səbəb olur.
Avtosfer.az xəbər verir ki, belə problemli yolayrıclarından biri də paytaxtın Ağ Şəhər yaşayış kompleksində yerləşir. Sakinlər bildirirlər ki, burada yaşayış artıqca avtomobil sayı da artır. Bu isə yolayrıclarını bəzən keçilməz edir. Buna misal olaraq Mərkəzi Bulvar küçəsilə İlqar Mirzəyev küçəsinin kəsişməsini demək olar.
Gündüz saatlarında burada avtomobil axını o qədər intensiv olur ki, yolayrıcını rahatlıqla keçib getmək müşkülə çevrilir.
Qəza şəraitinin yaranması, piyadaların təhlükəsiz keçid imkanlarının məhdudlaşması və ümumi nəqliyyat axınının pozulması səbəbilə sakinlər bu yolayrıcında svetofor obyektinin quraşdırılmasını zəruri hesab edirlər. Onların fikrinə görə, bu, həm hərəkətin təhlükəsizliyini təmin edəcək, həm də sürücülər və piyadalar üçün əlavə rahatlıq yaradacaq. Mütəxəssislərin rəyinə əsasən, ərazidə işıqforla yanaşı kameraların təşkili də mütləqdir. belə olan halda, sürücülər yol hərəkəti qaydalarına və nişanların tələbinə riayət etməyə məcbur olacaqlar. Qeyd olunan ərazidə həftənin müxtəlif günlərində yaranan tıxacların qarşısını almaq üçün isə bəzi hallarda yol polisinin ərazidə hərəkəti birbaşa nizamlaması zərurət halını ala bilər.
Məsələ ilə əlaqədar nəqliyyat eksperti Eldəniz Cəfərov Avtosfer.az-a açıqlamasında deyib ki, yolda hərəkət əsasən yol nişanları ilə tənzimlənir. Yol nişanları, xətlənmə, svetoforlarla aparılan bu proses yollarda təhlükəsizliyin əsas təminatçısıdır və əgər hansısa yolda bu yol nişanlarına ehtiyac varsa, təbii ki, bunlar artırılmalıdır.
“Burada həm cəmiyyət özü, həm media, həm də biz ekspertlər dəstək olmalıdır. Adətən vətəndaşlar özləri də yaşadığı ərazilərdə əgər bu çətinlikləri görürlərsə, problem görürlərsə, bununla bağlı müvafiq qurumlara məlumat verməlidirlər. Həmçinin, Dövlət Yol Polisinin əməkdaşları da. Mən bilirəm ki, belə halla rastlaşdıqda müvafiq qurumlara məlumat verirlər ki, həmin ərazidə müəyyən tənzimlənmələr həyata keçirilsin.
Bugün Bakıda və ətraf ərazilərdə sizin qeyd etdiyiniz kimi əhali sayının artması və digər məsələ ilə bağlı dövlət proqramı artıq var və bu işlər hamısı, dövlət proqramının özü də hətta Bakının Baş planına uyğun həyata keçirilir. Yəni, bunu istəyə uyğun deyil, planlanmaya uyğun həyata keçirmək daha doğrudur, bu da olur.
Dövlət proqramına əsasən Bakı və ətraf ərazilərdə yol infrastrukturu ilə əlaqədar müəyyən monitorinqlər də aparılır və bunun əsasında dəyişikliklər həyata keçirilir. Bakının artıq bir sıra küsələrində belə dəyişiklikləri mən görürəm və ümid edirəm ki, yaxın çatlarda da belə dəyişikliklərin sayı artacaq, olacaq”.
İnkişaf etmiş bir sıra ölkələrdə isə bu cür problemlərin həlli istiqamətində bir neçə üsul irəli sürülür. Bunlardan biri yolayrıclarında nəqliyyat vasitələrinin istifadəsi üçün ayrılmış hissələrin ölçülərinin genişləndirilməsi və eyni zamanda həmin yolayrıcının dairə kimi fəaliyyətə başlaması əsas çıxış yolu kimi görülür. Bununla yanaşı, belə məqamlarda həmin qeyd olunan ölkələrdə aidiyyəti üzrə qurumların üzərinə başqa məsuliyyətlər də düşür. Məsələn, Yaponiya kimi əhalisi çox və texnologiyası inkişaf etmiş ölkədə yol infrastrukturunda dəyişikliklər tez-tez müşahidə olunan hadisə kimi qeydə alınmır. Yaponiyada əhalinin bu mövzuda komfortu təmin olunsun deyə küçələrdə binaların sayını, burada yaşayan insanların maksimum hesabatını dəqiqliklə aparırlar. Bu hesablamalardan sonra ərazidə yeni binaların tikintisinə, əhali köçürülməsinin uyğun olub olmamasına qərar verilir. Daha sonra yolayrıcları, eləcə də ətraf ərazilər genişləndirilir, kiçik və orta ölçülü dairələr halına gətirilir. Nəzərdə tutulan kiçik layihələri təkcə ərazidəki yol infrastrukturundakı dəyişikliklər əhatə eləmir. Burada, həmçinin, su və qaz xətləri, kanalizasiya, eləcə də elektrik enerjisinin və rabitənin təminatı məsələsi də ön plana çəkilir. Piyadaların rahat hərəkəti üçün səkilər, əlil və uşaq arabalarının, eləcə də digər təkərli yüngül nəqliyyat vasitələrinin komfortu tam təmin olunduqdan sonra yol istismara təqdim edilir. Bunun əsas səbəbi isə Yaponiyada, xüsusən də paytaxt Tokioda həm turizmin geniş inkişafı, həm də bölgələrdən iş üçün buraya insan axınının olmasıdır. Yaponiya nümunəsiölkəmiz üçün uğurlu təcrübə ola bilər. Bunun üçün əvvəlcə aidiyyəti qurumlar əməkdaşlıq baxımdan doğru ölkə və onun nümunəsini seçə bilsinlər. Xətai rayonu, xüsusən də Ağ şəhər və onun ətrafındakı ərazilər üçün Yaponiya nümunəsi uyğundur və ümid edirik ki, hərəkətin təşkili ilə məşğul olan qurumlar vətəndaşların narahatlığını nəzərə alaraq müvafiq tədbirlər görəcəklər.
Məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən "Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili" layihəsi çərçivəsində hazırlanmışdır. Bu məqalədə əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Müəllif: Səfər Əlizadə














