Reklam

Çimərlik mövsümü və dənizə maşınla girmək problemi – DÜNYA TƏCRÜBƏSİ NECƏDİR?

Öyrənək 22 İyun 2024 13:43 Oxunub 5040
Çimərlik mövsümü və dənizə maşınla girmək problemi – DÜNYA TƏCRÜBƏSİ NECƏDİR?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycanda çimərlik mövsümünə start verilib. Doğrudur, hələ dənizə kütləvi axın olmasa da, artıq yutub kanallarını, sosial şəbəkələri sahildə hoqqa verən, qumda batıb qalan naşı sürücülərin videoları “bəzəyir”. Hörmətli təlimçi Aqil Rəhimovun təbirincə desək, “bəzi insanlar dənizkənarı ərazilərdə “çimərlik kursları” təşkil edirlər”. 

Bəs başqa ölkələrdə vəziyyət necədir? İnsanların istirahət etdiyi ərazidə maşın sürmək və ya sürücülük təlimi keçmək mümkündürmü? Məsələni 2 ölkənin nümunəsində araşdıraq. Başlayaq şimal qonşumuz, dünyanın ən böyük (şirin) su ehtiyatlarına malik, geniş çay və göl şəbəkəsinin olduğu Rusiyadan.
Doğrudur, bir rus Azərbaycandakı güşəşli günlərə, Xəzərin qumlu sahilinə heyranlıqla baxır. Vətənimiz Rusiyadan qat-qat kiçik olsa da, Bakıya yay vaxtı gələn ruslar dənizə görə bizə qibtə edirlər. Bu öz yerində. 

Avtosfer.az xəbər verir ki, Rusiyada su hövzələri kənarında avtomobillə hərəkət və ya nəqliyyat vasitələrinin park edilməsi ilə bağlı ciddi qadağalar mövcuddur. Rusiyanın Su Məcəlləsinə görə (maddə 65) dənizin mühafizə olunan ərazisinin eni 500 metrdir. Bu ərazidə nəqliyyat vasitələrinin (operativ NV xaric) hərəkəti birmənalı şəkildə qadağandır. Maşınla yaxınlaşma məsafəsi çimərlikdən asılı olaraq dəyişə bilir. Lakin çimərlik ərazilərində yalnız bərk örtüklü yollarda avtomobillə hərəkət etməyə və xüsusi ayrılmış yerlərdə parklamaya icazə verilir.
Qorunan su mənbələrinə yaxın məsafədə avtomobillərin park edilməsinə görə fiziki şəxslər 4 500 rubl (88 AZN), hüquqi şəxslər isə 400 min rubl (7 800 AZN) cərimə ödəməli olurlar. Bu qayda təkcə şirin su anbarlarına deyil, dəniz və çimərliklərə də tətbiq edilir. 
Su anbarlarının təcrid zonası obyektin əhəmiyyətindən asılı olaraq 50-500 metr arası dəyişir. Cəriməni yol polisi ilə yanaşı təbiəti mühafizə işçiləri də tətbiq edə bilər.

Su mənbələri ilə bağlı qadağalar Avropada da mövcuddur. Elə götürək sahil xəttinin uzunluğu 5401 kilometr olan, çimərlikləri ilə hər il milyonlarla turist cəlb edən Fransanı. Təbii ki, burada da intizamsız sürücülər yox deyil. Lakin qanun onlara qarşı amanıszdır. Bəzən üzr və cərimə ilə məsuliyyətdən yaxa qurtarmaq mümkün olmur.

Fransa qanunvericiliyinə görə, çimərlik ərazilərdə maşın sürənlərə qarşı “təhlükədə qoyma” (qanun və ya qərarla müəyyən edilmiş təhlükəsizlik qaydalarını qəsdən pozmaqla başqasının ölümü və ya xəsarət alması riski yaratma) ittihamı ilə cinayət işi açıla bilər. Qanunla insanların çimdiyi və ya dincəldiyi əraziyə nəqliyyatın girişi qadağandır. Yolda hansısa baryerin və ya qadağanedici nişanın olması şərt deyil. Bu əməl 15 000 avro cərimə və 1 ilədək həbslə cəzalandırılır.

Cəza müəyyən edilərkən digər qayda pozuntuları da mütləq nəzərə alınır (bu situasiyada yol hərəkəti qaydalarını və ekoloji normaları pozma). Cəzaya əlavə olaraq sürücülük vəsiqəsinin ləğvi, nəqliyyat vasitəsinin müsadirə edilməsi və psixoloji uyğunluq kursuna göndərilmə də tətbiq edilə bilər. 
Təxminən 15 il əvvəl Rusiyada sərt qış vaxtı belə bir hadisə baş vermişdi: 4 sərxoş şəxs buz bağlamış Baykal gölününü Niva ilə başdan başa keçmək istəmişdi. Lakin buz qırıldığı üçün cəni bir nəfər xilas olmuş, digərləri gölün dibinə getmişdi. Məsələ ciddi müzakirə obyektinə çevrildi. Baykalın dünyanın ən böyük təbii şirin su hövzəsi olduğunu nəzərə alan hökumət ekoloji problemlər yaranmasın deyə maşının çıxarılmasına göstəriş verdi. Bu hadisə həm də sututarların daha ciddi mühafizəsi üçün qanunvericilik bazasının möhkəmləndirilməsi üçün əsas oldu.

Məsələnin ictimai tərəfini də unutmaq olmaz: 10-15 il əvvəl Azərbaycanda yol polisi avtoxuliqanlarla mübarizə aparanda bəziləri (bunların içində tanınmış insanlar da vardı) onlar üçün xüsusi meydança tikməyi tələb edirdilər. Hətta keçmiş Beşmərtəbə dairəsində avtoşluq edənlərə bəraət qazandıranlar da tapılırdı. Sual olunur: hansı dövlət intizamsız vətəndaşın nazı ilə oynayır? Belə tələbi heç bir alman, ingilis və ya isveçli intellektual, ekspert səsləndirməyib. Yaxud, hansısa fransız Lacivərd sahildə dincələn şəxsə xəsarət yetirən sürücünün bağışlanması üçün kampaniya başladarmı? Sual ritorikdir.

İşin ekoloji tərəfinə gəlincə: Rusiyanın su ilə bağlı problemi yoxdur. Sibirin bir çayı Azərbaycanın bütün illik dövriyyəsindən çox su axıdır.  Fransa isə okean və dənizlərlə əhatələnib, bəzi ərazilər xaric ciddi su qıtlığı yoxdur. Azərbaycan barədə isə bunu deyə bilmirik. Suya ən ciddi münasibət, maksimum qənaət və qoruma məhz bizdə olmalıdır. ƏN BAŞLICASI, COP29-a ev sahibliyi edəcək ölkədə kiminsə dənizi və ya sahili avtomobillə çirkləndirməsinə göz yumulmamalıdır. Çimərliyə maşınla daha yaxın getmək amisiyasını isə hər kəs öz ürəyində saxlamalıdır.

Vüqar

ŞƏRH YAZ
Ad

E-mail

Şərh