Elektrik mühərrikli avtomobillərə keçid niyə vacibdir? - FOTO
Son illər dünyada elektrik mühərrikli avtomobillərin istehsalı genişlənib. Genişlənməyə səbəb isə artan davamlı tələbatın olduğu göstərilir. Azərbaycanda da elektromobillərə maraq son illər artmaqda davam edir. Əvvəllər yenilik kimi qəbul edilən bu avtomobillərə maraq gündən-günə çoxalır. Mütəxəssislər deyir ki, planetdə hökm sürən iqlim dəyişikliyi fonunda dünyada elektromobilə keçid ekoloji tarazlığın qorunmasına xidmət edir. Bu, ekoloji mühitin qorunması, nəqliyyat emissiyalarının azaldılması və daha təmiz nəqliyyat növlərinin təşviqi ilə bağlı çağırışların tərkib hissəsidir. Ölkəmizdə elektrik mühərrikli avtomobillərə tələbat artsa da, buna keçid hələ ki ləng şəkildə davam edir. Hökumət isə keçidi sürətləndirmək məqsədi ilə bəzi tədbirlər həyata keçirir.
Avtosfer.az xəbər verir ki, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov açıqlamasında deyib ki, ənənəvi enerji ilə - daxili yanma və dizel mühərrikləri ilə işləyən bütün avtomobillər müxtəlif çirkləndiricilərin mənbəyidir.
Onun sözlərinə görə, benzin və dizel mühərrikli avtomobillərin işlədiyi zaman atmosferə külli miqdarda karbon qazı (CO2) atılır: "Karbon qazının atılması çox güclü istixana effekti yaradaraq Yer kürəsində temperaturun istiləşməsinə gətirib çıxarır. Bunun da ardınca çoxlu fəsadlar əmələ gəlir. Məsələn, su ehtiyatlarının çatışmazlığı, təbii fəlakətlər və iqlim dəyişmələri ilə bağlı olan bütün digər təsirləri buraya daxil etmək olar. Çox maraqlıdır ki, avtomobillərin hərəkəti bu gün dünyada, xüsusilə Azərbaycanın özündə karbon emissiyalarının əsas mənbəyidir. Əlbəttə ki, bu da planetimizdə iqlim dəyişmələrini sürətləndirir və ona təkan verir".
Qeyd edildiyi kimi, ekologiyanı çirkləndirən əsas mənbələrdən biri də havaya zərərli maddələri buraxan nəqliyyat vasitələridir. Odur ki, avtomobil sənayesində baş verən yenilik atmosfer qatının mühafizəsində böyük rol oynamaqdadır. Azərbaycan bu sənaye inqilabına hələ ki idxalçı qismində yanaşır. Amma müşahidələr onu deməyə əsas verir ki, ölkəmizdə elektrik mühərrikli nəqliyyat vasitələrinin istehsalı gələcəkdə idxal asılılığını minimuma endirəcək. Tələbata gəldikdə isə, ötən il Azərbaycana ümumilikdə 125,2 milyon dollar dəyərində 3 102 ədəd elektrikli avtomobil idxal olunub. 2022-ci illə müqayisədə ölkəyə idxal olunan elektromobillərin sayı 2616 ədəd və ya 6,3 dəfə artıb. Bu dövrdə elektrikli avtomobil idxalına çəkilən xərc 2022-ci ilə nisbətən 107,6 milyon dollar və ya 7 dəfə artıb. Bu ilin yanvar-may aylarında isə Azərbaycana ümumilikdə 53,5 milyon dollar dəyərində 1250 ədəd elektrikli avtomobil idxal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə idxal olunan elektromobillərin sayı 438 ədəd və ya 54 % artıb. Bu dövrdə elektrikli avtomobil idxalına çəkilən xərc ötən ilin 5 ayına nisbətən 19,1 milyon dollar və ya 55,6% artıb.
Ekspert bildirib ki, elektrik mühərrikli avtomobillərin işlədiyi bir şəhərdə havanın keyfiyyəti əhəmiyyətli dərəcədə təmiz olur: "Çünki Azərbaycanda istixana qazlarının əsas mənbəyi elə avtomobillərdir. Deməli, elektrik avtomobilləri ilə işləyən zaman hava keyfiyyəti təmiz olacaq. Digər tərəfdən, elektrik avtomobilləri üçün hərəkət dayanıqlı enerjidən alına bilir. Dayanıqlı enerji dedikdə, yəni külək və Günəş enerjisini nəzərdə tuturam. Əgər avtomobil külək və Günəş enerjisindən alınmış elektriklə işləyirsə, buna dayanıqlı və ya yaşıl nəqliyyat deyilir. Bu, ona görə vacibdir ki, biz bununla həm nəqliyyatın hərəkətini, həm də dayanıqlı sürətini təmir edə bilərik və bununla da atmosferə zərərli tullantıların atılmasının qarşısını almış olarıq. Artıq bu, Qərb ölkələrində çox geniş şəkildə tətbiq edilir".
Azərbaycanda bu istiqamətdə iri layihələrin həyata keçirildiyini xatırladan ekspert söyləyib ki, bunlar hamısı ekoloji tarazlığın qorunması və havanın çirkləndirilməsinin qarşısının alınmasına hesablanıb:
"Azərbaycan özünün milli töhfə sənədini hazırlayır. Milli töhfə sənədində 2050-ci ilə qədər karbon emissiyalarının azaldılması üçün qarşıya qoyulan hədəflər yer alıb. Məsələn, elektrik mühərrikli avtomobillərin inkişafına yardımlar və s. Bu işlərə artıq start verilib. Amma bir məsələni də qeyd edim ki, elektrik mühərrikli avtomobillər infrastruktur tələb edir. Bu, çox bahalıdır. Təsəvvür edin, Bakıdakı avtomobillərin hamısı cərəyana qoşulsa, nələr yarana bilər. Elektromobillər üçün infrastruktur çox bahalıdır, eynilə külək və Günəş elektrik enerjilərinə keçid kimi çox bahalıdır. Buna görə də Azərbaycanın ev sahibliyi edəcəyi COP-29-da yaşıl maliyyə mexanizmlərinin yaradılması, yaşıl maliyyə mənbələrinin tapılması əsas məsələ kimi qoyulub. Ehtimalıma görə, gələcəkdə ölkənin digər iqtisadi-siyasəti də ondan ibarət olacaq ki, yaşıl və dayanıqlı iqtisadiyyata investisiya yatıran şirkətlər üçün hansısa bir güzəştlər - vergi, yaxud da gömrük güzəştləri tətbiq edilsin".
Qeyd edək ki, elektrik mühərrikli nəqliyyat vasitələrinə ictimai sərnişindaşımada da üstünlük veriləcək. Bir neçə gün əvvəl ölkəmizdə avtobus parkının yerli istehsal hesabına təmin edilməsi məqsədilə Çinin “BYD Company Limited” (BYD) şirkəti ilə Çərçivə sazişi imzalanıb.Çərçivə sazişi elektrik mühərrikli avtobusların alınmasını, onlara xidmətin göstərilməsini, ölkəmizdə istehsalın qurulmasını və lokallaşdırılmasını nəzərdə tutur. Saziş çərçivəsində BYD şirkəti ölkəmizdə əlavə dəyər zəncirinin inkişaf etdirilməsi məqsədilə yeni istehsal sahələrinə də investisiya qoymağı nəzərdə tutur. Belə ki, şirkətlə 2026-ci ildən aşağı tonnajlı yük elektrik avtomobillərinin, kommunal təsərrüfat üçün elektrik mühərrikli avtonəqliyyat vasitələrinin, elektrik mühərrikli minik avtomobilinin istehsalı və 2028-ci ildən isə elektrik enerjisinin saxlanması üçün batareyaların yığımı kimi sahələrdə əməkdaşlıq planlaşdırılır. Bu layihələrə şirkət tərəfindən ümumilikdə təqribən 60 milyon ABŞ dolları məbləğində əlavə investisiyanın qoyulması planlaşdırılır. Ölkə Prezidentinin müvafiq Sərəncamı ilə elektrik mühərrikli avtobusların ölkəmizdə bu sahədə istehsalı həyata keçirəcək şirkətdən alınmasına qərar verilib. Azərbaycanda elektrik mühərrikli avtobus istehsalı müəssisəsi fəaliyyətə başladıqdan sonra isə tələbat daxili istehsal hesabına ödəniləcək.
Hazırkı mərhələdə “BakuBus” MMC tərəfindən BYD şirkətindən 160 ədəd elektrik mühərrikli avtobus və 100 ədəd enerjidoldurma aparatı alınacaq. Avtobusların 2024-cü il 31 oktyabr tarixinədək mərhələli şəkildə gətirilərək Bakı şəhərində marşrut xəttinə çıxarılması planlaşdırılır. BYD ilə əməkdaşlıq çərçivəsində 2025-ci ildə yerli istehsalın qurulması və ehtiyat hissələrinin mərhələli şəkildə lokallaşdırılması planlaşdırılır. Lokallaşdırılmanın 2030-cu ilədək avtobusların ümumi maya dəyərinin 40%-ni təşkil etməsi nəzərdə tutulur. Layihə ilə bağlı müqavilənin bu ilin sentyabr ayında imzalanması planlaşdırılır.
Çinin BYD şirkəti tərəfindən Sumqayıt Kimya Sənaye Parkında qurulacaq zavodda elektrik mühərrikli avtobusların istehsalına ilkin olaraq 34 mln. ABŞ dolları həcmində investisiyanın qoyulması nəzərdə tutulub. Şirkət tərəfindən daxili tələbat və ixrac imkanları nəzərə alınmaqla illik istehsal həcminin 500 ədəd olması nəzərdə tutulur.
(iqtisadiyyat.az)