Reklam

Fərdi, yoxsa şirkət taksiləri daha təhlükəlidir?

Öyrənək 9 Sentyabr 2019 13:27 Oxunub 3614
Fərdi, yoxsa şirkət taksiləri daha təhlükəlidir?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xidmət qiymətlərindəki inanılmaz fərqin ƏSAS SƏBƏBİ

Sərnişindaşımada əsas yerlərdən birini tutan taksi xidmətləri artıq bir neçə ildir ki, Azərbaycanda ictimai nəqliyyat sistemində öz sözünü deyir. Belə ki, hazırda ölkədə 60 dan çox taksi xidməti ilə məşğul olan şirkət mövcuddur. İnsanların rahat şəkildə istədikləri ünvana çatmasını təmin edən bu şirkətlərin ənənəvi fərdi taksilərdən fərqi əsasən qiymətlərdə özünü göstərir. Məhz buna görə də böyük marağa səbəb olan həmin şirkətlər paytaxt Bakıda, Sumqayıtda və Gəncədə fəaliyyət göstərirlər. Bəs həmin şirkətlərdə qiymətlər nəyə əsasən tənzimlənir? Qiymətlərin təyin olunmasına Tarif Şurası nəzarət edirmi? Taksi xidmətlərinə qəbul edilən sürücülər tibbi və psixoloji yoxlanışdan keçirlərmi?

Lent.az bu suallar ətrafında araşdırma apardı. Mövzu ilə əlaqədar paytaxtda fəaliyyət göstərən taksi xidmətlərindən birinin maliyyə direktoru Fərid Abdulzadə Lent.az -ın suallarını cavablandırıb. Xidmət əməkdaşı verdiyi açıqlamada sürücülərin yalnız psixoloji yoxlanışdan keçdiyini, avtomobillərin isə texniki sazlığının yoxlanılmadığını bildirdi:

“Bizdə minimal qiymət 2.60 azn-dən başlayır. Məsafə artdıqca hər kilometrin də qiyməti azalır. Yollarda tıxac olduqda, iş saatlarında qiymətlərdə dəyişiklik edilir. Bu da yanacaq sərfiyyatı ilə əlaqədardır. Əksər şirkətlərdə sürücülər şirkətin proqramını telefona yükləməklə fəaliyyətə başlayırlar. Bu zaman onlar heç bir yoxlamadan keçirilmir. Ancaq biz buna qarşı olaraq, sürücünü psixoloji və təcrübi yoxlamadan keçiririk. Avtomobilin yalnız rahatlıq dərəcəsinə nəzər yetiririk. Texniki sazlığı yoxlanılmır. Sürücülər onsuz da noviqator cihazı ilə şəhərdəki ünvanları öyrənə bilir, buna qadağa yoxdur. Ancaq buna baxmayaraq, yenə də onların şəhəri tanımaq səviyyəsi tərəfimizdən yoxlanılır. Hər hansı qəza baş verdikdə isə avtomobil sahiblərinin icbari sığortası ilə istər mülkə, istərsə də sağlamlığa dəyən zərər ödənilir. Bu zaman şirkət tərəfindən hər hansı ödəniş edilmir”.

Digər taksi xidmətlərindən birinin marketinq-meneceri Coşqun Laçınzadə Lent.az açıqlama verərkən qiymətlərin orta bazar göstəricilərinə əsasən müəyyən olunduğunu qeyd edib. Marketinq-menecer şirkətin təyin etdiyi qiymətlərin müştərilərdə heç bir narazılıq yaratmadığını bildirib: “Çalışırıq qiymətlərdə nə yuxarı nə aşağı rəqəm təklif etməyək. Çünki aşağı qiymətlərlə də yüksək xidmət göstərmək mümkün deyil. Sürücülərimiz əməkdaşlığa götürülərkən tibbi və psixoloji yoxlanışdan keçirilir. 2003-cü ildən aşağı olan və sovet maşınlarını, ümumiyyətlə götürmürük”.

Şirkətlərin birində çalışan taksi sürücüsü Fərid Abdulzadə dövlət tərəfindən texniki baxışın keçirildiyi üçün texniki sazlığın yoxlanılmadığını bildirdi. Bu sürücü də hər hansı qəza zamanı şirkət tərəfindən ödəniş edilmədiyini diqqətə çatdırdı. Belə aydın olur ki, müştəri avtomobildə olduğu halda baş verən qəzalarda şirkət heç bir məsuliyyət daşımır. Bəs görəsən doğrudanmı belə olmalıdır?

Məsələ ilə bağlı Lent.az -a açıqlama verən yol-nəqliyyat eksperti Ərşad Hüseynov taksi avtomobillərinin xüsusi yoxlanışdan keçirilməsi ilə bağlı müvafiq dövlət qanunlarının olduğunu bildirdi:

“Avtomobil Nəqliyyatı Haqqında qanuna və Nazirlər Kabinetinin 71 saylı qərarına əsasən hər bir taksi avtomobili reysdən qabaq texniki baxışdan, onun sürücüsü də tibbi baxışdan keçməlidir. Qanunvericiliyə əsasən bunların məsuliyyəti daşıyıcıların üzərinə qoyulub. Daşıyıcılar da iki yerə bölünür, fərdi taksilər və şirkətlər. Çox təəssüf ki, qanunvericiliyin həmin müddəası real icra olunmur. Səbəbi bu sahənin nəzarətsiz qalmasıdır. İstər Bakıya, istərsə də rayonlara baxsaq görərik ki, istismara ən yararsız olan maşınlar da taksi fəaliyyəti ilə məşğuldurlar. Taksi şirkətləri xidmətə götürdükləri sürücünü də, avtomobili də tam yoxlanışdan keçirməlidir. İctimai nəqliyyatın bir növü kimi həm sərnişinlərin təhlükəsizliyi, həm qəzalardan nisbətən sığortalanmaq, həm də kompensasiya ödəməkdən qurtulmaq üçün bunlar vacibdir. Baş verən qəza zamanı kim təqsirlidirsə o tərəf də dəyən zərəri ödəyir. Taksi daşıyıcıları ilə bağlı iki sığorta var: nəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası və taksilərdə, ümumiyyətlə sərnişindaşımalarda fərdi qəza sığortası. Mülki məsuliyyətin icbari sığortası sürücülərin mütləq əksəriyyətində var. Qəza baş verdikdə təqsirlinin kim olduğu müəyyən edilir və ödənişin kimin verəcəyi bilinir. Amma məndə olan məlumata görə, çox təəssüf ki, fərdi qəza sığortası barədə vəziyyət yaxşı deyil. Taksi sürücülərinin, şirkətlərin əksəriyyəti bu növ sığortanı etmirlər, buna dırnağarası baxırlar”.

Ərşad Hüseynov taksi xismətlərində qiymətlərin sərbəst olduğunu, əksər ölkələrdə də bu sahənin nəzarətsiz qaldığını bildirib: “Əksər dünya ölkələrində taksi qiymətləri sərbəst bazar münasibətləri əsasında formalaşır. Amma nadir variantlar da var ki, orada dövlət tənzimləyir. Azərbaycanda da taksi qiymətlərini dövlət tənzimləmir. Taksi qiymətlərini bazar özü təyin edir. Bu qiymətlər də, maliyyə-xidmət baxımdan stabilliyi olan ölkələrdə illik inflyasiyaya uyğun olaraq dəyişə bilir. Həmçinin önəmli tədbirlər zamanı, qarlı havada yollar təhlükəli olanda, turistlər gələndə və.s qiymətlərdə dəyişiklik olur. Ancaq ümumi götürəndə taksi xidmətlərindəki stabil qiymətlər həm sərnişinlər, həm də şirkətlər üçün normaldır”.

Fərdi şəkildə taksi fəaliyyəti ilə məşğul olanlar da qiymətlərin təyin olunma səbəbləri barədə aydınlıq gətirdilər. Onların sözlərinə görə, taksi xidmətlərinin qiymət baxımdan əlçatan olması, fərdi taksilərin də aşağı qiymət təklif etməsinə səbəb olub. Həmçinin sürücülər qiymət təyin edərkən, tək yanacaq sərfiyyatının deyil, maşının texniki sazlığının da nəzərə alındığını bildirdilər. Bundan əlavə, taksi sürücüləri şirkət sürücülərinin gedilən ünvandan fərdi taksilərdən fərqli olaraq müştəri ilə qayıtmasının da qiymətlərə təsir etdiyini söylədilər.

Qiymətlərə dövlət tərəfindən nəzarət edilib-edilməməsi barədə İqtisadiyyat nazirliyinin mətbuat katibi Abbas Əliyev Lent.az -a münasibət bildirib.

Dövlət rəsmisi ölkədə fəaliyyət göstərən taksi xidmətlərinə Tarif Şurası tərəfindən nəzarət edilmədiyini bildirdi.

Ekspertin verdiyi açıqlamadan da göründüyü kimi, avtomobillərin texniki sazlığının yoxlanılması barədə dövlət qanunu mövcuddur. Ancaq şirkətlrin bu qanunlara tam riayət etmədiyi məlum oldu. Həmçinin əməkdaşlar Ərşad Hüseynovun bəhs etdiyi fərdi qəza sığortasının adını belə çəkmədilər və avotomobil sahibinin icbari sığortasının yetərli olduğunu bildirdilər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh