İyunun 3-ü Ümumdünya Velosiped Günüdür
2018-ci il aprelin 12-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası hər ilin 3 iyun tarixini Ümumdünya Velosiped Günü elan edib.
Avtosfer.az xəbər verir ki, bu tarixin BMT-nin dünya və beynəlxalq günləri siyahısına daxil edilməsinin məqsədi Baş Assambleyanın velosipeddən bədən tərbiyəsi vasitəsi kimi istifadəni təşviq etmək, sağlamlığın və rifahın yaxşılaşdırılması, ətraf mühitin deqradasiyasının qarşısının alınmasıdır. Təşkilat qəbul olunan qətnamədə üzv dövlətləri iyunun 3-də cəmiyyətdə velosipedsürmə mədəniyyətinin formalaşdırılmasına, velosipedçilərin və piyadaların təhlükəsizliyinin artırılmasına yönəlmiş tədbirlər keçirməyə çağırır.
Qeyd edək ki, Qafqazın yeganə velosiped zavodu İsmayıllı rayonunun mərkəzindən 6 kilometrlik məsafədə, Diyallı kəndində yerləşir. Müəssisədə həvəskar və peşəkar idmançılar, böyüklər və balacalar üçün müxtəlif tipli velosipedlər istehsal edilir. “Made in Azerbaijan” brendi ilə istehsal olunan hər velosipedə 1 illik zəmanət verilir.
Bundan başqa, ölkəmizdə mütəmadi olaraq beynəlxalq və yerli səviyyədə velosiped yürüşləri keçirilir. 2023-cü ildə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin (MSN) Velosiped İdman Klubu, Azərbaycan Respublikasının Gənclər Fondu və "Gənclərin maarifləndirilməsinə dəstək" İctimai Birliyinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş velosiped yürüşü təşkil edilib. Sonuncu belə tədbir isə dünyada iqlim dəyişikliyinə qarşı qlobal mübarizə tədbirlərinin sistemli olaraq aparılması fonunda, habelə ölkəmizdə cari ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi çərçivəsində Respublika Diaqnostika Mərkəzinin Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü və Azərbaycan Velosiped Federasiyasının dəstəyi ilə 2024-cü il mayın 12-də Dənizkənarı bulvarda yeni salınmış velosiped zolağı ilə “Azneft” dairəsindən Dəniz vağzalınadək ərazidə velosiped yürüşü olub. Onun keçirilməsinin əsas məqsədi ətraf mühitin qorunmasında ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi olan velosipedin istifadəsinə üstünlük verilməsi zərurətini şəhər ictimaiyyətinə aşılamaq və sağlam həyat tərzinin təbliği yolu ilə maarifləndirmə işləri aparmaqdan ibarət olub.
(AZƏRTAC)