Maşın sürəndə həm solunuzda, həm də sağınızda avtomobil olmamağına çalışın – Sürücülərə TÖVSİYƏ - VİDEO

Bakıda sürücülərin ən çox təkrarladığı təhlükəli vərdişlərdən biri yenidən gündəmə gətirilib.
Avtosfer.az xəbər verir ki, qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov “AvtoFM”in efirində sürücülərin tez-tez tələyə düşdüyünü bildirib və bunun ağır nəticələrə səbəb ola biləcəyini vurğulayıb.
Məşqçi deyib ki, xüsusən də orta sürətli və nisbətən boş yollarda sürücülər “tələ” adlandırılan riskli vəziyyətə bilmədən düşürlər:
“Çalışın ki, həm sağınızda, həm də solunuzda eyni anda avtomobil olmasın. Siz də onların arasında, ortada getməyin. Çünki hər iki avtomobilin qabağına qəfil maneə insan və ya hər hansı obyekt çıxsa, hər ikisi eyni anda tormozlayıb istiqamətini dəyişəcək və ortada gedən sürücünün zərbəyə məruz qalması qaçılmaz olacaq”.
Aqil Rəhimov bildirib ki, bu sözləri dəfələrlə izah etməsinə baxmayaraq, sürücülərin böyük qismi hələ də eyni səhvi təkrarlayır. O, təlim zamanı Heydər Əliyev prospektində baş verən konkret nümunəni də misal gətirib:
“Tələbə ilə gedirdik. Sağ tərəfdə avtobus dayanmışdı və eyni anda bizimlə paralel maşın gəlirdi. Tələbəyə dedim ki, “qazdan ayağını çək”. Çünki biz üçümüz - avtobus, paralel gedən maşın və biz, eyni xəttə düşsək, avtobusun qabağından qəfil adam qaçanda ortada olan sürücü panikaya düşüb maşını idarəedə bilməyəcək və zərbə qaçılmaz olacaq”.
Məşqçi vurğulayıb ki, sürücülərin böyük əksəriyyəti avtobusların qabağından adam çıxacağı ehtimalına düzgün reaksiya vermir və bu da ən ciddi qəza səbəblərindən biridir.
Eltac Zülfüqaroğlu














