Motosiklet və mopedlərin yanma səbəbləri nədir? - Mütəxəssislərdən ətraflı izah

Öyrənək 4 Oktyabr 2024 17:30 Oxunub 618
Motosiklet və mopedlərin yanma səbəbləri nədir? - Mütəxəssislərdən ətraflı izah
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxt küçələrində motosiklet və moped sürücülərinin sayı getdikcə çoxalır. Xüsusilə kuryer fəaliyyətiylə məşğul olan gənclərin bu nəqliyyat vasitəsinə marağı yüksəkdir. Motosiklet və mopedlərin avtomobillə müqayisədə qat-qat ucuz və həcminin kiçik olması onlara seçim üstünlüyü yaradır.

Təəssüf ki, moto sürücülər arasında təcrübəsiz və qaydalara riayət etməyənlər kifayət qədərdir. Hətta son illərə nəzər salsaq motosiklet və mopedlərin iştirakıyla baş vermiş yol-nəqliyyat hadisələrinin çox olduğunu görə bilərik. Qeydə alınan qəzaların bir qismi yanğınla belə nəticələnir.

Özəlliklə, son aylar sürücülərin sükan arxasında olarkən motosikletin (moped) anidən alışaraq yanması hallarına rast gəlinir. Təbii ki, yanğına səbəb müxtəlif hallardan qaynaqlana bilər.

Fövqəladə Hallar Nazirliyinin rəsmisi Ehtiram Xəlilov mövzuyla əlaqədar Avtosfer.az-a bidlirib ki, digər nəqliyyat vasitələrində olduğu kimi motosiklet və mopedlərdə də yanğın hadisələrinin baş verməsi faktlarına da rast gəlinir. “Motosiklet və mopedlərin tez alışan materiallarla – benzin, yağ, rezin, parça, elektrik naqilləri və sair dolu olduğu üçün onları yanacaq anbarına bənzətmək olar. Bu səbəbdən sürücülər son dərəcə ehtiyatlı olmalı, yanğın təhlükəsizliyi qaydalarına əməl etməlidirlər.”

E. Xəlilovun sözlərinə görə, motosiklet və mopedlərin yanmasının səbəbi texniki istismar qaydalarının pozulması, elektrik təsərrüfatında qısa qapanmalar, qızmadır. “Sürücülərin nəqliyyat vasitəsinin elektrik sisteminə müdaxiləsi yolverilməzdir. Standarta uyğun olmayan lampaların quraşdırılması və qeyri-standart naqillərdən istifadə edilməsi motosikletdə (moped) yanğına səbəb ola bilir.”

FHN rəsmisi onu da əlavə edib ki, nəqliyyat vasitəsinin elektrik sisteminə vaxtında qulluq göstərilməyəndə yanğın baş verə bilər. “Mütəxəssislərin sözlərinə görə, bəzən xaricdən sel suları altında günlərlə qalan motosiklet və mopedlər gətirilir. Bu da onların elektrik naqillərində eroziya yaradır və yanmaya səbəb olur.
Bəzən də naqillər müəyyən yerlərdən açılmağa başlayır. Açılmış naqil motosiklet və mopedlərin korpusuna toxunur. Toxunma olduqda isə qısaqapanma yaranır və nəticədə yanğın baş verir.”

E. Xəlilov hesab edir ki, motosikletlərin (moped) benzin çənlərindən yanacaq buraxdıqda, yaxud motordan yağ axdıqda da yanğın ola bilər. “Bu nəqliyyat vasitələrinin yanmasına daha bir səbəb isə onlara əlavə avadanlıqların quraşdırılmasıdır. Amma bu o demək deyil ki, əlavə avadanlıq quraşdırılan hər avtomobil təhlükəlidir. Təbii ki, müəyyən qaydalara əməl etməklə avtomobilə müxtəlif avadanlıqlar qoyula bilər. Motosiklet və mopedlərin yanğın təhlükəsizliyi onun sahibinin norma və qaydalarına riəyət etməsindən aslıdır.”
Mütəxəssis qeyd edib ki, bundan başqa vacib şərtlərdən biri də odsöndürənin işlək və saz vəziyyətdə olmasıdır.

““Yol hərəkəti haqqında” Qanunun 1 saylı Əlavəsinin 7-ci hissəsinə, habelə “Yanğın təhlükəsizliyi haqqında” Qanunun 7-ci maddəsinə diqqət etdikdə məlum olur ki, hər bir nəqliyyat vasitəsinin mülkiyyətçisi (sahibi) öz mülkiyyətində (istifadəsində) olan nəqliyyat vasitələrində yanğın təhlükəsizliyi qaydalarına riayət etmək və ilkin yanğınsöndürmə vasitələri saxlamaq vəzifəsini daşıyır. Bu baxımdan köpüklü odsöndürənlər daha əlverişlidir. Həmin odsöndürənlər xüsusi maye ilə doldurulur, hansı ki müxtəlif yanan materialların söndürülməsinə imkan verir, həmçinin yüksək gərginlik altında elektrik qurğuları həmin odsöndürənləri xüsusi razılıq lisenziyası olan şirkətlərdən almamışdan əvvəl malın uyğunluq sertifikatı və istismar müddəti qeyd olunan pasport yoxlanılmalıdır. Motosiklet və mopedlərin elektrik sistemindəki texniki nasazlıq səbəbindən anidən alışdığı zaman odsöndürən balon olmadığı üçün yanğının qarşısını almaq mümkün olmur və nəticədə nəqliyyat vasitəsi yanaraq kül olur”.

FHN rəsmisi yanğın zamanı sürücülərin təhlükəsizliyi üçün riayət etməli olduğu məqamı da açıqlayıb. “Əgər motosiklet və mopedlərdə yanğın baş versə, sürücülər tez bir zamanda, həmin hadisə yerini təhlükəsiz məsafəyə 10-15 metr radiusa tərk etməlidir, çünki yanacaq çəninin partlaması mümkündür. Bu halla qarşılaşmamaq üçün isə qayda sadədir: yanğın təhlükəsizliyi qaydalarına əməl edin!”.

Motosiklet və mopedlərin təmiri ilə məşğul olan “Mafh” MMC-nin direktoru Aydın İmanov Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirib ki, yanğına başlıca səbəb sürücülərin nəqliyyat vasitəsini düzgün idarə etməməsi və texniki cəhətdən saz vəziyyətdə olan motosikletlərin (moped) alınmamasıdır. “Sürücülərin vaxtında motosikletləri (moped) servisə aparmaması gələcəkdə yanğının baş verməsinə gətirib çıxara bilər. Digər tərəfdən sürücü nəqliyyat vasitəsini təmirə aparmazdan öncə araşdırmalıdır. Düzgün usta seçimi də vacib faktordur. Təbii ki, təcrübəsiz usta seçimi yaxşı nəticə vermir. Digər vacib nüans isə, motosikletin (moped) mühərriklərinin əksəriyyəti qoruyucularla bərkidilməyib. Nəticədə kiçik bir qəzada, toxunuşda mühərrik birbaşa təmas edib əzilə bilər və alışma baş verə bilər. Yaxşı olardı ki, sürücülər motosiklet (moped) alarkən yeni və ya saz vəziyyətdə olanlara üstünlük versinlər. Ən azından bu halda qəza olarsa, yanğının baş vermə riski minimuma enir. Buna baxmayaraq sürücülər müəyyən müddət sonra ustaya müraciət etməlidirlər. Yeni alınan motosikletlər (moped) belə günün əksər saatlarında işlək vəziyyətdə olduğu üçün zamanla benzin borularında, kabellərində çürümə meydana gələ bilər. Ona görə də istənilən halda sözügedən nəqliyyat vasitələrinin yoxlanışı önəmlidir.”

Şirkət rəhbəri təəssüflə qeyd edib ki, sürücülərin 90 faizi motosikletləri (moped) vaxtında servisə aparmırlar və baxışdan keçirmirlər. “Son vəziyyətdə nəqliyyat vasitəsini təmirxanaya aparırlar, üstəlik qiymət baxımından daha ucuz ehtiyat hissələrini seçirlər. Normal qiymətə keyfiyyətli və uzunömürlü ehtiyyat hissəsi alan sürücülər olduqca azdır. Məsələn servisə yaxınlaşan müştəriyə qiyməti dediyimiz zaman adətən “Bahadır, filan yerdə daha ucuzu var” deyir. Lakin o anlamır ki, qiymət fərqi keyfiyyət fərqindən qaynaqlanır. Təbii ki, ucuz qiymətə satılan təkərlə yüksək məbləğdə təqdim edilən eyni keyfiyyətdə deyil. Halbuki sürücülər motosikletin əsas hissələrinin təkər və tormoz sisteminin olduğunu diqqət mərkəzində saxlamalıdır. Onların düzgün seçilməməsi isə qəza riskini artırır.”

Sonda mütəxəssis moto sürücülərə tövsiyə edib ki, nəqliyyat vasitəsini istifadə etməzdən öncə mütləq şəkildə ona baxış keçirməli, işlək vəziyyətə gətirərək ehtiyat hissələrini ümumi yoxlamalı və əmin olduqdan sonra yola çıxmaq lazımdır.

Nərmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh