Banner

Obyektlərin ölüm saçan reklam lövhələri: “Qanun daha da sərtləşdirilməlidir” – Ekspertdən AÇIQLAMA

Öyrənək 6 Yanvar 2025 19:48 Oxunub 608
Obyektlərin ölüm saçan reklam lövhələri: “Qanun daha da sərtləşdirilməlidir” – Ekspertdən AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Müasir şəhər həyatında nəqliyyat axınının idarə olunması və reklam sənayesinin inkişafı mühüm məsələlərdən biridir. Yol hərəkətinin təhlükəsizliyini təmin etmək üçün müəyyən qaydalar tətbiq edilsə də, reklam lövhələrinin düzgün və qanunauyğun şəkildə yerləşdirilməsi bu prosesin ayrılmaz hissəsinə çevrilib. Şəhər küçələrində, magistral yollarda və yol kəsişmələrində müxtəlif ölçülü və formatlı reklam lövhələrinə tez-tez rast gəlmək mümkündür. Lakin bu lövhələrin bəzən nizamsız və hətta təhlükəli yerlərdə quraşdırılması sürücülərin diqqətini yayındırır, yol nişanlarının görünməsini çətinləşdirir və nəqliyyat qəzalarının sayını artırır.

Avtosfer.az xəbər verir ki, reklam bazarının böyüməsi və şirkətlərin öz məhsullarını daha geniş auditoriyaya təqdim etmək istəyi bu sahədə nəzarətin gücləndirilməsini zəruri edir. Yol kənarında yerləşdirilən reklam lövhələri yalnız kommersiya məqsədi daşımamalı, həm də ictimai təhlükəsizliyi nəzərə alaraq quraşdırılmalıdır.

Nəqliyyat eksperti Fərhad Eyyubov mövzu ilə bağlı saytımıza açıqlamasında bildirib ki, sürücülərin diqqətinin iki növü var: aktiv diqqət və passiv diqqət.

 

“Aktiv diqqət - sürücünün yolda hərəkət etdiyi zaman onun hərəkətinə biləvasitə kömək edən diqqətdir. Bunun sayəsində sürücülər yol nişanlarını, nişanlama xətlərini və digər göstəriciləri düzgün müəyyən edir və məqsədə doğru hərəkət edir.

Passiv diqqət isə reklam lövhələrinin və digər cəlbedici görüntülərin sürücünün diqqətini yayındıran təsiridir. Passiv diqqət zamanı sürücülər reklamlar və şəkillər üzərində diqqətlərini cəmləyir, bu isə onların konsentrasiyasının yoldan yayınmasına və məqsədlərindən çəkinmələrinə səbəb olur. Bu da, təbii ki, qəza hadisələrinin artmasına gətirib çıxara bilər”.

Ekspert qeyd edib ki, yol nişanlarının sayı da diqqətin yayınmasına səbəb olur:

“Yol nişanları müəyyən sahədə 4-dən artıq yerləşdirilə bilməz. Çünki nişanların çoxluğu sürücünün diqqətini yayındırır və onları düzgün qavraması üçün daha çox vaxt tələb edir.

Bu səbəbdən, reklam lövhələrinin yerləşdirilməsi də müəyyən qaydalara tabe olmalı, reklamların sayı və yeri nizamlı olmalıdır.

Yolun gərgin nöqtələrində və çətin vəziyyətlərində reklamların yerləşdirilməsi məqsədəuyğun deyil. Reklamlar çox olduğu zaman passiv diqqət artar və bu da sürücülərin idarəetməsini çətinləşdirər. Nəqliyyat vasitələrinin üzərindəki reklamlardan da çox istifadə etmək düzgün deyil, çünki bu da digər sürücülərin passiv diqqətini yayındıra bilər.

Nəticə etibarilə, reklamların yerləşdirilməsində balansın qorunması vacibdir. 4-5 reklamı bir yerdə yerləşdirmək qətiyyən yolverilməzdir, çünki bu, sürücülərin diqqətini daha da yayındıra, avtomobilin idarəetməsinin itirilməsi nəticəsində ağır qəzalara səbəb ola bilər”.

Fərhad Eyyubov sonda onu da vurğulayıb ki, Azərbaycanda reklamların yerləşdirilməsi standartları daha da sərtləşdirilməli və düzgün tənzimlənməlidir:

“Azərbaycan Respublikasının qanunvericiliyi yol hərəkəti təhlükəsizliyini təmin etmək məqsədilə reklam lövhələrinin yerləşdirilməsi ilə bağlı xüsusi tələblər müəyyən edir. "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununda bu məsələlərlə bağlı müddəalar yer alır.

Bundan əlavə, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi (ADRA) tərəfindən müəyyən edilmiş qaydalara əsasən, reklam qurğularının binaların fasadlarında, eyvanlarda və digər yerlərdə yerləşdirilməsi zamanı xüsusi tələblərə riayət olunmalıdır.

Bu qaydalar reklam lövhələrinin həm şəhər estetikası ilə uyğunluğunu, həm də yol hərəkəti iştirakçılarının təhlükəsizliyini qorumaq məqsədi daşıyır”.

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh